Qaynar xətt:

(+99450) 247 90 86

Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF  

Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF  

CƏMİYYƏT

43

12.11.2026, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublikamızın dağlıq və sərhəd bölgələrində yaşayan əhali üçün kommunal xərclər, xüsusilə də qaz və elektrik enerjisi istehlakı ilə bağlı fərqli tariflərin və güzəştlərin tətbiqi məsələsi yenidən diqqət mərkəzinə gəlib. Bu təşəbbüs çərçivəsində sərt iqlim şəraitinin mövcud olduğu yaşayış məntəqələrində istehlak limitlərinin ləğv edilməsi və güzəştli tariflərin müəyyənləşdirilməsi vacib addım kimi qiymətləndirilir. Mövcud coğrafi və iqlim fərqləri bölgələrdə yaşayan ailələrin büdcəsinə birbaşa təsir göstərir. Şəhər və kənd əhalisinin gəlir səviyyəsindəki fərqlər də nəzərə alınmaqla kommunal ödənişlərdə diferensial mexanizmlərin tətbiqi sosial ədalət prinsipinin qorunmasına xidmət edir. Xüsusilə qış aylarında sərt hava şərtləri ilə üzləşən dağlıq rayonlarda sərfiyyatın həcmi yüksək olur. Bu baxımdan, oxşar beynəlxalq təcrübələr və qonşu ölkələrin modelləri təhlil edilərək yerli şəraitə uyğun qərarların verilməsi zəruridir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, dağlıq və sərhəd rayonlarında kommunal xərclərlə bağlı fərqli tariflərin tətbiqi ilk növbədə tam məqsədəuyğun hesab olunardı:

"İlk növbədə bir məsələyə aydınlıq gətirim ki, ilk dəfə bu qərar mənim tərəfimdən təklif olunub. Son günlərdə isə bu fikir yenidən gündəmə gətirilib, hətta Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc öz çıxışında qeyd edib. Düşünürəm ki, bu qərarın qəbul edilməsi tam məqsədə uyğun hesab olunardı. İlk növbədə onu əsaslandırım ki, əhalinin gəlirləri müxtəlifdir, yəni şəhərdə yaşayan vətəndaşla kənddə yaşayan əhalinin gəlirləri fərqlidir. Kommunal xərclər də təbii ki, buna əsasən nizamlanmalıdır”.

İqtisadçı hava şəraitinin də əsas amillərdən biri olduğunu vurğulamışdır:

"İkinci bir səbəb isə hava şəraiti ilə əlaqədardır. Bəzi bölgələrdə daha quraq, daha yağışsız hava şəraiti, iqlim şəraiti daha mülayim olmasına rəğmən, digər bölgələrdə isə hava şəraiti müxtəlifdir – yəni dağlıq ərazidir, yağıntıların payı daha çoxdur, qışda kəskin sərt iqlim şəraiti hökm sürür və buna baxmayaraq vətəndaşların sərfiyyatı bu ərazilərdə daha çox olur”.

Günay Hüseynova qeyd edib ki, bu praktika Türkiyədə də mövcuddur və oxşar qərarlar orada tətbiq olunub:

"Düşünürəm ki, əgər bu qərar eynilə Türkiyədəki kimi – yaxın günlərdə məlumdur ki, Türkiyədə də bu mövzu müzakirə edildi və həmin qərara əsasən də müxtəlif iqlim şəraiti olan regionlarda kommunal qiymətlər də müxtəlif cür hesablanacaq – ölkəmizdə də bu qərarın tətbiqi daha məqsədəuyğun olardı”.

Ekspert açıqlamasında sosial ədalət və gəlirlərin xərclərə uyğunlaşdırılması məsələsinə də toxunub:

"Digər bir məsələ isə sosial ədalət və gəlirlərin, xərclərin pay bölgüsü ilə əlaqədardır. Məsələn, bu qərarı düşünərkən biz həm hava şəraitini, həmçinin də vətəndaşların gəlirləri, eyni zamanda urbanizasiya problemi ilə əlaqədar hesablayırıq. Düşünürəm ki, kommunal xidmətlərdə müəyyən endirimin olması, müəyyən qiymət tarifləri, eyni zamanda limitin tətbiqi də şəhərdəki urbanizasiya problemini qismən həll edər”.

Lakin iqtisadçı şəhər əhalisinin də çətinliklərinə diqqət çəkib:

"Lakin bir məsələyə də toxunmaq istəyirəm ki, əgər kənd əhalisinin gəlirləri azdırsa və buna uyğun olaraq da kommunal xidmətlərin də müəyyən münasib qiymətdə, tarifdə hesablanması nəzərdə tutulacaqsa, çünki şəhər əhalisinin də müəyyən kredit problemləri var, xərcləri daha çoxdur. Məsələn, qidalanmanı, ərzaq təminatını müəyyən hissəsini kənd əhalisi öz şəxsi hesabına istehlak edə bilirsə, şəhərdə isə bir qədər situasiya fərqlidir. Onun üçün də düşünürəm ki, əgər bu barədə ədaləti təmin etmək istəyiriksə, şəhər əhalisi üçün də hər hansısa bir güzəşt və yaxud da müəyyən endirimlərin tətbiqi daha məqsədəuyğun olardı”.

Sonda isə kredit şərtləri və daşınmaz əmlak sektorunda da güzəştlərin tətbiq edilməsinin vacibliyini qeyd edən Günay Hüseynova əlavə edib ki, kreditlərlə bağlı da müəyyən güzəştlərinin olması daha məqsədəuyğun olardı:

“Məsələn, şəhərdə tutaq ki, kreditə müraciət etdikdə 25-28-30% də verilirsə, əgər kənd və yaxud da rayon yerlərində kreditə müraciət edilirsə, bu zaman güzəştli olaraq 8-10% və yaxud da simvolik hər hansısa bir qiymətin təyin olunması daha məqsədəuyğun olardı”.

Çimnaz Telmanqızı