Qaynar xətt:

(+99450) 247 90 86

115 yaşlı görkəmli Xalq yazıçısı

115 yaşlı görkəmli Xalq yazıçısı

CƏMİYYƏT

66

28.10.2026, 23:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan, Xalq yazıçısı, dramaturq, mütərcim, elm və təhsil təşkilatçısı,  ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 115 illiyi tamam olur. Onun çoxşaxəli yaradıcılığı XX əsr ədəbi-bədii söz sənətimizin ən şərəfli səhifələrindədir. 

Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ilin 28 oktyabr tarixində Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq (bəzi mənbələrdə Eyvə, Evə) kəndində anadan olub.  Tərcümeyi-halına nəzər saldıqda ədibin həyat yolunun ağır və acınacaqlı şəraitdə keçdiyini görürük. Hələ üç yaşından anasını itirən  Mirzə atası və böyük qardaşı ilə Bakıya köç edib. Atası neft buruqlarından çıxan fontan zamanı faciəvi şəkildə dünyasını dəyişib. Amma ailə faciəsi bununla da bitməyib. Çox keçmir ki, o, iş üçün yollanmış olduqları vaxtda qardaşını da itirir. Beləliklə, gələcəyin böyük şəxsiyyətlərindən biri olacaq M. İbrahimov kimsəsiz qalır və bir bəyin evində bir qarın çörək üçün həm nökərçilik, həm çobanlıq edir. Onun həyatı burada da acınacaqlı keçir. Amma yazdığımız və yazmadığımız bütün bu keşməkeşlər onu bir şəxsiyyət kimi formalaşdırır. 

M.İbrahimov bədii yaradıcılığa Bakıya köçdükdən sonra Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub və bundan sonra dövri mətbuatda çoxlu sayda şeirləri nəşr edilib. İlk tənqidi və publisist məqalələrini, hekayə və oçerklərini də elə bu illərdə yazıb. Ali təhsilini tamamladıqdan sonra müxtəlif yüksək vəzifələrdə çalışıb, həmçinin elmi fəaliyyətlə məşğul olub. “Qorxulu səs”, Cənub hekayələri”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Murovdağın ətəyində” kimi hekayələri, “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlər, “Giqantlar ölkəsində”, “Gələcək gün”, “Pərvanə”, “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Közərən ocaqlar”, “Yaxşı adam”, “Böyük dayaq” və sairə əsərləri onun tükənməz qələminin məhsuludur. Müəllifin özü tərəfindən səhnələşdirilən “Böyük dayaq” romanı  Azərbaycan milli kinosunun incilərindəndir. 

Mirzə İbrahimovun zəngin dramaturji yaradıcılığı illərlə Azərbaycan teatrının repertuarından düşməyib. Onun əsərləri milli səhnəmizin bədii məzmununu zənginləşdirməklə yanaşı, insan və cəmiyyət münasibətlərinə, dövrün mühüm problemlərinə yeni mənzum baxışın formalaşmasında özünəməxsus rol oynayıb. Bununla yanaşı, ədib dünya ədəbiyyatından etdiyi tərcümələrlə Azərbaycan səhnəsinin klassik irslə əlaqələrinin genişlənməsinə, teatr mədəniyyətimizin zənginləşməsinə öz dəyərli töhvəsini verib.  O, U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” və başqa rus və avropa dramaturgiyasının dəyərli nümunələrini dilimizə çevirərək Azərbaycan tamaşaçısını dünya teatr klassikası ilə doğma dilində tanış edib. 

Mirzə İbrahimovun ana dilimizin, milli ədəbiyyatşünaslığın və ədəbi tənqidin  inkişafında əvəzsiz rolu olub. Belə ki, sovet dönəmində ölkəmizdə fəaliyyət göstərən əcnəbi dilli məktəblərdə məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin tədrisi qanuni olaraq  rəsmiləşdirilib.  

Mirzə İbrahimov ömrünün sonunadək vətənimizə layiqli bir şəxsiyyət olub, hökümət dairələrində  əməyi daima təqdir edilib və yüksək qiymətləndirilib. Fəaliyyəti dövründə o, Əməkdar incəsənət xadimi (1941), Elmlər Akademiyasının akademiki (1945), Stalin mükafatı laureatı (1950), Xalq yazıçısı (1961), Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Sosialist Əməyi Qəhrəmanı (1981) kimi fəxri ad və mükafatlara layiq görülüb, həmçinin bir neçə dəfə “Lenin”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. 

Mirzə İbrahimov 1993-cü ilin 17 dekabr tarixində Bakıda vəfat edib, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Görkəmli yazıçı, ictimai-siyasi xadim Mirzə İbrahimovun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunub saxlanılan bir neçə eksponatla onun həyat və yaradıcılığının müəyyən fraqmentlərini sizinlə paylaşırıq.

Ruhu şad olsun!

Jalə