Qaynar xətt:

(+99450) 247 90 86

Vahid Ələkbərov yəhudi milyarderlə qarşı-qarşıya 

Vahid Ələkbərov yəhudi milyarderlə qarşı-qarşıya 

DÜNYA

50

05.11.2026, 11:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya büdcəyə pul toplamaq üçün strateji dəniz daşıyıcısının səhmlərini satışa çıxarır – azərbaycanlı biznesmen yeni biznes imkan əldə etməyə çalışır  

Rusiya hakimiyyəti ölkənin ən böyük dəniz daşıyıcılarından biri olan “Sovkomflot” dövlət şirkətinin səhmlərinin bir hissəsini özəlləşdirməyə hazırlaşır. Dövlət Əmlak Agentliyi (Rosimuşestvo) şirkətin 7,8 faizlik səhm paketinin satışını təşkil etmək üçün hazırlıqlara başlayıb. Rəsmi izahatda bu addımın əsas məqsədi federal büdcəyə əlavə vəsait cəlb etmək kimi göstərilir. Diqqətçəkən məqam budur ki, dövlət gəlirli fəaliyyət göstərən strateji şirkətin səhmlərini satışa çıxarır. Belə ki, “Sovkomflot” 2026-cı ilin ilk yarısında 25 milyard rubl xalis mənfəət əldə edib. Halbuki şirkət sanksiyalar və beynəlxalq məhdudiyyətlər səbəbindən son illərdə ciddi çətinliklərlə üzləşib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, şirkətin səhmlərinə maraq göstərənlər arasında “Novatek”in sahibi Leonid Mixelson və “Lukoyl”un həmsahibi Vahid Ələkbərovun adları çəkilir. Əsas iddiaçının Mixelson olduğu bildirilir. “Sovkomflot” adi nəqliyyat şirkəti deyil. Təxminən 150 gəmidən ibarət donanması olan bu qurum Rusiyanın neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz ixracında mühüm rol oynayır. Şirkətin gəmiləri ölkənin enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılmasında, xüsusilə Arktika layihələrində istifadə olunur.Şirkət uzun illərdir müxtəlif qalmaqalların və maliyyə şəffaflığı ilə bağlı sualların mərkəzində olub. Onun keçmiş rəhbərliyi dövründə xarici strukturlarla əməliyyatlar, gəmi və maliyyə axınlarının idarə olunması, eləcə də gəlirli daşınma müqavilələrinin bölüşdürülməsi ətrafında mübahisələr yaranıb. 2022-ci ildə Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra isə şirkətin fəaliyyəti daha da mürəkkəbləşib. Müasir tankerlərin bir hissəsinin satılması və əldə olunan vəsaitlərin sonrakı hərəkəti ilə bağlı da suallar səsləndirilib.

2020-ci ildə “Sovkomflot”un səhmlərinin bir hissəsi birjada yerləşdirilmişdi. Hazırda dövlətin şirkətdəki payı 82,8 faiz təşkil edir. Yeni satışdan sonra dövlətin nəzarət paketi saxlaması nəzərdə tutulur. Bununla belə, özəl investorların şirkətin idarə edilməsində və strateji qərarların qəbulunda təsir imkanları arta bilər.

Əslində, burada söhbət yalnız səhmlərin satışından və büdcəyə pul daxil olmasından getmir. Rusiyanın neft-qaz ixracı üçün həyati əhəmiyyət daşıyan nəqliyyat infrastrukturunda özəl kapitalın mövqelərinin gücləndirilməsi də gündəmə gəlir. Mixelson və Ələkbərov kimi iri enerji maqnatlarının belə bir aktivə marağı bu baxımdan təsadüfi görünmür. Bir tərəfdən Kreml büdcə gəlirlərini artırmaq üçün dövlət aktivlərini satışa çıxarır, digər tərəfdən isə strateji sahələrdə oliqarxların iqtisadi nüfuzunun genişlənməsi ehtimalı yaranır. Dövlət nəzarəti formal olaraq qorunsa da, “Sovkomflot”un səhmlərinin özəl kapitala satılması Rusiyanın enerji və nəqliyyat sektorunda yeni güc bölgüsünə səbəb ola bilər.