Qaynar xətt:

(+99450) 247 90 86

Hörmüz boğazında təhlükəsizlik böhranı dünya enerji bazarını təhdid edir  

Hörmüz boğazında təhlükəsizlik böhranı dünya enerji bazarını təhdid edir  

CƏMİYYƏT

37

20.11.2026, 13:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaxın Şərqdə davam edən müharibə artıq regional sərhədləri aşaraq beynəlxalq enerji və dəniz nəqliyyatı sisteminə ciddi təsir göstərir. Bunun ən həssas nöqtələrindən biri Hörmüz boğazıdır. Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən bu strateji su yolu dünya enerji ticarətində mühüm mövqeyə malikdir. Burada təhlükəsizliyin pozulması neft daşımalarının ləngiməsi, sığorta xərclərinin artması və qlobal bazarlarda qiymət dəyişiklikləri ilə nəticələnə bilər.

Bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca bildirib.

Ekspertin sözlərinə görə,son günlər boğazda ticarət gəmilərinə qarşı hücumlar barədə məlumatlar vəziyyətin ciddiliyini bir daha göstərib.

"Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkəti ADNOC-un logistika bölməsi noyabrın 18-də gəmilərindən birinə hücum edildiyini, bir ekipaj üzvünün itkin düşdüyünü, 11 nəfərin yaralandığını açıqlayıb. Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib. Bu hadisə mülki dəniz nəqliyyatının hərbi qarşıdurmanın birbaşa təsir dairəsinə düşdüyünü göstərir. 

Hörmüz boğazındakı gərginlik neft bazarına da təsirsiz ötüşmür. Reuters-in noyabrın 19-da yaydığı məlumata görə, bazarda bir tərəfdən qlobal təklifin artacağı ilə bağlı gözləntilər, digər tərəfdən isə boğazdakı fasilələr və müharibə təhlükəsi qiymətlərə qarşılıqlı təsir göstərir. Bu ziddiyyət enerji bazarının gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır. Daşımaların təhlükəsizliyinə dair narahatlıq isə neft ixracatçıları ilə yanaşı, enerji idxalından asılı ölkələri də çətin vəziyyət qarşısında qoya bilər. 

Böhranın təhlükəli tərəfi odur ki, münaqişə artıq yalnız hərbi obyektlər və quru əməliyyatları ilə məhdudlaşmır. Dəniz yolları, tanker marşrutları və enerji infrastrukturu da qarşıdurmanın mühüm hədəflərinə çevrilir. ABŞ və İran arasında atəş mübadiləsinin davam etməsi, eyni zamanda Oman və Qətər kimi vasitəçilərin diplomatik səylər göstərməsi hərbi və siyasi proseslərin paralel getdiyini təsdiqləyir. 

Hörmüz boğazında təhlükəsizliyin pozulması ilk növbədə region ölkələrinin iqtisadiyyatına zərbə vursa da, nəticələri bütün dünyaya yayıla bilər. Neft və qaz qiymətlərində artım nəqliyyat, istehsal və ərzaq xərclərinə də təsir göstərə bilər. Xüsusilə enerji idxalından asılı dövlətlər üçün belə bir ssenari inflyasiya təzyiqini gücləndirər.

Bu səbəbdən Hörmüz boğazında baş verənlərə yalnız regional hərbi hadisə kimi yanaşmaq düzgün olmaz. Söhbət dünya iqtisadiyyatının əsas damarlarından birinin təhlükəsizliyindən gedir. Dəniz nəqliyyatının qorunması və tərəflərin hərbi eskalasiyadan çəkinməsi beynəlxalq ictimaiyyət üçün təxirəsalınmaz məsələyə çevrilib",-deyə Ş.Qoca bildirib.

Nigar