Qaynar xətt:

(+99450) 247 90 86

Rusların "20 Yanvar" günü öldürmək istədiyi həkim illər sonra hansı SİRLƏRİ AÇDI? —    ÖZƏL MÜSAHİBƏ

news/2026_01_19/20_yanvar_tank_1768812041.webp

MÜSAHİBƏ

531

19.01.2026, 12:40

"Yaralıydım, o dubinka ilə məni döyürdü, sonra dedi ki, "bu artıq ölüb"- ŞAHİD

 

Dişinə qədər silahlanmış sovet-rus ordusunun 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi, 137 nəfərin həyatını itirdiyi, yüzlərlə insan yaralandığı, onlarla insanın itkin düşdüyü qətliamdan artıq 36 il ötür. Amma indi də o qətliamın şahidləri üçün  o hadisə olduğu gündəki kimi bütün dəhşəti ilə və aydınca  qalıb. Sanki dünən idi, ağır tırtıllı tanklar sakit -dinc insanların üzərindən keçərək irəliləyirdi. Sanki dünən idi, qan gölməçəsinə dönmüş yolların kənarı boy-boy igidlərin cansız bədənləri ilə dolmuşdu, sanki dünən idi, hər kəs özünü unudub  ağır texnika ilə küçələrimizə qəm ələyən  “düşmən texnikasının qarşısına sədd kimi çəkilmişdi. Sanki dünən idi, gənclərin “sevginin dili” adlandırdığı al qırmızı  qərənfillər igidlərin qanına qarışaraq “şəhid çiçəyi” olmuşdu, qan ağlayırdı. 

Oxu24.com-un əməkdaşı Əntiqə Rəşid  həmin qanlı gecənin canlı şahidi ilə həmsöhbət olub.

Qanlı yanvarın şahidi Valeh həkimlə söhbət edəndə bunu bir daha  anladım. Onun hadisləri danışdıqca səsinin titrəməsindən, bəzən susub, xeyli danışa bilməməsindən, bəzən də boğazına  düyümlənmiş qəhəri ötürmək istəməsindən... Hər cümləsindən, hər kəlməsindən   sanki  o qanlı gecəni yaşayırdı. 

Həmsöhbətim  Valeh Allahverdi oğlu Hüseynov  1966 - cı ildə Bərdə rayonunda anadan olub. Şəhər 5 nömrəli tam orta məktəbi bitirib.Hərbi xidmətini  1984-86-cı ildə Moskva şəhərində başa vurub və nəhayət Vətəninə dönüb.O vaxtın gəncləri kimi  arzularının dalınca düşüb. Xöşbəxt gələcək naminə  kitablardan yapışıb.  1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olur. Amma, deyəsən, heç nə yolunda getmir,  dünya da çalxalanır, Azərbaycan da!

-1988-ci ilin əvvəllərində  meydan hərəkatı başladı və bütün tələbələr kimi, bir də gördüm ki, mitinqlərdəyəm. Könüllü, sevə-sevə,  Azərbaycanda baş verən demək olar ki, bütün mitinqlərdə iştirak edirdim. Çünki qəzetlər yazırdı, hər yerdə danışırdılar ki,  ermənilər  Stepanakertdə (Xankəndi)  mitinq keçirib. Qarabağın onların olduğunu  iddia ediblər. Səhv etmirəmsə onların ilk mitinqi fevralın 13-də olmuşdu.   Bütün tələbələr qəzəblənmişdi, erməni kimdi ki, bizim Qarabağımızı bizdən alsın!  Aradan 5-6 gün keçəndən sonra artıq biz də “Qarabağ bizimdir” şüarı ilə  mitinqlərə  qoşulmuşduq. Möhtəşəm mitinqlər idi. Sanki bütün azərbaycanlılar mitinqdə bir ailənin üzvü kimi olmuşdular. Hamı bir-birinin sanki doğması idi, əzizi idi.

- Tələbə qızlar da mitinqlərə qoşulurdu?

-Heç İnstitutda qalan olurdu ki? İnstitumuzda tələbəli, müəllimli, texniki işçili 8mindən çox  adam vardı. Hamısı meydanlarda idi. Hətta bizim 19 fevral mitinqimiz o qədər uğurlu oldu ki, həm ermənilərə , həmdə onları dəstəkləyən, onları qoruyan sovet  hökümətinə qarşı mitinqlər Bakıdan bütün rayonlara yayıldı.  Xatırlayırsınızsa, bu mitinqdən sonra Ağdamda xalqın birliyini, mübarizəsini ifadə edən bir mitinqdə Ağdam da oldu. O vaxt ilk dəfə şəhid verdik. Ümumiyyətlə, Bakıdan elə bir mitinq olmayıb ki, biz tələbələr orda olmayaq. Amma ən möhtəşəm mitinqin biri də Lenin meydanında(Azadlıq meydanı) noyabr ayında baş verdi. O vaxt , bədxah qonşularımız Şuşadakı Topxana meşəsini  qırmışdı.Erməni özbaşnalığı tək tələbələri yox,  bütün Azərbaycan xalqını qəzəbləndirmişdi. 19-20 gün küçələrdə  ermənilərin cəzalanmasını, haqqın bərqərar olması  tələblərimizi  hayqırmışıq.

- O vaxt  qədim türk torpağı olan  Qərbi Azərbaycandan soydaşlarımızın erməni  millətçi  və separatçıları tərəfindən yurdundan qovulması  hadisələrin   gərginliyini artırdı... 

- Mitinqlərin arası kəsilmirdi. 1989-cu ilin dekabr ayının ortalarında xalq arasında gəzən söhbətlərdə rus ordusunun ölkəmizə daxil olacağı və xoşagəlməz hadisələrin baş verəcəyi haqqında söz-  söhbət gəzirdi. Ona görə Bakı şəhərinin bir çox yerlərində, xüsusən, şəhərin girişlərində rus ordusunun qarşısını almaq üçün barikadalar qurulmuşdu. Mən də bu barikadaların qurulmasında  iştirak edirdim. Demək olar ki, heç evdə də gecələmirdik, meydanlarda qalmışdıq, çünki Qorbaçov hakimiyyəti də  ancaq erməniləri müdafiə edirdi, qoruyurdu.

- Bəs “qızıl ordu”nun Bakıya gəlişini hardan bildiniz?

-1990- cı il 19 yanvar,  axşam tərəfi idi. Barrikadalar qurulandamı , ya,   gecələr meydanlarda qalmaqdanmı, bərk soyuqlamışdım, qızdırmam da vardı. Tələbə yoldaşlarım məni məcburən evə göndərdi ki, get dərman at, düzəl gələrsən. Gəldim inistitutumuzun yanında kirayə qaldığım evə. Orada bacımla qalırdım . O da "Müalicə-profilaktika" fakültəsinin 3-cü kursunda oxuyurdu. Bacım məni bankələdi. Azacıq özümə gələndə bacım dedi ki, şəhərdə niyəsə qarmaqarışıqlıq var. Nəsə baş verib.

Xəstəliyimi unutdum. Əynimi geyinib, tələbə yataqxanasına getdim. Stomatologiya fakültəsinin 4-cü kurs tələbəsi vardı,   Elçin Hacı Beydulla oğlu İmanov...O, yataqxananın həyətində idi. Tələbə yoldaşım   da hazırlaşırdı ki, tələbələrin yanına getsin. Onunla  birlikdə   dərhal yoldaşlarımızın yanına getdik. Bizim barrikada keçmiş İnqilab küçəsi (Həsən Əliyev) ilə Tibilisi prospektinin kəsişməsində idi. Orada bizdən başqa Politexniki institutun (ATU),  Azərbaycan Dövlət Universitetinin (BDU) tələbələri və o həndəvərdəki əhali  də ordaydı.  Artıq gecə saatlarında -10 -11radələrində şəhərin “11-ci Qızıl Ordu dairəsi”(20 Yanvar dairəsi) deyilən istiqamətdən güllə səsləri eşidilməyə başladı. Təxminən  12-yə  15 dəqiqə qalmış bizim olduğumuz yerin tam yaxınlığındakı 5 mərtəbəli binaların damından rəngli güllələrlə bizə atəş açmağa başladılar. Bu atılan güllələr rezin güllələr idi.

 Aradan 1 neçə dəqiqə keçəndən sonra şəhərin 2 istiqamətindən  indiki 20 yanvar dairəsi tərəfindən , Alatava və “1-ci taksi matornu” deyilən  tərəfdən ağır texnika gəlməyə başladı. Bununla da rus ordusu oz çirkin niyyətlərini həyata keçirməyə  başladı.

-  Barrikadanın yanında nə baş verdi?

-Tanklar atəş açmağa başladı. Yolu kəsmək üçün  yollardakı  iri yük maşınları paramparça elədilər. Tank mərmisi "KamAZ" kimi iri yük maşının  yerindən oynadırdı. Maşınlar ətrafındakı insanların üstünə  düşürdü. Camaat maşınların altında qalır, əzilirdilər. Mən istədim qarşıya gedəm, orada “KamAz” markalı maşın dayanmışdı, maşını vurdular və mən onun altında qaldım. İstədim təkərdən tutub oradan çıxım, ancaq alınmadı. Elə bu vaxt tank həmin maşını əzdiyini gördüm. Mən də orada əzildim və beldən aşağı heç bir yerimi hiss eləmədim. Bir də gözümü açdım ki, həmin maşından 10-15 metr kənarda qalmışam. İstədim qalxıb qaçım, qaça bilmədim, addım da ata bilmədim. Olduğum yerdən gördüm ki, onlardan gələn birinci silahlı qrup camaatı qıra-qıra gedir, ikinci  qrup isə əllərində dubinka ilə kim başını qaldırırdı, onu vururdular.

-Sizi görən olmadı? 

- Rus əsgərləri heç kəsə rəhm eləmədən hücum edir, döyür, ölməyənləri də döyə-döyə  öldürürdü. Əsgərlər içərisində isə çoxunun muzdlu döyüşçülər olduğu məlum olurdu. Hücum edənlərin əksəriyyəti gənc əsgərlər deyil, müəyyən yaşa çatmış hərbçilər idi. Hadisə yerində artıq çox insan dünyasını dəyişmişdi, hər yer qan idi. Maşınlar əzilmiş, insanlar güllələnmişdi. Elçinə də  güllə dəydiyini gördüm. 

Daha sonra iki əsgər mənim yanıma gəldi. Qara  gödəkcə geyinmişdim, çiynimdən tutub çevirdi və dubinka ilə kürəyimdən vurmağa başladı. Onsuz da ağır vəziyyətdə idim, heç nə hiss eləmirdim. Vurandan sonra dedi ki, bu ölüb.

- Gecə saat 3-də məni 1 nömrəli təcili yardım xəstəxanasına gətirdilər.Vəziyyətim getdikcə ağırlaşırdı,  sonra heç bir şey xatırlamıram. Hal- hazırda orda aldığım ağır zədələrdən sonra “II qrup 20 yanvar əlili”yəm. 

- Sonra təhsilinizə davam etdiniz? 

- Ondan vacib işlər vardı. Ağır zədələr aldığıma baxmayaraq, 1992-ci il 26 fevral Xocalı soyqrımını baş verdiyini eşidəndə təhsilimi yarımçıq qoyub könüllü cəbhəyə getdim. Fevralın 27 -də Ağdam rayonuna döyüş bölgəsində .Döyüşlərə qatıldım və siravi tibb işçisi kimi yaralılara yardım etdim. Hazırda həm də  I Qarabağ mübaribəsi veteranıyam. Dövlətimizin ərazi bütovlüyü uğrunda etdiyim xidmətləri özümə borc bilmişəm. Təhsilimi 1993-cü ildə başa vurdum

- Rey Kərimoğlu dedi ki,  Valeh həkim 44 günlük Vətən Müharibəsi dövründə də ordumuzun yanında olub. 

-Vətən darda olanda  sakit dayanmaq mümkün deyil. Yaşımdan asılı olmayaraq döyüş bölgələrinə könüllü topladığımız lazımı tibbi ləvazimatları çatdırmışıq , nə bilim , elədiklərimi deməkdən xoşlanmıram. Xalqımızın,dövlətimizin müstəqqilliyi ,suverenliyi uğrunda aldığım bütün mənəvi və fiziki zədələrə baxmayaraq peşman deyiləm və hər zamanda bayrağımızın yüksəklərdə dalğalanması üçün canımı qurban verməyə hazıram.Allah şəhdidlərimizə rəhmət etsin,yaralı qazilərimizə şəfa versin. Ən böyük təsəllimiz odur ki, Azərbaycan müstəqildir, azaddır, və oz torpaqlarının artıq sahibidir.

-Maraqlı  söhbət üçün təşəkkür edirik.

Müsahibəni apardı: Əntiqə Rəşid