Qaynar xətt:

(+99450) 247 90 86

Bu məktəblərlə bağlı XƏBƏRDARLIQ:Hansı qərar GÖZLƏNİLİR?

Bu məktəblərlə bağlı XƏBƏRDARLIQ:Hansı qərar GÖZLƏNİLİR?

CƏMİYYƏT

159

09.11.2026, 15:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda təhsil sisteminin maliyyələşdirilməsi mexanizmində mühüm və köklü islahatların həyata keçirilməsi planlaşdırılır. Maliyyə naziri Sahil Babayevin verdiyi bəyanata əsasən, cari ildən etibarən müəyyən sayda məktəb, gələn ildən isə təhsil müəssisələrinin əksəriyyəti adambaşına maliyyələşmə modelinə keçiriləcək.

Nəzərdə tutulan bu yeni mexanizmin mərhələli şəkildə həm ümumi təhsil, həm də məktəbəqədər təhsil sahələrində genişləndirilməsi planlaşdırılır. Yeni sistemin tətbiqi ictimaiyyətdə və təhsil ictimaiyyətində böyük maraqla yanaşı, müəyyən suallar da doğurub.

Xüsusilə şagird sayı az olan ucqar kənd məktəblərinin büdcə təminatında çətinliklərin yarana biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Ekspertlər hesab edirlər ki, təhsilin maliyyələşməsi yalnız şagird sayına əsaslanmamalı, hər bir məktəbin spesifik şəraiti nəzərə alınmalıdır.

Bəs yeni maliyyələşmə mexanizmi böyük şəhər məktəbləri ilə azkomplektli kənd məktəbləri arasında necə bir fərq yaradacaq və ucqar ərazilərdə təhsil alan şagirdlərin hüquqları necə qorunacaq?

Mövzu ilə bağlı Oxu24.com-a öz özəl şərhini Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli təqdim edib. 

Ekspert bildirib ki, adambaşına maliyyələşmə mexanizminin tətbiqi təhsil sistemimizdə resursların daha səmərəli bölüşdürülməsi baxımından müəyyən üstünlüklər yarada bilər. Lakin burada diqqət edilməli çox mühüm məgər var ki, təhsilin maliyyələşməsi yalnız şagird sayına əsaslanmamalıdır.

Çünki şəhər məktəbi ilə ucqar kənd məktəbinin fəaliyyət şəraiti, xərcləri və ehtiyacları eyni deyil. 

Əmrah Həsənli qeyd edib ki, şagird sayısı çox olan məktəblərdə maliyyələşmənin həcmi təbii olaraq daha yüksək ola bilər:

“Amma bu yanaşma kiçik kənd məktəblərinin maliyyə təminatının zəifləməsinə gətirib çıxarmamalıdır. Məsələn, ucqar kənddə 30–40 şagirdi olan bir məktəbin saxlanılması üçün də müəllim heyətinə, kommunal xidmətlərə, istilik sisteminə, tədris resurslarına və digər zəruri ehtiyaclara vəsait ayrılmalıdır”.

Ekspert qeyd edib ki, həmin məktəbin şagird sayı azdır deyə onun xərcləri də eyni nisbətdə azalar demək deyil. Əksinə, bəzi hallarda coğrafi məsafə və infrastruktura çətinlikləri həmin məktəblərin saxlanmasını daha da xərc tələb edən prosesə çevirir.

Əmrah Həsənli hesab edir ki, bu mexanizm tətbiq edilərkən diferensial maliyyələşmə modeli nəzərdə tutulmalıdır. Yəni adambaşına maliyyələşmə əsas prinsip kimi götürülsə də, ucqar ərazilərdə yerləşən, şagird sayı az olan və sosial baxımdan xüsusiyyət daşıyan məktəblər üçün əlavə maliyyə təminatı mexanizmi yaradılmalıdır. Burada coğrafi yerləşmə, şagird sayı, məktəbin infrastrukturu, siniflərin komplektləşdirilməsi və nəqliyyat əlçatanlığı kimi amillər mütləq nəzərə alınmalıdır:

“Digər tərəfdən, məktəb yalnız təhsil xidməti göstərən müəssisə deyil, xüsusilə də kənd yerlərində sosial həyatın mühüm mərkəzidir. Kiçik kənd məktəbinin bağlanması və ya maliyyə imkanlarının məhdudlaşması həmin ərazidə yaşayan uşaqların keyfiyyətli təhsilə çıxışına birbaşa təsir göstərə bilər. Ona görə də adambaşına maliyyələşmə mexanizminin effektivliyi yalnız büdcə vəsaitlərinə qənaətlə deyil, həm də təhsildə bərabər imkanların qorunması ilə ölçülməlidir”.

“Hər birimizin məqsədi şagird sayına görə məktəbləri maliyyə baxımından fərqləndirmək deyil, hər bir şagirdin harda yaşamasından, harda qalmasından asılı olmayaraq keyfiyyətli təhsil almaq imkanını təmin etmək olmalıdır",- deyə ekspert əlavə edib. 

Çimnaz Telmanqızı