Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gömrük bəyannamələri daha sürətli olacaq: Yerli süni intellekt platforması təqdim olunur

Azərbaycanda gömrük bəyannamələri daha sürətli olacaq: Yerli süni intellekt platforması təqdim olunur

CƏMİYYƏT

56

16.11.2026, 11:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda idxal, ixrac və tranzit əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanmasını sürətləndirmək məqsədilə yerli süni intellekt platforması yaradılıb.

Oxu24.com  xəbər verir ki, "AZAİ TECH" şirkəti tərəfindən hazırlanan "Deklara" platforması gömrük sənədlərini emal edir, onlardakı məlumatları avtomatik çıxarır, mallar üçün Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİF MN) kodlarını təklif edir və gömrük bəyannamələrini hazırlayır.

Platforma istifadəçilərə invoys, qablaşdırma siyahısı, nəqliyyat sənədləri və digər müşayiətedici sənədləri yükləməklə bəyannamə məlumatlarını avtomatik formalaşdırmaq imkanı verir. Hazırlanmış məlumatlar istifadəçinin yoxlamasından sonra Dövlət Gömrük Komitəsinin elektron gömrük sistemi ilə inteqrasiya vasitəsilə ötürülə bilir.

Bəyannamələrin hazırlanması zamanı vaxt aparan sənədlərin araşdırılması, məlumatların əl ilə köçürülməsi və mal kodlarının müəyyənləşdirilməsi prosesləri platforma vasitəsilə avtomatlaşdırılır. Nəticədə mütəxəssislər vaxtlarını sənədlərin yoxlanılmasına və yekun qərarların qəbuluna yönəldə bilirlər.

"Deklara" idxal, sərbəst dövriyyə üçün buraxılış, ixrac və tranzit gömrük prosedurları üzrə bəyannamələrin hazırlanmasını dəstəkləyir. Platformanın əsas funksiyaları arasında aşağıdakılar yer alır:

- Sənədlərin avtomatik emalı: İnvoys və digər müşayiətedici sənədlərdəki məlumatlar süni intellekt vasitəsilə oxunur, çıxarılır və sistemləşdirilir;

- XİF MN kodlarının müəyyənləşdirilməsi: Malların təsvirinə və sənədlərdəki məlumatlara əsasən uyğun 10 rəqəmli kodlar təklif olunur;

- Malların qruplaşdırılması: Oxşar məhsullar müvafiq kod qrupları üzrə avtomatik qruplaşdırılır;

- Böyük həcmli sənədlərin emalı: Şirkətin məlumatına görə, 100-dən çox mal qrupu olan invoyslar bir neçə bəyannaməyə bölünə bilir;

- İstifadəçi nəzarəti: Bəyannamənin bütün məlumatları istifadəçi tərəfindən yoxlanıla və zərurət olduqda redaktə edilə bilər. Yekun təsdiq və təqdimetmə istifadəçinin məsuliyyətindədir.

Platformadan həm birbaşa, həm də dolayı gömrük təmsilçiləri, o cümlədən gömrük brokerləri istifadə edə bilərlər.

"Deklara" platformasının əsas xüsusiyyətlərindən biri rəsmi elektron gömrük sistemi ilə inteqrasiyasıdır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyi ilə əməkdaşlıq çərçivəsində bu inteqrasiya təmin edilib.

Beləliklə, istifadəçilər sənədləri platformaya yükləyərək bəyannamə məlumatlarını hazırlaya, nəticələri yoxlaya və müvafiq elektron sistemə ötürə bilirlər.

Hazırda 500-dən artıq istifadəçi platformaya qoşulub və onun xidmətlərindən yararlanır.

"Deklara" platformasında aylıq abunə haqqı nəzərdə tutulmayıb. Ödəniş istifadə edilən bəyannamə vərəqlərinin sayına uyğun hesablanır. Şirkətlər xidmət paketlərini hesab-faktura əsasında əldə edə bilərlər.

Platformada qeydiyyat ödənişsizdir. Qeydiyyatdan keçən yeni istifadəçilərə 20 hədiyyə vərəqi təqdim olunur. Təklif məhdud müddət üçün nəzərdə tutulub.

"AZAİ TECH" MMC-nin həmtəsisçisi və direktoru Nurlan Aslanov bildirib ki, platformanın əsas məqsədi gömrük bəyannamələrinin hazırlanması zamanı mütəxəssislərin vaxtını alan texniki işləri avtomatlaşdırmaqdır:

"Bəyannamə hazırlığında vaxtın böyük hissəsi sənədlərdəki məlumatların əl ilə köçürülməsinə və mal kodlarının axtarılmasına sərf olunur. "Deklara" bu işlərin avtomatlaşdırılmasını təmin edir ki, mütəxəssis vaxtını yoxlamaya və qərarların qəbuluna yönəldə bilsin. Azərbaycandan keçən yük axını artdıqca gömrük rəsmiləşdirilməsinin sürəti şirkətlər üçün mühüm əhəmiyyət daşıyır".

Şirkətin digər həmtəsisçisi Üzeyir Süleymanov isə platformanın deklarantın peşəkar fəaliyyətini əvəz etmədiyini vurğulayıb:

"Süni intellekt mallar üçün uyğun kodları təklif edir, sənədləri emal edir və bəyannamə məlumatlarını hazırlayır. Lakin yekun qərarı həmişə mütəxəssis özü verir".

Ü.Süleymanov məhsulun Azərbaycanda hazırlandığını və hazırda onun Mərkəzi Asiya bazarlarına çıxarılması istiqamətində iş aparıldığını da bildirib.

Qeyd edək ki, "Deklara" B2B (biznesdən-biznesə) istiqamətli özəl texnoloji məhsuldur. Məhsulun əmtəə nişanı Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb və "AZAİ TECH" MMC-yə məxsusdur.

Platformadan istifadə üçün deklara.ai saytında ödənişsiz olaraq qeydiyyatdan keçmək kifayətdir. Suallarınızı "WhatsApp" vasitəsilə birbaşa süni intellekt assistentinə ünvanlaya bilərsiniz - dərhal cavablandırılacaq: +994 10 250 20 60.