Qaynar xətt:

(+99450) 247 90 86

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

CƏMİYYƏT

46

12.11.2026, 21:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Mir Şahinin ad günüdür.

Mir Şahin Azərbaycan tele-məkanın və  müstəqillik tariximizin canlı arxividir.

Mir Şahin bu günə təsadüfən gəlməyib. Onun çiynində illərin təcrübəsi var. Vətənə, dövlətə, millətə xidməti var.

Azərbaycan Prezidenti onu bu xidmətinə görə dəfələrlə təltif edib. Və bu, sadəcə orden, medal deyil. Bu, dövlətin sənə güvənirəm deməsidir. Bu, Prezidentin sən mənim əsgərimsən deməsidir.

Və Mir Şahin bu güvəni heç vaxt boşa çıxarmayıb. Ən çətin günlərdə, ən ağır günlərdə, müharibə günlərində, sülh günlərində o, həmişə eyni yerdə olub, dövlətin, millətin, prezidentin yanında. O, Real TV-nin rəhbəri  həm də sıravi əməkdaşıdır. Bəli, Mir Şahin üçün rəhbərlik kabinetdə oturmaq deyil. Onun üçün rəhbərlik əməkdaşların arasında olmaqdır.

Mir Şahini ilk dəfə görən adam deyir ki, sərt və tələbkar adamdır.

Hə, sərtdir. Sərt danışır, sərt baxır, sərt tələb edir.

Amma bu sərtlik peşəkara münasibətdə hörmətə və etibara çevrilir. Çünki o, sərtliyi adamı sındırmaq üçün yox, iş üçün edir.

İşini bilməyən dırnaqarası rəhbər işçilərə xas təkəbbürlü deyil. O, mən rəhbərəm, sən kimsən demir. O, gəl birlikdə edək deyir.

Onu kabinetdə yox, daim əməkdaşlar arasında görmək olar. O, kabinet adamı deyil. O, nyusrum, efir, meydan adamıdır.

Efirdə gedən əksər mövzuların müəllifi və istiqamət verəndir. Real TV-də nə görürsünüzsə, onun arxasında Mir Şahin var. Mövzu seçimi, sualın qoyuluşu, verilişin ruhu, hamısında onun əli var. Bəziləri deyir ki, onun işi təbliğatdan ibarətdir. Mən gördüyüm isə odur ki, bu  təbliğat yox, inamdır.

O, dövlətə inanır. O, prezidentə inanır. Və bu inamı efirdə gizlətmir. Bu gün çox adam neytral olmaq adı altında susur. Mən jurnalistəm, mən neytralam deyib vətənə xəyanət edənlər də var. Mir Şahin isə deyir ki,  mən Azərbaycan jurnalistiyəm. Mənim tərəfim Azərbaycan dövlətidir. Və bu, onun ən böyük gücüdir. Mir Şahin işə gələndə ilk girdiyi yer kabineti yox, əməkdaşları ilə bir-bir əl verib görüşdüyü nyusrumdur.

Bu, kiçik detal kimi görünə bilər. Amma əslində böyük şeydir.

Çünki rəhbər işə gəlib kabinetin qapısını bağlayanda, əməkdaşların ona inamı itir. Rəhbər işə gəlib hər kəslə əl verib görüşəndə, əməkdaşlar ailə olur. Orada hamı bilir ki, rəhbər onların yanındadır. Hamı bilir ki, səhv edəndə danlanacaq, düz edəndə alqışlanacaq. Hamı bilir ki, arxalarında Mir Şahin var.

Buna görə də Real TV sadəcə televiziya deyil, məktəbdir. Jurnalistika, vətənpərvərlik məktəbidir.

Bu gün ad günüdür. Yəqin ki, bu yaşdan sonra dəyişməyəcək. Elə mən də istəyirəm dəyişməsin.

Niyə dəyişsin ki? Bu günkü mövqeyi dövlətə, millətə, prezidentə xeyir verirsə, niyə də dəyişsin ki?

Dəyişənlər çoxdur. Dünən bir şey deyib, bu gün başqa şey deyənlər çoxdur. Dünən dövlətin yanında olub, bu gün dövlətə qarşı çıxanlar çoxdur. Dünən vətənpərvər olub, bu gün qrant alıb vətəni satanlar çoxdur.

Mir Şahin onlardan deyil. O, dünən necə idisə, bu gün də elədir. Sabah da elə olacaq.

Və bu, onun ən böyük gücüdür. Prinsipi dəyişməmək. Vətəni dəyişməmək. Dövləti dəyişməmək.

Doğum günün mübarək. 

Şöhrət El-Dəniz