Qaynar xətt:

(+99450) 247 90 86

"Elçin yıxıldı, anladım ki, ona güllə dəyib, ürəyindən..."- Müsahibə   

news/2026_01_19/xiyaban_s_1768826375.jpg

MÜSAHİBƏ

294

19.01.2026, 21:50

Azərbaycanın ən hüznlü və ən qürurverici günü olan faciəsinin ildönümüdür! Xalqımız düşmənin ən ağır silahlarına, güllə və mərmiərinə tuş gəlsə də, öz müstəqilliyini, uğrunda ölümün gözünün içinə  dik bağdığı azadlığını qazandı.

Bu yolda  yüzlərlə soydaşımız öz canına qıydı.  Bu gün onlardan biri  haqqında sizə məlumat verəcəyik.

Oxu24.com-un  əməkdaşı  faciə zamanı  mənfur rus  cəlladlarının  hücumu zamanı ağır dərəcəli xəsarət alan və  23 yaşından bu günə qədər  əlil olaraq  yarımcan həyat yaşamaq məcburiyyətində qalan  Valeh Hüseynovla   söhbətləşib.

O bizə yaxından tanımadığımız, məşhur olmayan  bir şəhid  gəncdən danışır:

-Elçin Hacı Beydulla oğlu İmanovu  İnstituta daxil olduğum vaxtdan   tanıyırdım.  Oda mənim kimi N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsində oxuyurdu. Amma məndən 2 kurs yuxarı idi. Elə bir mitinq, nümayiş yox idi ki, Elçin orda iştirak etməsin. 

Onun "Topxana meşəsinin qırılması" ilə bağlı  mitinqdə  meşəni qıranlara, Qarabağı tələb edən şovinist , separatçı qüvvələrə nifrətini hayqırtısından bilmək olardı.  Seyriçi deyildi, sanki  mitinqi özü təşkil etmiş kimi öndə dayanardı, ağır şüar və plakatların daşınmasında  yorulana qədər onu heç kimə verməzdi. Elə bil azadlığın təşnəsiydi. Mitinqlərdə ara sakitləşəndə,  çay -su içilən vaxtlarda  dodağının altında Xəlil Rza Ulutürkün şeirini asta-asta  söyləyərdi. Özü üçün! Sanki   içindəki istəyini biruzə verirdi.

19 yanvarda, mən yaralandım, ayağa qalxa bilməsəm də , İnqilab küçəsində düzəltdiyimiz barrikadanın meydanını  diqqətlə  izləyirdim. Qadınlar uşaqlar, tankların atəşi altında  çaşıb  qalanda, ora - bura vurnuxanda, Elçin  tanklara qarşı çıxmağa çalışırdı. Təkcə onu görə bildim ki, hamının əqidəsinə, iradəsinə  görə hörmət bəslədiyi Elçini  düşmən gülləsi yerə yıxdı. Mən isə sonradan tapılıb təcili yardımla xəstəxanaya aparıldım, oradan da  "morq"a  yerləşdirildim. Tələbə yoldaşlarım gəlib  məni morqdan çıxartmış, hələ nəfəsimin var olduğunu görüb həkimlərə təhvil vermişdilər. 7 gün komada qalandan sonra ayıldım.  Ayılanda ilk eşitdiyim xəbər Elçinin ürəyindən güllə ilə vurulmasını və yerindəcə şəhid olduğu idi. Bu mənim qəsbkarlara qarşı  olan nifrətimi daha da artırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin...

  Xatırladaq ki, Elçin İmanov 1967-ci il avqust ayının 12-də Əli Bayramlı (indiki Şirvan ) şəhərində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik illəri həmin şəhərdə keçib. Orta məktəbi bitirdiyi il, yəni, 1984-cü ildə N.Nərimanov adma Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub. Elə həmin ildə ailəsi ilə birlikdə ata-baba yurdu Salyan şəhərinə köçüblər.

Elçin təhsilini Bakıda davam etdirib.

Doğmaları bildirir ki, Elçin daim həkim olmaq, xəstələrə şəfa vermək arzusu ilə yaşayıb.

Qardaşı Fuad İmanov isə Elçin haqqında xatirələrini belə şərh edib: Qış sessiyası idi. Elçin yanvarın 19-da növbəti imtahandan "əla" qiymət almışdı. Kefi yaxşı idi. Lakin baş verən hadisələr, bütün tələbələr kimi, onu da narahat edirdi. Söz-söhbət gəzirdi ki, rus qoşunları şəhərə girəcək. Ehtimallar düz çıxdı. Axşamüstü tələbə gənclər televizorun qarşısında oturub hadisələrin gedişini izləyirdilər. Birdən-birə televizor söndü. Elçin mənimlə və bir çox tələbələrlə  birlikdə həmin gecə də tələbə dostları arasında idik. Yataqxananın həyətində isə bir neçə avtobus dayanmışdı. Gecənin bağrını dəlib keçən güllələrdən biri də Elçin İmanova tuş gəldi.

 Qardaşı Fuad onu da vurğulayıb ki,  tələbə dostları Səlim, Cavid, Əlipaşa onu təcili yardım maşını ilə 4 saylı xəstəxanaya çatdırsalar da, həkimlər gənci xilas edə bilmədilər. Elçin 20 Yanvar gecəsi saat 12 radələrində aldığı güllə yarasından keçindi. Qardaşı, tələbə dostları gecə vaxtı çətinliklə də olsa, onu Salyana gətirdilər. Səhəri gün bütün Salyan camaatı yığışaraq şəhid Elçin İmanovu son mənzilə yola saldı.

Elçin ömrünün 23-cü baharını görmədi. Ancaq bu nakam ölümüylə gələcək tariximizə yaddaş oldu. İndi Salyan qəbristanlığında ziyarətgaha çevrilmiş Elçin türbəsi atası tərəfindən ucaldılıb. 

Ölümündən sonra Elçin İmanov "Azərbaycanın azadlığı uğrunda mübariz" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı ilə ona "20 Yanvar şəhidi" fəxri adı verildi. Salyan şəhərindəki yaşadığı küçəyə onun adı verilib.

 Əntiqə Rəşid