Qaynar xətt:

(+99450) 247 90 86

TAP-dan yaşıl enerjiyə: Azərbaycan Avropada təsir imkanlarını genişləndirir? — ŞƏRH  

TAP-dan yaşıl enerjiyə: Azərbaycan Avropada təsir imkanlarını genişləndirir? — ŞƏRH  

CƏMİYYƏT

47

16.11.2026, 14:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyi gün keçdikcə daha da güclənir və ölkəmiz qitənin enerji xəritəsində mühüm tərəfdaşa çevrilir. Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi bu prosesdə həlledici rol oynayaraq, ölkəmizin geostrateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər və enerji böhranları fonunda Azərbaycanın etibarlı təchizatçı kimi çıxış etməsi xüsusi diqqət çəkir. Mövcud infrastrukturun genişləndirilməsi və ixrac həcmlərinin artırılması perspektivləri isə tərəfdaşlığın gələcəyi üçün yeni üfüqlər açır.

Mövzu ilə bağlı Politoloq Azad Məsiyev Oxu24.com-a açıqlamasında bildirib ki, iqtisadiyyatın siyasətə, siyasətin də iqtisadiyyata sıx bağlılığı var və bu iki kateqoriya bir-birini balanslaşdırmalıdır.

Azərbaycan məhz bu iki amili nəzərə alaraq xarici siyasətində iqtisadiyyatla siyasətin vəhdətini təşkil edən balanslaşdırıcı xətt həyata keçirir. Ölkəmiz həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə iqtisadi-siyasi maraqlarını uzlaşdırır, xüsusilə də Avropa İttifaqına daxil olan dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla davam etdirir.

O qeyd edib ki, Avropada dost dövlətlərin sayının çox olması Azərbaycanın dövlət və milli maraqlarını qorumaq üçün böyük üstünlükdür:

“Avropa Birliyinə daxil olan 10 dövlətlə Azərbaycanın strateji əməkdaşlığı mövcuddur və həmin dövlətlərin enerji təhlükəsizliyini məhz Azərbaycan təmin edir, qaz layihələri və problemləri Azərbaycan üzərindən həyata keçirilir. Avropada dostlarımızın sayının çox olması dövlət və milli maraqlardan irəli gələn məqamları qorumaqla yanaşı, iqtisadi münasibətləri yaxşılaşdırmaqla siyasi dividendlər əldə etməyə imkan yaradır”.

Azərbaycanın çoxşaxəli siyasət yürütdüyünü vurğulayan politoloq, bunun həm iqtisadi, həm də siyasi sahədə özünü göstərdiyini qeyd edib. İstər qaz layihələri, istər əsrin müqaviləsi ilə əlaqədar Bakı-Ceyhan kəməri, istər yaşıl enerji layihələri, istərsə də nəqliyyat infrastrukturu və elektron kommunikasiya xətləri olsun, Azərbaycan öz coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək şərqlə qərbin qovuşğunda beynəlxalq layihələrin fəal iştirakçısı kimi çıxış edir. 

Xüsusilə Rusiya-Ukrayna münaqişəsi fonunda Avropanın qaz problemləri ilə üzləşdiyini xatırladan Azad Məsiyev, Azərbaycanın TAP layihəsi vasitəsilə Avropanın qaz təminatına və enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini diqqətə çatdırıb:

“Bu cür layihələrin çoxşaxəli həyata keçirilməsi Cənubi Qafqazda sabitliyin yaranmasına səbəb olur, çünki Azərbaycan maraqları uzlaşdıraraq regionda sabitliyi təmin edən dövlətdir. Ümumilikdə, iqtisadi münasibətlərin siyasi münasibətlərə, siyasi münasibətlərin də iqtisadi münasibətlərə bağlı olduğunu nəzərə alan Azərbaycan bu balansını qorumaqla xarici siyasətini uğurla davam etdirir və tutduğu mövqe həm region dövlətlərinin, həm də geosiyasi baxımdan maraqlara tam cavab verir”.

Çimnaz Telmanqızı