Qaynar xətt:

(+99450) 247 90 86

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

CƏMİYYƏT

45

17.11.2026, 19:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaşların sığorta şirkətləri ilə yaşadığı ən aktual problemlərdən biri də dəymiş zərərin ödənilməsi zamanı baş verən imtina hallarıdır. Sığorta hadisəsi baş verdikdən sonra hər bir vətəndaş təbii olaraq zərərin qarşılanmasını gözləyir, lakin bəzi hallarda şirkətlər müxtəlif hüquqi əsaslar irəli sürərək ödəniş etməkdən imtina edirlər. Bu cür vəziyyətlər cəmiyyətdə haqlı narazılıqlar yaradır və sığorta sektoruna olan etimadı sual altına qoyur. İmtinaların hansı şəraitdə qanuni sayılması, vətəndaşların hüquqlarının necə qorunması və qərarla razılaşmadıqda hansı instansiyalara müraciət edilməsi hər zaman diqqət mərkəzindədir. Müqavilə şərtlərinin detallı oxunmaması və qaydaların tam mənimsənilməməsi sonradan yaranan anlaşılmazlıqların əsas səbəblərindən biri hesab olunur. Vətəndaşların bu hüquqi incəliklərdən agah olması onların maliyyə maraqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Yaranan suallara aydınlıq gətirmək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvü Emil Ağabağırov Oxu24.com-a ətraflı açıqlama verib.

Emil Ağabağırov bildirib ki, imtina halları ilə bağlı məsələlərdə vətəndaşlar ilk növbədə müqavilə bağlayarkən sənəddə qeyd olunan istisnalara diqqət yetirməlidirlər:

“Burada imtinalardan söhbət gedirsə, vətəndaşlar mütləq şəkildə müqavilə əldə etdikləri zaman müqavilələrin, müqavilələrdə də qeyd olunan istisnalara diqqət etməlidirlər. Həm avtomobildə, həm əmlakda, qəsdən hadisə törətdikdə ödənişdən imtina edilə bilər”.

Ekspert qeyd edib ki, sığorta ödənişinin həyata keçirilməsi və ya rədd edilməsi birbaşa bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Vətəndaşlar müqavilə imzalayarkən oradakı istisna halları diqqətlə oxumalıdırlar:

“İstər avtomobil, istərsə də əmlak sığortasında zərərin qəsdən törədilməsi halları aşkar edilərsə, sığorta şirkətinin ödənişdən imtina etməsi qanuni hesab olunur”.

Onun sözlərinə görə, avtomobilin kasko sığortası çərçivəsində nəqliyyat vasitəsinin spirtli içki və ya alkoqol təsiri altında idarə olunması, həmçinin müvafiq sürücülük sənədi olmadan idarə edilməsi kimi hallar ödənişdən imtina üçün əsas verir. Bu cür qaydalar sığortanın növündən asılı olaraq dəyişə bilər.

”Əgər hadisə müqavilə ilə müəyyən edilmiş təminatlar çərçivəsində baş veribsə və hər hansı bir istisna və ya uyğunsuzluq yoxdursa, sığorta ödənişinin verilməsində heç bir çətinlik yaşanmır. İmtina yalnız mövcud qaydalara zidd uyğunsuzluq və ya istisna hal qeydə alındıqda tətbiq edilir”.

Çimnaz Telmanqızı