Qaynar xətt:

(+99450) 247 90 86

Deputat bu sahəyə ayrılan pulun artırılmasını təklif edib

Deputat bu sahəyə ayrılan pulun artırılmasını təklif edib

CƏMİYYƏT

43

17.11.2026, 11:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elm və media sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin artırılması təklif edilib.

Oxu24.com  xəbər verir ki, bu təkliflə deputat Elnarə Akimova bu gün Milli Məclisdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.

Deputat bildirib ki, dövlət elmin inkişafına kifayət qədər sərmayə qoyur: “Amma bu, təkcə xalqının daha da inkişaf etməsini istəyən dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin də mənəvi öhdəliyidir. Hamımız bilirik ki, elmdə təcrid fəlakətdir. Bu baxımdan, elmin inkişafı dünyanın aparıcı elm mərkəzləri ilə qarşılıqlı inteqrasiyanın nəticəsində mümkün olur. Bu barədə statistika bizə nə deyir? Gənc elmi potensialımız dünyanın aparıcı elm mərkəzlərində hansı səviyyədə təmsil olunur? Onların elmi tədqiqatlarını daha səmərəli aparmaları üçün dövlət büdcəmizdən kifayət qədər vəsait ayrılırmı? Heç kəsə sirr deyil ki, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının əksəriyyəti, o cümlədən Pakistan əsilli Nobel laureatı Əbdüs Salam da, türkiyəli Nobel laureatı Əziz Səncər də məhz belə aparıcı elm mərkəzlərində yetişib. Biz də elmdə öz Nobel laureatımızı gözləyə bilərikmi? Təbii ki, bu, ayrı bir müzakirənin mövzusudur. İndiki halda insanları elmə təşviq etmək üçün birinci növbədə alimlərin maddi durumu nəzərə alınmalıdır. İnanırıq ki, 2027-ci il üçün büdcə layihəsində elm adamlarımızın sosial-iqtisadi rifahı da diqqətdən kənarda qalmayacaq”.

Elnarə Akimova qeyd edib ki, qloballaşma çağının mətbuatı ümumdünya informasiya şəbəkəsində vahid platformanı bölüşür: “Yeni dövrün beynəlmiləl mahiyyətli informasiya daşıyıcıları — yəni elektron mətbuat əksərən milli mentaliteti və yaddaşı nəzərə almır. Halbuki mətbuat təkcə informasiya məkanı deyil, eyni zamanda yüz ildən sonra da hərəkətdə olacaq yaddaş fenomenidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda ədəbi mətbuat maddi baxımdan tənəzzül dövrünü yaşayırdı. Bu mətbu orqanlar bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda Ümummilli Liderimiz 1997-ci ilin noyabrında “Ədəbiyyat qəzeti”nin, “Ulduz”, “Azərbaycan” və “Qobustan” jurnallarının dövlət büdcəsindən maliyyələşdirilməsi barədə sərəncam verdi. Həmin orqanlar indi də öz mövcudluğunu 1997-ci ildə müəyyənləşmiş büdcə ilə davam etdirir. Ötən illər ərzində iqtisadiyyatımızın sürətli inkişafı baş vermişdir. Biz həmin mətbuat orqanlarının nəşrini və fəaliyyətini daha yüksək səviyyədə davam etdirməsi məsələsinə həm də Ulu Öndərimizin tövsiyəsi kimi yanaşmalı və büdcədən onlara ayrılan vəsaitin artırılmasına diqqət ayırmalıyıq. Mədəniyyət sahəsində də həlli vacib olan məsələlər var. Bu günlərdə keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində müşahidə olunan coşqu, insanların kitab sərgisinə əsl bayram ovqatı ilə qatılması Azərbaycan cəmiyyətinin kitaba münasibətini göstərən mühüm indikator oldu. Bu mənada, son illərdə Bakıda yaradılmış müasir mədəniyyət təsisatları şəbəkəsinin arealı respublikanın bütün ərazilərinə yayılarsa, bu, cəmiyyətimizdə yalnız minnətdarlıq və məmnunluq hissi ilə qarşılanar. Təkcə paytaxtda deyil, respublikanın digər bölgələrində də yeni texnoloji imkanlara adekvat müasir kitabxanaların, kitab satış mərkəzlərinin, mədəniyyət ocaqlarının yaradılması zəruridir”.