Qaynar xətt:

(+99450) 247 90 86

“20 Yanvar həm faciə, həm də milli istiqlaliyyət yolunda xalqımızın qətiyyətli mübarizəsinin simvoludur” – Millət vəkili   

news/2026_01_19/rizvan_nebiyev_1_1768829043.jpg

MÜSAHİBƏ

1585

19.01.2026, 20:57

Azərbaycan xalqının azadlıq mücadiləsi tarixində elə anlar var ki, onlar millətin taleyini və gələcək simasını müəyyən edir. 1990-cı ilin 20 Yanvarı məhz belə bir dönüş nöqtəsidir. Artıq o qanlı və şanlı gecədən 36 il keçir. Bu tarix bizim üçün təkcə itkilərimizə kədərləndiyimiz hüzn günü deyil, həm də milli mənliyimizi hərbi güclə sarsıtmaq istəyən nəhəng bir imperiyaya qarşı göstərdiyimiz sarsılmaz dirənişin simvoludur. Həmin gecə Bakının küçələrində axan şəhid qanı, əslində, Azərbaycanın müstəqillik bəyannaməsinin yazıldığı ilk mürəkkəb idi. Silahsız xalqın rejim qarşısında geri çəkilməməsi, bütün dünyaya sübut etdi ki, azadlıq eşqi istənilən polad səddən daha güclüdür. 20 Yanvar hadisələri milli birliyimizin sınağı, xalqın öz müqəddəratını təyin etmək yolunda verdiyi ən böyük mənəvi qurban idi. Bu gün suverenliyi bərpa olunmuş, bayrağı bütün dünyada dalğalanan qüdrətli Azərbaycanın siyasi və ideoloji təməllərində həmin gecə nümayiş etdirilən polad iradə dayanır.

Bəs 20 Yanvar faciəsi Azərbaycan xalqının milli şüurunun formalaşmasında və müstəqillik ideyasının möhkəmlənməsində hansı həlledici rolu oynadı?

Oxu24.com-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, 20 Yanvar həm faciə, həm də milli istiqlaliyyət yolunda xalqımızın qətiyyətli mübarizəsinin simvoludur:

“1990-cı ilin yanvarında törədilən qətliam təkcə insan itkisi ilə ölçülən faciə deyildi. Bu hadisə azərbaycanlıların öz şərəfini qorumaq, azadlıq və istiqlaliyyətinə yenidən qovuşmaq naminə ağır itkilərələ belə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Məhz həmin gecə xalqın milli ləyaqəti hərbi gücə qalib gəldi və bu, 20 Yanvarın əsas mahiyyətini təşkil edən amillərdən biridir.

1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi oldu. Belə ki, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və suverenlik uğrunda aparılan milli azadlıq hərəkatının kulminasiya nöqtəsi kimi tarixə həkk olundu. Bu qanlı hadisələrdən sonra azadlıq hərəkatı dönməz siyasi xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycan dövləti ilə bağladı. Eyni zamanda, faciə Azərbaycan milli kimliyinin formalaşmasına və diasporumuzun təşkilatlanmasına güclü təkan verdi. Dünya azərbaycanlıları milli faciəmizin beynəlxalq miqyasda tanıdılması üçün yaşadıqları ölkələrdə fəal şəkildə bir araya gəldilər, haqq səsimizi ucaltdılar”.

Millət vəkili xatırladıb ki,1990-cı il yanvar hadisələrinə aparan proseslər də 1987-ci ildən etibarən azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası və o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi cəhdlərinin genişlənməsi ilə sürətlənmişdi:

“Gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı qabaqcadan planlaşdırılmış, insanlıq əleyhinə cinayət törətdi. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin və digər xüsusi təyinatlı birləşmələrin 66 mindən artıq şəxsi heyəti Bakıya və respublikanın bir sıra bölgələrinə yeridildi. Ordu hissələrinin tərkibinə Sovet İttifaqının müxtəlif bölgələrindən, o cümlədən erməni mənşəli zabit və hərbçilərin cəlb edilməsi bu əməliyyatın məqsədli xarakter daşıdığını açıq şəkildə göstərirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, şəxsən Baş katib Mixail Qorbaçovun əmri ilə həyata keçirilən hərbi müdaxilə nəticəsində qadın, uşaq, qoca demədən yüzlərlə dinc sakin ağır texnika və müxtəlif silahlardan atəşə tutularaq qətlə yetirildi. Bu, beynəlxalq hüququn, insan hüquqlarının eləcə də humanizm prinsiplərinin kobud şəkildə pozulması idi”.

Rizvan Nəbiyev vurğulayıb ki, 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi:

“Hadisədən bir gün sonra – 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edən Heydər Əliyev Sovet rəhbərliyinin bu qanlı əməlinə açıq etiraz etdi, günahsız insanların qətlini bütöv bir xalqa qarşı törədilmiş tarixi cinayət kimi səciyyələndirdi və məsul şəxslərin adının çəkilməsini tələb etdi. Onun bu cəsarətli mövqeyi informasiya blokadasına baxmayaraq, xalq arasında böyük ümid və inam yaratdı. Ümummilli Lider SSRİ rəhbərliyinin Azərbaycana əlavə qoşun yeridilməsi qərarını sərt şəkildə tənqid edərək, bunun heç bir hərbi zərurətə əsaslanmadığını sübutlarla ortaya qoydu və həmin dövrün respublika rəhbərliyinin məsuliyyətdən yayınmasını açıq şəkildə ifşa etdi.

Respublikamıza qayıtdıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Bu qərar xalqın iradəsini ifadə edən mühüm tarixi sənəd oldu və respublika rəhbərliyindən faciəyə rəsmi qiymət verilməsi tələb edildi. Yalnız Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu məsələdə real irəliləyiş mümkün oldu.

1994-cü il martın 29-da Milli Məclisin qərarı ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda Sovet Silahlı Qüvvələrinin Bakıya və digər bölgələrə yeridilməsi totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, günahkarlar konkret göstərildi və faciənin xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi təsbit olundu”.

Millət vəkili 20 Yanvar hadisəsinin  həm hüzn, həm də qürur günü olduğuna diqqət çəkib:

“Bu tarix Azərbaycan xalqının azadlıq iradəsinin, milli birlik və ləyaqətinin sarsılmazlığını beynəlxalq birliyə sübut edən unudulmaz tarixi hadisədir.

Bu gün əminliklə demək olar ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb, onların uğrunda canlarını qurban verdikləri amala xalqımız nail olub. Azərbaycan müstəqilliyini qazanmaqla yanaşı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və xalqımızın  ləyaqəti bərpa olunub. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamız Vətənimizin vaxtı ilə işğal altında olan hər bir guşəsində tətbiq olunmağa başladı. İndi işğaldan azad edilmiş bütün ərazilərimizdə üçrəngli Dövlət Bayrağımız dalğalanır, genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı ardıcıl və uğurla icra olunur”.

Müsahibimiz sonda əlavə edib ki, 20 Yanvar hadisəsi həm də xalqımızın beynəlxalq münasibətlər sistemində ədalətə, suverenliyə və milli maraqlara əsaslanan xarici siyasət kursunun ideoloji təməlini möhkəmləndirdi:

“44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə isə Azərbaycan dövlətinin bu prinsipləri yalnız bəyanat səviyyəsində deyil, real siyasi və hərbi güc vasitəsilə təmin etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qətiyyətlə müdafiə etdi və BMT Təhlükəsizlik Şurasının illər boyu icrasız qalmış qətnamələrini faktiki olaraq həyata keçirdi.

Məhz bu güclü siyasi və hüquqi mövqedən çıxış edərək, Azərbaycan müharibədən sonra regionda yeni reallıqlar formalaşdırdı və xarici siyasətdə sülh, əməkdaşlıq və qarşılıqlı etimadın qurulmasını prioritet elan etdi. Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi gələcəyə yönəlmiş, Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edən praqmatik yanaşmadır.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh sazişinin paraflanması və əldə olunan digər tarixi razılaşmalar, sərhədlərin delimitasiya və demarkasiyası sahəsində nailiyyətlər və kommunikasiyaların açılması məsələsində irəliləyişlər yeni siyasi reallığın doğurduğu nəticələrdir. Bu, 20 Yanvar faciəsindən başlayan milli azadlıq yolunun 44 günlük Vətən müharibəsində hərbi-siyasi qələbə ilə nəticələndiyini, bu gün isə diplomatik müstəvidə sülh quruculuğu mərhələsinə keçdiyini göstərir.

Beləliklə, 20 Yanvarın verdiyi azadlıq iradəsi və Vətən müharibəsinin yaratdığı güclü reallıqlar fonunda Azərbaycanın xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə məsuliyyətli, prinsipial və sülhə yönəlmiş xətt üzrə inkişaf edir. Bu siyasət həm milli maraqların etibarlı təminatına, həm də regionda uzunmüddətli sabitliyin bərqərar olmasına xidmət edir”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanıb.