Qaynar xətt:

(+99450) 247 90 86

Bağçalarda çalışan tərbiyəçilərlə bağlı YENİ TƏKLİF: Sertifikasiya tətbiq olunsun  

Bağçalarda çalışan tərbiyəçilərlə bağlı YENİ TƏKLİF: Sertifikasiya tətbiq olunsun  

CƏMİYYƏT

64

23.10.2026, 23:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəmizdə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiya prosesi uğurla davam etdirilsə də, məktəbəqədər təhsil müəssisələrində bu mexanizmin tətbiqi məsələsi hələ də aktual olaraq qalır. Təhsilin bünövrəsi hesab olunan bağçalarda keyfiyyətin artırılması, kadr potansialının yenilənməsi və təlim-tərbiyə prosesinin müasir tələblərə uyğunlaşdırılması üçün bağça müəllimlərinin də imtahanlara cəlb olunması zərurəti gündəmə gəlir. Uşaqların ilk sosiallaşma və ilkin biliklərə yiyələnmə mərhələsində rolu olan tərbiyəçilərin peşəkarlıq səviyyəsi ümumi təhsilin gələcək uğurunu müəyyən edən əsas amillərdəndir. Bu baxımdan, bağça müəllimlərinin sertifikasiyadan keçirilməsi həm savadlı kadrların fəaliyyətini stimullaşdıra, həm də ixtisas tərəfindən kifayət qədər bilik və bacarığa malik olmayan şəxslərin müəyyənləşdirilərək sistemdən kənarlaşdırılmasına şərait yarada bilər. 

Bəs bağça müəllimlərinin sertifikasiyadan keçirilməsi hansı zərurətdən irəli gəlir? Bu proses tətbiq olunarsa, məktəbəqədər təhsilin keyfiyyətinə necə təsir edər və müəllimlərin bilik və bacarıqları hansı meyarlar əsasında qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib:

“Bağçalarda müəllimlərin və tərbiyəçilərin sertifikasiyadan keçməsi mümkünlüyü ilə bağlı fikrim qətiyyətlidir: onlar mütləq sertifikasiya imtahanına cəlb olunmalıdırlar”.

Ekspert qeyd edib ki, orta ümumtəhsil məktəblərində, xüsusən də ibtidai siniflərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiya imtahanında müşahidə olundu ki, əvvəlki illərdə müxtəlif yollarla orta ümumtəhsil məktəblərinə ibtidai sinif müəllimi kimi işə qəbul olanların bir qismi heç öz ixtisası üzrə fəaliyyət göstərmir, bir qismi də sertifikasiya imtahanından qənaətbəxş nəticə əldə edə bilmədi. Bu nəyi göstərir? Onu göstərir ki, orta ümumtəhsil məktəblərində bir çox müəllim öz ixtisası üzrə lazım olan bilik və bacarığa mənsub deyil.  

Ramin Nurəliyevin sözlərinə görə, sertifikasiya imtahanında 50 faiz nəticəni keçmək tələb olunur və bu nəticəni toplaya bilməyən müəllimə təkrar bir il şans verilir:

“Elm və Təhsil Nazirliyi tərəfindən belə bir şansın verilməsi çox gözəl bir təşəbbüsdür. Lakin bir illik şansa nəzərən də bəzi müəllimlər qeyri-məqbul nəticə göstərdilər. Bu, həqiqətən də müəllimlik adına bir eyibdir. Çünki hər hansı bir müəllim öz ixtisasının 50 faizindən yuxarısını bilmirsə, o müəllimin könüllü olaraq təhsil müəssisəsindən istefa verib getməsi mütləqdir”.

Ekspert diqqətə çatdırıb ki, gələcək nəsli yetişdirən müəllim savadlı olmalıdır:

“İllərlə tədris prosesini həyata keçirən, lakin ixtisası üzrə lazımi bilik və bacarıqlara malik olmayan hər hansı bir müəllimin övladına dərs keçməsini heç bir valideyn və cəmiyyət üzvü istəməz.  

Məhz bu eyni vəziyyət məktəbəqədər təhsil müəssisələrində də öz əksini tapacaq. Çünki məktəbəqədər təhsil müəssisələrində də əvvəlki illərdə müxtəlif yollarla öz ixtisası üzrə təhsil almayan və ya ixtisaslaşmayan şəxslərin fəaliyyət göstərməsi qaçılmazdır. Məhz buna görə də sertifikasiya imtahanı həm ixtisası üzrə tədris prosesini həyata keçirən müəllimlərin peşəkarlığını müəyyənləşdirəcək, həm də gələcək nəslə lazımi bilik və bacarıqları mənimsətməyi bacarmayan müəllimləri üzə çıxaracaq”.

Ekspert həmçinin vurğulayıb ki, onların əmək müqaviləsinə xitam veriləcək və yerlərinə ali təhsil müəssisələrində bu ixtisas üzrə təhsil alan və ya bitirmiş gənclərin imtahan yolu ilə cəlb olunması həyata keçiriləcək:

“Düşünürəm ki, gənc kadrların bu istiqamətdə fəaliyyəti daha məqsədəuyğundur. Sertifikasiyadan keçə bilməyənlərə nəzərən gənc müəllimlərin məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması daha faydalı və verimli olar. Bu, həm təhsil müəssisələrinin inkişafına, həm də uşaqların təlim-tərbiyə prosesində daha yaxşı iştirak etməsinə öz töhfəsini verər”.

Müsahibimiz bağçalarımızda vəziyyətin qənaətbəxş olmadığını bildirib:

“Təlim-tərbiyə prosesini həyata keçirən şəxslərin lazımi bilik və bacarıqlara mənsub olması mütləqdir. Çünki hər bir təhsilin təməli çox vacibdir və ümumi təhsilin təməli də məktəbəqədər təhsildən — bağçadan başlayır. Ona görə də bağça müəllimlərinin sertifikasiyadan keçməsi bir zərurətdir və bu məsələ kısa bir müddətdə öz həllini tapmalıdır".

Ekspert qeyd edib ki, ümumtəhsil məktəblərində olduğu kimi, məktəbəqədər təhsil müəssisələrində də kadrların peşəkarlıq səviyyəsinin yoxlanılması təhsilin gələcəyi baxımından həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, illərlə fəaliyyət göstərməsinə baxmayaraq, öz ixtisasını tam mənimsəməyən və ya tələb olunan minimal nəticəni göstərə bilməyən şəxslərin bağçalarda qalması yolverilməzdir.  

Ramin Nurəliyev vurğulayıb ki, uşaqların təməlinin qoyulduğu bağçalarda hər bir tərbiyəçinin və müəllimin müasir dövrün tələblərinə cavab verməsi şərtdir:  

“Sertifikasiya imtahanından keçə bilməyən şəxslərin yerini ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, müasir metodikalara bələd olan gənc kadrlar tutmalıdır.  Məktəbəqədər təhsil müəssisələrində aparılacaq bu cür islahatlar və yoxlamalar uşaqların daha savadlı, bacarıqlı və hərtərəfli yetişməsinə birbaşa təsir göstərəcək. İxtisası üzrə zəruri bilikləri nümayiş etdirə bilməyən şəxslərin öz xoşları ilə bu sahədən ayrılması cəmiyyət və gələcək nəslin inkişafı üçün ən doğru addım olar”.

Sonda ekspert əlavə edib ki, məktəbəqədər təhsil sahəsində sertifikasiya prosesinin qısa müddətdə tətbiqi və zəruri mexanizmlərin işə salınması ölkədə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan ən mühüm addımlardan biri olacaqdır.

Çimnaz Telmanqızı