Qaynar xətt:

(+99450) 247 90 86

Kombini qışa hazırlamadan işə salmayın – Mütəxəssisdən xəbərdarlıq

Kombini qışa hazırlamadan işə salmayın – Mütəxəssisdən xəbərdarlıq

CƏMİYYƏT

128

07.11.2026, 20:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik probleminin qarşısını almaq və yüksək kommunal xərclərlə üzləşməmək üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir.

Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq? Kombini hər il yuduzdurmaq lazımdırmı? Texniki baxış və yuma hansı hallarda zəruridir, bunun qiyməti nə qədərdir? Qış boyu evin istiliyini qoruyarkən enerjiyə və qaza qənaət etmək üçün hansı məqamlara diqqət edilməlidir?

 Oxu24.com     xəbər verir ki,   İstilik və soyutma sistemləri üzrə mütəxəssis Səxavət Orucovun sözlərinə görə, kombini qış mövsümünə hazırlayarkən ilk növbədə peşəkar mütəxəssis tərəfindən texniki baxış keçirilməlidir. Bu zaman kombinin elektrik, qaz və su sistemi, eləcə də radiator xətləri yoxlanılmalıdır.

“Elektrik şəbəkəsinə qoşularaq mühərrikin, fanın və digər komponentlərin işlək vəziyyətdə olub-olmaması yoxlanılır. Eyni zamanda qazın normal yanıb-yanmadığı və tənzimləyici sistemlər yoxlanılır. Daha sonra radiatorlar və istilik xətləri nəzərdən keçirilir. Lazım gəldikdə radiatorlar təmizlənir, sistem yenidən yığılır və nasaz detallar dəyişdirilir”, – deyə ekspert bildirib.

Kombini hər il yuduzdurmaq lazımdırmı?

S.Orucov hesab edir ki, kombinin hər il yuyulması mütləq deyil. Əsas məsələ cihazın texniki vəziyyətidir. Bununla belə, radiator xətlərinin və istilik sisteminin ildə bir dəfə təmizlənməsi faydalıdır.

Ekspertin sözlərinə görə, kombinin yuyulmasının vahid qiyməti yoxdur və məbləğ mənzilin sahəsindən, kombinin gücündən və sistemin vəziyyətindən asılıdır. 60-70 kvadratmetrlik mənzillərdə 18 və ya 24 kilovatlıq kombinin yuyulması adətən 50-70 manata başa gəlir. Daha böyük və çoxsaylı kombi sistemlərində isə qiymət 150-200 manata qədər yüksələ bilər.

Radiatorların düzgün seçilməsi qaz sərfiyyatına da təsir edir

S.Orucov bildirib ki, enerjiyə və qaza qənaət üçün yalnız kombinin deyil, bütövlükdə istilik sisteminin düzgün qurulması vacibdir. Radiatorların sayı və ölçüsü otağın sahəsinə uyğun seçilməlidir.

“İmkan varsa, radiatorun istilikvermə gücünü bir qədər yüksək seçmək daha məqsədəuyğundur. Bu zaman kombi otağı daha rahat qızdırır və qoyulmuş temperatura daha tez çatır. Nəticədə cihaz fasilələrlə işləyir və enerji sərfiyyatı azalır”, – deyə ekspert vurğulayıb.

Mütəxəssis kombinin yuyulmasına və ya texniki baxışa ehtiyac olduğunu göstərən əlamətlərə də diqqət çəkib. Onun sözlərinə görə, kombi 45-50 dərəcədə işlədiyi halda radiatorlar lazımi qədər qızmırsa, səbəb istilik xətlərində tıxanma və ya radiatorların düzgün seçilməməsi ola bilər.

“Kombinin tez-tez sönməsi, təzyiqinin aşağı düşməsi və səsli işləməsi də diqqətdən kənarda saxlanılmamalıdır. Səsli işləmənin səbəbi fan və ya digər nasazlıq ola bilər. Təzyiq davamlı aşağı düşürsə, su sızmasının və ya doldurma kranında problemin olub-olmaması yoxlanılmalıdır”, – deyə o bildirib.

Seçim edərkən servis imkanları nəzərə alınmalıdır

S.Orucov vətəndaşlara kombi alarkən yalnız qiymət və texniki göstəricilərə deyil, servis imkanlarına və ehtiyat hissələrinin əlçatanlığına da diqqət yetirməyi tövsiyə edib.

“Bəzi kombilərin müəyyən detalları xaricdən gətirilir və onların ölkəyə çatdırılması həftələrlə çəkə bilər. Nəticədə vətəndaş uzun müddət kombisiz qalır və cihazı dəyişmək məcburiyyətində olur. Ona görə kombi seçərkən servis şəbəkəsinin, ehtiyat hissələrinin və peşəkar ustaların mövcudluğunu nəzərə almaq lazımdır”, – deyə ekspert vurğulayıb.

O qeyd edib ki, kombi qazla işləyən cihaz olduğundan onun texniki vəziyyətinə laqeyd yanaşmaq olmaz. Qaz yanması, təzyiq və digər göstəricilərlə bağlı problem yarandıqda sistem mütləq mütəxəssis tərəfindən yoxlanılmalıdır.

Qışdan əvvəl qaz təzyiqi də yoxlanılmalıdır

Ekspert qış başlamazdan əvvəl mənzildə qaz və su təzyiqinin də yoxlanılmasını tövsiyə edir. Onun sözlərinə görə, soyuq havalarda eyni binada çoxsaylı kombinin eyni vaxtda işə düşməsi qaz təzyiqi ilə bağlı problemləri daha qabarıq göstərə bilər.

“Bəzən problem kombidə deyil, qaz və ya su təzyiqinin zəif olmasında olur. Buna görə qaz xəttində təzyiqi əvvəlcədən yoxlamaq faydalıdır”, – deyə S.Orucov bildirib.

O, qaz təzyiqinə nəzarət üçün manometrin olmasının da əhəmiyyətli olduğunu qeyd edib.

S.Orucov son olaraq vətəndaşlara kombinin qışa hazırlanması üçün təsadüfi ustalara deyil, peşəkar və etibarlı servis xidmətlərinə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, mövsüm başlamazdan əvvəl texniki baxış qışın ortasında yarana biləcək problemlərin qarşısını almağa kömək edə bilər.

Qapı-pəncərələrin kipliyi enerjiyə qənaətdə önəmlidir

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov da qış aylarında enerjiyə qənaət etmək üçün mənzildə istiliyin qorunmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, qapı və pəncərələrin kip bağlanmaması istilik itkisinə və nəticədə kombinin daha çox işləməsinə səbəb olur.

“Bəzən vətəndaşlar kombinin temperaturunu aşağı salmaq əvəzinə qapı-pəncərəni açaraq havanı dəyişirlər. Bu, düzgün yanaşma deyil. Otağın havasını dəyişmək lazımdır, amma bunu uzun müddət qapı və pəncərəni açıq saxlamaqla etmək olmaz. İstilik itkisinə yol verməmək üçün qapı və pəncərələrin kipliyinə diqqət edilməlidir”, – deyə N.Qasımov bildirib.

Ekspert həmçinin kombi və qaz avadanlıqlarına texniki xidmət göstərərkən təsadüfi ustalara müraciət edilməməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, qazla işləyən avadanlıqlara müdaxilə yalnız müvafiq peşə hazırlığı və sertifikatı olan mütəxəssislər tərəfindən həyata keçirilməlidir.qaynarinfo.az