Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclis mühüm QƏRARLAR QƏBUL EDİB

Milli Məclis mühüm QƏRARLAR QƏBUL EDİB

CƏMİYYƏT

144

17.11.2026, 18:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclis (MM) Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil olan Əmək Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, saatlıq əməkhaqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda, eləcə də həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə tətbiq olunur.

Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əmək haqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.

Saatlıq əmək haqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əmək haqqı minimum saatlıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir.

Minimum saatlıq əmək haqqının məbləği minimum aylıq əmək haqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.

Bundan başqa, qanun layihəsinə əsasən, əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarətin həyata keçirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur.

Nəticə etibarilə əməyin ödənişi tam şəkildə elektronlaşacaq, işəgötürənlərin əmək ödənişlərinin uçotu, hesablanması və ödənilməsi ilə bağlı iş yükü azalacaq, gələcəkdə İşəgötürənlərin vergi orqanlarına təqdim etdikləri əməyin ödənişi ilə bağlı gəlir vergisi sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac yaranmayacaq, rüblük bəyannamələr, aylıq məlumatlarla əvəz olunacaq, əməyin ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və elektron (proaktiv) nəzarət mexanizmi qurulacaq.

Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri güclənəcək, sığorta pensiya sistemində ödənilən MDSS haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsi təmin olunacaq, ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin itirilməsi və s hallarda orta aylıq əmək haqqının avtomatik hesablanması təmin ediləcək və vətəndaşın özünün gəlir tarixçəsinə çıxış imkanı genişlənəcək.

Bundan başqa, dəyişikliklə əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla (xitam zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş və dəqiq təsbit olunur.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri I oxunuşda qəbul edilib.

Oxu24.com xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının 314 manat olması təklif edilir.

Qanun layihəsinə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən olunur.

Qanun layihələri qəbul olunduğu təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sənədlər müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib.

 2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 319,2 milyon manat (2026-cı illə müqayisədə 19,8 % çox) olması proqnozlaşdırılır.

Xərclərin 268,9 milyon manatının (12,8 % çox) İSF-nin gəlirlərinin, 50,3 milyon manatının (79 % çox) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib.

 2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3 % çox) olması proqnozlaşdırılır.

Xərclərin 9 milyard 220,5 milyon manatının (10,8 % çox) DSMF-nin gəlirlərinin, 52 milyon manatının (67,5 % az) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib.

Oxu24.com  xəbər verir ki, gələn il büdcənin gəlirləri bu ilə nisbətən 1,7 % çox - 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri isə yenə də 1,7 % çox - 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.

Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7 % çoxdur.

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı gözlənilir.

Bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,1 % çoxdur.

Son nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 28,7 % azdır.

***