Qaynar xətt:

(+99450) 247 90 86

Təmayüllü məktəblər repetitorluğu sıradan çıxara biləcəkmi? - Foto

Təmayüllü məktəblər repetitorluğu sıradan çıxara biləcəkmi? - Foto

CƏMİYYƏT

35

12.11.2026, 18:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda X-XI siniflərdə təmayül tədris modelinin tətbiq dairəsi genişləndirilib.

Elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin əvvəlində vurğuladı ki, 2025-2026-cı illərdə pilot layihə kimi 13 şəhər və rayon üzrə 14 ümumi təhsil müəssisəsində tətbiq edilən model, 2026-2027-ci tədris ilində 46 şəhər və rayonu əhatə edərək 90 məktəbə çatdırılacaq.

Təmayül tədris modelinin tətbiqində əsas məqsəd tam orta təhsildə tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərin maraq və qabiliyyətinə uyğun təhsil almasını təmin etməkdir. Eyni zamanda, layihə əlavə hazırlıq kurslarına ehtiyac olmadan məktəbdə gücləndirilmiş tədrisin təşkili və ali məktəblərə qəbul üçün zəruri bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.

Bəs görəsən, məktəblərdə təmayül tədris modelinin tətbiqinə keçid repetitorluq fəaliyyətini kölgədə qoya biləcəkmi?

 Oxu24.com məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, təmayül tədris modelinin tətbiqi repetitorluq fəaliyyətini geridə qoymayacaq:

"Təmayüllü məktəblərdə, xüsusilə də şagirdlərin müəyyən universitetlərə qəbul proqramları əsasında tədris prosesi həyata keçirilir. Yəni ümumi təhsil müəssisələrində tətbiq olunan tədris proqramından əlavə, təmayüllü məktəblərdə universitetə hazırlıq istiqamətində xüsusi tədris proqramı formalaşdırılır və şagirdlərə bu istiqamətdə dərslər keçirilir.

Repetitorluq fəaliyyəti təmayüllü məktəb, ümumi təhsil müəssisəsi, lisey və ya hazırlıq kursundan asılı olmayaraq müəllimin üzərinə fərdi məsuliyyətin düşməsi deməkdir. Repetitor müəllim bütün məsuliyyətin öz üzərində olduğunu hiss edir və buna görə də tədris prosesinə daha ciddi yanaşır.

Amma təmayüllü məktəbdə, liseydə, hazırlıq kursunda müəllimlə yanaşı, əlavə olaraq kursun və ya təhsil müəssisəsinin də üzərinə məsuliyyət düşür.

Məsuliyyət müəssisənin üzərinə düşdüyü təqdirdə, müəllim o qədər də çox can yandırmır. Lakin repetitorluqda cavabdehlik birbaşa müəllimin üzərinə düşdüyü üçün o, daha çox çalışır ki, nəticə yüksək olsun. Çünki müəllim bilir ki, şagird təmayüllü məktəbdə, hazırlıq kursunda və ya liseydə təhsil aldığı zaman əldə olunan nailiyyət həmin təhsil müəssisəsinin adına yazılacaq, müəllimin adına yox.

Amma şagird müəllimin fərdi hazırlığında nailiyyət əldə edərsə, bu uğur birbaşa müəllimin adı ilə əlaqələndirilir. Bu da müəllimin daha çox tanınmasına səbəb ola bilər. Ona görə də, repetitorluq fəaliyyəti qətiyyən aradan qalxmayacaq. Təmayüllü məktəblərin sayı nə qədər çox olsa da, bu, repetitorluq fəaliyyətinə ciddi təsir göstərməyəcək".

Ekspertin sözlərinə görə, ölkədəki liseylərin şagirdləri də repetitor yanına gedir:

"Bildiyiniz kimi, onların təhsil haqları da kifayət qədər yüksəkdir, 10 min manata qədər, hətta bundan da çox olanı var. Lakin həmin özəl liseylərdə təhsil alan və eyni zamanda repetitor yanına hazırlığa gedən şagirdlər də var. Yəni, valideyn liseyə 10 min manat ödəməklə yanaşı, repetitora da müəyyən məbləğdə vəsait ödəyir.

Xaricdəki universitetlərə qəbul olmaq istəyənləri çıxmaq şərtilə, özəl liseylərdə təhsil alan, Azərbaycandakı ali məktəblərə hazırlaşan şagirdlər yenə də repetitor yanına gedirlər".

Müsahibimiz deyir ki, repetitorluq fəaliyyəti artıq ölkədə bir növ brendə çevrilib:

"Belə bir düşüncə formalaşıb ki, repetitor yanına getmədən uşağın yüksək bal toplaması mümkün deyil. Həqiqətən də, vəziyyət bu cürdür. Təmayüllü məktəblərin sayı nə qədər çox artsa da, bu, repetitorluq fəaliyyətinə hər hansı ciddi təsir göstərə bilməyəcək".