Qaynar xətt:

(+99450) 247 90 86

Tbilisi-Bakı qatarına bilet tapmaq nə dərəcədə rahatdır? - Araşdırma

Tbilisi-Bakı qatarına bilet tapmaq nə dərəcədə rahatdır? - Araşdırma

CƏMİYYƏT

46

19.11.2026, 13:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunduqdan sonra xüsusilə Gürcüstandan Azərbaycana istiqamətində biletlərə yüksək tələbat müşahidə edilir. İlk dövrlərdə sərnişinlər bilet tapmaqda çətinlik çəkdiklərini, satışa çıxarılan biletlərin qısa müddətdə tükəndiyini bildirirdilər. Hətta yaranmış vəziyyətdən istifadə edərək biletləri daha baha qiymətə təklif edən vasitəçilərin və saxta bilet satışı hallarının olduğu da bildirilirdi.

115 minə yaxın sərnişin daşınıb, doluluq 100 %-dir

Hazırda marşrut üzrə bilet əldə etmək imkanları genişlənib. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) internet saytı və mobil tətbiqi vasitəsilə Gürcüstandan Azərbaycana istiqamətində bilet almaq mümkündür. Məsələn, hazırda sistemdə dekabrın 4-dən 18-nə qədər olan tarixlər üzrə 53,37 manatdan başlayan qiymətlərlə biletlər təklif olunur.

Yeri gəlmişkən, ADY-dən verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat hazırda da müşahidə edilir: "İndiyədək bu marşrutla 115 minə yaxın sərnişin daşınıb, qatarların doluluq səviyyəsi isə 100 % təşkil edir".

Qurumdan bildirilib ki, noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslərin sayının 2-dən 4-ə çatdırılması nəticəsində sərnişin tələbatının kifayət qədər qarşılanmasına imkan yaranıb.

Beləliklə, əvvəlki dövrlə müqayisədə sərnişinlərin səfər planlaşdırmaq və bilet əldə etmək imkanları genişlənib. Bununla belə, qatarların doluluq səviyyəsinin yüksək qalması bu nəqliyyat əlaqəsinə marağın davam etdiyini göstərir.

Əlverişli və rahat nəqliyyat növü

Oxu24.com xəbər verir ki,nəqliyyat eksperti Eldəniz Cəfərov isə "Report"a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi, turizm, qohumluq və ailə əlaqələri kifayət qədər güclüdür.

Onun sözlərinə görə, Gürcüstanda çoxsaylı azərbaycanlının yaşaması da iki ölkə arasında sərnişin hərəkətinə tələbatı artıran amillərdəndir:

"Gürcüstanda çox sayda soydaşımız yaşayır. Bu baxımdan dəmir yolu hazırda həmin marşrutla hərəkət edən insanlar üçün əlverişli və rahat nəqliyyat növüdür. Bakı-Tbilisi-Bakı xəttinə yüksək tələbatın olması da iki ölkə arasında əlaqələrin inkişafının göstəricisidir".

E.Cəfərov hesab edir ki, bu yaxınlarda reyslərin sayının artırılması vaxtında atılmış addımdır. O bildirib ki, əlavə reyslər sərnişinlərə daha geniş seçim imkanı yaratmaqla yanaşı, bilet əldə etmək imkanlarını da yaxşılaşdırır:

"Reyslərin sayının artırılması sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağa şərait yaradır. Eyni zamanda, gündüz səfərlərinin təşkil olunması sərnişinlər üçün əlavə rahatlıqdır. Düşünürəm ki, bu qərar sərnişin tələbatının ödənilməsinə müsbət təsir göstərəcək".

Bu məqamda qeyd edək ki, marşrut üzrə reyslərin artırılması təkcə sərnişinlərin səfər imkanlarının genişləndirilməsi baxımından deyil, həm də mövcud tələbatın daha səmərəli qarşılanması baxımından əhəmiyyətlidir. Çünki əvvəlki dövrdə biletlərin qısa müddətdə tükənməsi sərnişinlərin səfər tarixini seçmək imkanlarını məhdudlaşdırırdı. İndi isə reyslərin sayının artırılması bu çətinliyin aradan qaldırılmasına və bilet satışında daha əlverişli şəraitin formalaşmasına yardım göstərir.

Bilet təklifinin artması süni qıtlıq riskini azaldır

Ekspertin fikrincə, qatarların yüksək doluluq səviyyəsi Bakı-Tbilisi-Bakı marşrutunun populyarlığını və əlavə daşınma imkanlarına ehtiyac olduğunu göstərir. Onun sözlərinə görə, dəmir yolu nəqliyyatına marağın artması, ilk növbədə, bu nəqliyyat növünün təhlükəsizliyi və komfortu ilə əlaqədardır:

"Yüksək doluluq səviyyəsi əslində bu marşrutun nə qədər populyar olduğunu və əlavə daşınma imkanlarına ehtiyac yarandığını göstərir. Bu, dəmir yolu nəqliyyatına olan inamın göstəricisidir. Sərnişinlər üçün daha təhlükəsiz və komfortlu nəqliyyat növü olması da burada mühüm amildir. Gələcəkdə tələbat nəzərə alınaraq vaqonların və reyslərin sayının artırılması mümkün ola bilər. Sadəcə, bunun üçün Gürcüstan tərəfinin də əlavə qatarları qəbul etmək imkanları olmalıdır. Azərbaycan tərəfindən belə çətinliklərin olacağını düşünmürəm. Əsas məsələ Gürcüstanın müvafiq imkanları təmin etməsidir".

Marşrutun bərpasından sonrakı ilk aylarda xüsusilə Tbilisi-Bakı istiqamətində biletlərin tez tükənməsi bəzi hallarda sərnişinlərin narazılığına səbəb olurdu. Rəsmi satış kanallarında bilet əldə edə bilməyən şəxslər alternativ yollar axtarmağa məcbur qalır, yaranmış vəziyyətdən isə bəzi vasitəçilər istifadə etməyə çalışırdılar. Nəticədə rəsmi satış qiymətindən daha baha bilet təklifləri, eləcə də saxta bilet satışı halları gündəmə gəlirdi.