Qaynar xətt:

(+99450) 247 90 86

Elektromobil alanlar peşman olur?  —  Maşın ustası CAVABLANDIRDI

Elektromobil alanlar peşman olur?  —  Maşın ustası CAVABLANDIRDI

CƏMİYYƏT

124

09.11.2026, 18:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə dünya üzrə elektrik avtomobillərinə (elektromobillərə) olan maraq sürətlə artmaqdadır və bu trend Azərbaycan avtomobil bazarından da yan keçmir. Ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi istiqamətində müəyyən addımlar atılsa da, sürücülər üçün bu avtomobillərə tam keçid məsələsi hələ də suallar doğurur. Elektromobillərin ənənəvi daxili yanma mühərrikli avtomobillərlə müqayisədə bir sıra üstünlükləri olsa da, mövcud şəraitdə bəzi ciddi çatışmazlıqları və çətinlikləri də diqqət çəkir.

Xüsusilə elektrik doldurma məntəqələrinin sayca azlığı və avtomobillərin real yürüş məsafəsinin istehsalçı göstəricilərindən fərqlənməsi istehlakçıların seçimində mühüm rol oynayır. Bunun fonunda bir çox alıcılar tam elektrikli modellər yerinə plug-in hibrid avtomobillərə daha çox üstünlük verməyə başlayıblar. Elektromobil bazarındakı mövcud vəziyyət, alıcıların qarşılaşdığı əsas problemlər və gələcək perspektivlər geniş müzakirə mövzusudur.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən avtomobil üzrə mütəxəssis Sahil Ağabəyli bildirib ki, bir neçə il bundan əvvəl elektrik avtomobilləri Azərbaycanda külli miqdarda satışa çıxarılsa da, plug-in hibridlər gəldikdən sonra alıcıların seçimi dəyişib:

"2-3 il bundan öncəni götürsək, ilk növbədə elektromobillər Azərbaycanda külli miqdarda satışını həyata keçirdilər. Ama baxmayaraq ki, alıcısı çox olduğuna görə, plug-in hibridlər gəlməmişdi. Plug-in hibridlər artıq satışa çıxandan sonra hərkəs üçün artıq seçim plug-in hibrid oldu. Nəyə görə? Çünki EDM-lər (elektrik doldurma məntəqələri) olmadığına görə, hərkəs plug-in-ə üstünlük verdi ki, əgər elektrik yoxdursa, mən yanacaqla, daxili yanma mühərriki ilə hərəkət edim”.

Mütəxəssisin sözlərinə görə, elektromobillərin istehsalçı tərəfindən bəyan edilən yürüş məsafəsi ilə real istismar şəraitində qət etdiyi məsafə arasında ciddi fərqlər müşahidə olunur.

Belə ki, texniki göstəricilərində 400 kilometr yürüş məsafəsi qeyd olunan bəzi avtomobillər faktiki olaraq təxminən 200 kilometr, 600 kilometr yürüş imkanına malik olduğu bildirilən modellər isə 350 kilometr məsafə qət edə bilir. Bu fərqlər istehlakçıların elektromobillərə və satıcıların təqdim etdiyi texniki göstəricilərə olan etimadının azalmasına səbəb olur.

O qeyd edib ki, elektromobillərin geniş yayılmasına mane olan əsas amillərdən biri də enerji doldurma infrastrukturunun yetərli səviyyədə inkişaf etməməsidir:

“Xüsusilə şəhərlərarası avtomobil yollarında enerji doldurma məntəqələrinin sayının az olması sürücülər üçün əlavə çətinliklər yaradır. Məsələn, Bakı-Qazax avtomobil yolunda bəzi yanacaqdoldurma məntəqələrində cəmi bir enerji doldurma qurğusunun mövcudluğu növbələrin yaranmasına və sürücülərin vaxt itkisinə səbəb olur. Bir avtomobilin enerji ilə təmin olunması təxminən bir saat çəkdiyi halda, növbəti avtomobilin sürücüsü daha uzun müddət gözləməli olur. Bu isə elektromobillərdən istifadənin rahatlığını və səmərəliliyini azaldan amillərdəndir”.

Sahil Ağabəyli hesab edir ki, gələcəkdə elektromobillərin texniki imkanlarının təkmilləşdirilməsi, xüsusilə bir dəfə enerji doldurmaqla 1000 kilometrədək məsafə qət edə bilən modellərin bazara çıxması bu nəqliyyat vasitələrinə marağı yenidən artıra bilər.

Onun fikrincə, hazırda elektromobillərə üstünlük verilməsinin başlıca səbəbi iqtisadi səmərəlilik və yanacaq xərclərinə qənaət imkanlarıdır. Belə ki, daxili yanma mühərrikli avtomobillərlə gündəlik 100 kilometr məsafə qət etmək üçün təxminən 15-20 manat yanacaq sərf olunduğu halda, elektromobillərdə eyni məsafənin enerji xərci təxminən 1-2 manat təşkil edə bilər. Plug-in hibridlərdə isə bu göstərici təxminən 10 manata çata bilər.

Mütəxəssis sonda vurğulayıb ki, elektromobillərə maraq kifayət qədər yüksək olsa da, mövcud texniki və infrastruktur imkanları bu nəqliyyat vasitələrinin geniş istifadəsinə hələlik tam şərait yaratmır.

Çimnaz Telmanqızı