Qaynar xətt:

(+99450) 247 90 86

Vəsiyyətnamə ilə bağlı mühüm MƏQAM: Belə öyrənə bilərsiniz!

Vəsiyyətnamə ilə bağlı mühüm MƏQAM: Belə öyrənə bilərsiniz!

HÜQUQ

47

21.10.2026, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vərəsəlik hüququ ilə bağlı ən çox mübahisə və narahatlıq doğuran məsələlərdən biri vəsiyyətnamənin məxfiliyidir. Bir çox ailələrdə övladlar atanın sağlığında onun vəsiyyətnamə tərtib edib-etmədiyini, tərtib edibsə, əmlakını kimin adına yazdığını öyrənmək istəyir. Bu maraq çox zaman ailə daxilində gərginliyə, qarşılıqlı şübhələrə və hətta ziddiyyətlərə səbəb olur. Halbuki qanunvericilikdə bu məsələ ilə bağlı aydın qaydalar mövcuddur və vətəndaşların bu qaydalardan xəbərdar olması gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almağa imkan verir.

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında bildirib ki, şəxs sağlığında atasının kimə vəsiyyətnamə qoyduğunu öyrənə bilməz.

Onun sözlərinə görə, vəsiyyətnamənin olub-olmaması və məzmunu barədə məlumat yalnız vəsiyyət edən şəxs vəfat etdikdən və vərəsəlik işi açıldıqdan sonra müəyyənləşir.

Vəkil izah edib ki, atanın vəsiyyətnaməni kimin adına tərtib etdiyini öyrənmək üçün məhz vəfatdan sonra notariat qaydasında müraciət edilməlidir. Əgər vəsiyyətnamə daha öncədən tərtib olunubsa, notarius bunu vərəsəlik işi çərçivəsində üzə çıxarır.

R.Süleymanov vurğulayıb ki, vəsiyyətnamə şəxsi iradənin ifadəsidir və onun məzmunu vəsiyyət edənin sağlığında üçüncü şəxslərə, o cümlədən övladlara və digər yaxın qohumlara açıqlanmır.

Bu səbəbdən hətta ən yaxın qohum belə ata sağ ikən onun vəsiyyətnamə tərtib edib-etmədiyini, tərtib edibsə, əmlakı kimə vəsiyyət etdiyini notariusdan öyrənə bilməz. Vəkilin sözlərinə görə, bu qayda vəsiyyət edənin iradəsinin sərbəstliyini və məxfiliyini qorumaq məqsədi daşıyır. Çünki şəxs öz əmlakı barədə qərarı istənilən vaxt dəyişə, vəsiyyətnaməni ləğv edə və ya yenisini tərtib edə bilər. Belə olan halda vəsiyyətnamənin məzmununun sağlığında açıqlanması vəsiyyət edənin hüquqlarına zidd olardı və onun üzərində müxtəlif təzyiqlərə yol aça bilərdi.

Vəkil qeyd edib ki, vəsiyyət edən şəxs vəfat etdikdən sonra vərəsələr və ya digər maraqlı şəxslər notariusa müraciət etməlidir.

Notarius vərəsəlik işini açır və bu zaman mərhumun sağlığında vəsiyyətnamə tərtib edib-etmədiyini yoxlayır. Vəsiyyətnamə mövcuddursa, onun məzmunu məhz həmin mərhələdə məlum olur və əmlakın bölüşdürülməsi vəsiyyətnaməyə uyğun həyata keçirilir. Vəsiyyətnamə olmadıqda isə əmlak qanunla müəyyən edilmiş qaydada, yəni qanun üzrə vərəsəlik əsasında bölüşdürülür. Bu halda vərəsələrin payı və növbəliliyi qanunvericiliyin müvafiq normalarına uyğun müəyyənləşdirilir.

Ekspert vətəndaşlara vərəsəlik məsələlərində vaxtında və səlahiyyətli orqana, yəni notariusa müraciət etməyi tövsiyə edib.

R.Süleymanovun sözlərinə görə, vərəsəlik hüququnun həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətlərə mütləq riayət olunmalıdır. Müddətlərin buraxılması vərəsəlik hüququnun həyata keçirilməsində əlavə çətinliklər yarada, bəzən isə məhkəməyə müraciət zərurətini doğura bilər. Bu səbəbdən hüquqi çətinliklərlə üzləşən şəxslərə mütəxəssislərdən məsləhət almaq tövsiyə olunur.

Vəkil əlavə edib ki, vəsiyyətnamə ilə bağlı narahatlıq və suallar çox vaxt məlumat çatışmazlığından yaranır. Onun fikrincə, qaydaların əvvəlcədən bilinməsi həm ailə münasibətlərinin qorunmasına, həm də gələcəkdə yarana biləcək mübahisələrin və yanlış gözləntilərin qarşısının alınmasına kömək edir. Vəkilin sözlərinə görə, vətəndaşlar vəsiyyətnamənin məxfiliyini vəsiyyət edənin hüququ kimi qəbul etməli, vərəsəlik məsələlərinin isə qanunla müəyyən edilmiş mərhələlərdə və qaydada həll olunduğunu nəzərə almalıdırlar.

Nigar