Qaynar xətt:

(+99450) 247 90 86

Vəkil bağışlanmış evə münasibətdə övladların hüquqlarını izah etdi  

Vəkil bağışlanmış evə münasibətdə övladların hüquqlarını izah etdi  

CƏMİYYƏT

64

23.10.2026, 22:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Valideynin sağlığında əmlakını, xüsusilə evini nəvələrindən birinin adına keçirməsi hallarına tez-tez rast gəlinir. Belə hallarda şəxs vəfat etdikdən illər sonra digər övladlar həmin əmlakda özlərinin payının olub-olmadığını, vərəsəlik və ya məcburi pay hüququ əsasında tələb irəli sürə bilib-bilməyəcəklərini öyrənmək istəyirlər. Xüsusilə bağışlanma baş verəndən və şəxsin vəfatından xeyli vaxt keçibsə, bu sual daha da aktuallaşır.

Vəkil Elminaz Qafarova mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında vətəndaşın müraciətini nümunə gətirərək məsələyə aydınlıq gətirib. Müraciətdə qeyd olunub ki, xəstə olan qaynana evi 4 yaşlı nəvəsinin adına keçirib, o, 8 il əvvəl vəfat edib və sağlığında altı övladı olub. Sual isə həmin altı övladın evə münasibətdə hər hansı payının olub-olmaması ilə bağlıdır.

E.Qafarova bildirib ki, belə hallarda əsas məsələ evin vəfatdan əvvəl hansı əsasla nəvənin adına keçirilməsidir. Onun sözlərinə görə, əgər ev şəxsin sağlığında bağışlama müqaviləsi ilə nəvəyə verilibsə, həmin əmlak artıq vəfat edən şəxsin ölümü zamanı onun mirasına daxil olan əmlak sayılmır. Çünki bağışlama nəticəsində əmlak üzərində mülkiyyət hüququ bağışlananın adına keçmiş olur. Buna görə də vərəsəlik zamanı bölüşdürülən miras kütləsinə yalnız şəxsin vəfat etdiyi vaxt onun mülkiyyətində olan əmlak daxil edilir.

Vəkil qeyd edib ki, bu halda digər övladların həmin ev üzərində birbaşa vərəsəlik payı iddia etməsi mümkün deyil. Yəni bağışlama həqiqətən qanunauyğun qaydada rəsmiləşdirilibsə və hüquqi qüvvəsini itirməyibsə, övladlar bu evi vərəsəlik yolu ilə bölüşdürülməsini tələb edə bilməzlər.

E.Qafarova məcburi pay məsələsinə də toxunub. Onun fikrincə, məcburi pay hüququ müəyyən şəxslərə, o cümlədən qanunla nəzərdə tutulmuş hallarda əmək qabiliyyətsiz və ya himayəsində olan şəxslərə aid ola bilər. Lakin bu hüququn həyata keçirilməsi qanunla müəyyən edilmiş müddətlərlə məhdudlaşır. Vəkil vurğulayıb ki, bu cür tələblərə münasibətdə müddətlər kəsici xarakter daşıyır, yəni həmin müddət buraxılıbsa, tələbin təmin olunması çox çətindir və ya mümkün olmur.

Vəkilin sözlərinə görə, nəzərdə tutulan hadisədə şəxsin vəfatından 8 il keçib. Bu isə o deməkdir ki, əgər bağışlama qanuni əsaslarla aparılıbsa və digər övladlar qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq tələblə məhkəməyə və ya səlahiyyətli orqana müraciət etməyibsə, indi məcburi pay və ya digər pay tələbini irəli sürmək üçün hüquqi əsas yoxdur.

E.Qafarova əlavə edib ki, hər bir konkret halda bağışlamanın necə rəsmiləşdirilməsi, bağışlayanın bağışlama zamanı hüquqi və fiziki vəziyyəti, habelə vərəsələrin vəfatdan sonra hansı addımları atdığı nəzərə alınmalıdır. Buna görə də belə mübahisələrlə üzləşən şəxslərə sənədləri hüquqşünasa göstərib məsləhət almaq tövsiyə olunur.

Turan