Qaynar xətt:

(+99450) 247 90 86

Dərsliklərin keyfiyyətinə nəzarət üçün yeni komissiya yaradılmalıdır? – Təhsil eksperti AÇIQLADI  

Dərsliklərin keyfiyyətinə nəzarət üçün yeni komissiya yaradılmalıdır? – Təhsil eksperti AÇIQLADI  

CƏMİYYƏT

36

16.11.2026, 13:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan təhsilində dərsliklərin hazırlanması, qiymətləndirilməsi və məzmun keyfiyyəti hər zaman cəmiyyətin və mütəxəssislərin diqqət mərkəzində olan aktual məsələlərdən biridir. Deputat Elnarə Akimovanın dərsliklərin keyfiyyətinə nəzarət məqsədilə xüsusi ekspertiza komissiyasının yaradılması təklifi də bu sahədəki mövcud boşluqların aradan qaldırılmasına hesablanıb. Hazırda dərsliklərin tədris prosesinə tətbiqi zamanı ortaya çıxan texniki, qrammatik və metodiki səhvlər həm şagirdlərin, həm də valideynlərin haqlı narazılığına səbəb olur. Xüsusilə ana dili və digər fənn dərsliklərində rast gəlinən qüsurlar, xarici ədəbiyyat nümunələrinə üstünlük verilməsi və milli ruhun formalaşmasına mane olan məqamlar ciddi müzakirə mövzusudur. 

Məsələ ilə bağlı Oxu24.com-un suallarını cavablandıran tanınmış təhsil eksperti Ramin Nurəliyev bildirib ki, belə bir komissiyanın və ya Ali Təhsil Şurasının yaradılması nəzarət mexanizmlərinin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər:

“Dərsliklərdə müəyyən problemlər formalaşır, həm texniki, həm də müəllif xətaları baş verir. Xüsusilə Elm və Təhsil Nazirliyinin dərslik vəsaitlərini hazırlayan komissiyasının məsuliyyətsizliyindən və ya diqqətsizliyindən irəli gələn hallar müşahidə olunur. Komissiya hazırladığı hər hansı materialı çap etməzdən əvvəl başqa bir komissiya tərəfindən yoxlatdırmalı, bütün məsələlərin incəliyinə qədər baxılmalı və məsuliyyət öz üzərinə götürülməlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycan dili dərsliyində ciddi nöqsanlar – qrammatik, orfoqrafik və fikir səhvləri var. Cümlə və obraz seçərkən xarici ədəbiyyatdan nümunələr gətirilir:

“Bunlar Azərbaycan dili vəsaitində. öz doğma ana dilimizin vəsaitində olmamalıdır. Biz öz ədəbiyyatımızdan, klassiklərimizdən, ədiblərindən istifadə etməliyiksə, bu çox gözəl olar. Aşağı sinif şagirdlərinin Vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsi istiqamətində öz milli ədiblərindən istifadə etməyimiz daha yaxşı olar”.

Ramin Nurəliyev qeyd edib ki, digər fənlərdən də sosial platformalarda müəyyən narahatlıqlar yaranır, keyfiyyətsiz tapşırıqların olduğu ifadə olunur:

“Əlbəttə yaxşıları da var, amma əksikliklər də var. Ona görə də düşünürəm ki, mütləq nəzarət mexanizmi həyata keçirilməlidir. Əgər komissiya lazımdırsa, komissiya qurulub həmin məsələlərdə əsas rol oynamalıdır”.

“Mən düşünmüşdüm ki, bir təhsil şurası olsun – Ali Təhsil Şurası. Bu şura təhsillə bağlı bütün gedişatlarda yekun qərar vermək hüququna malik olsun. Həm Dövlət İmtahan Mərkəzinin, həm Elm və Təhsil Nazirliyinin, həm də ali təhsil istiqamətində nəzarət mexanizmi həyata keçirilsin. Bu gün ali təhsil müəssisələrimizdə inkişaf qədər əksikliklər də var. Əgər bu şura formalaşarsa, hesab edirəm ki, dərsliklərlə və digər fəaliyyətlərlə bağlı nəzarət daha məqsədəmüvafiq olar”,- deyə ekspert əlavə edib.

Çimnaz Telmanqızı