Qaynar xətt:

(+99450) 247 90 86

Kəramətlə bağlı ŞOK İDDİA: Əsərlərini özü yazmayıb?

Kəramətlə bağlı ŞOK İDDİA: Əsərlərini özü yazmayıb?

CƏMİYYƏT

125

23.10.2026, 16:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində qısa müddətdə dilimizə 10-a yaxın kitab tərcümə olunub. Bu nəşrlər arasında Misir, Avropa ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından türk, rus, gürcü, Orta Asiya dillərinə çevirmələr var.”

Oxu24.com xəbər verir ki,bunu “Yeni Sabah”a AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi-tənqidçi, Əsəd Cahangir deyib. O bildirib ki, bütün bunları görməzdən gəlmək, Bədii Tərcümə Mərkəzini və ümumən tərcüməçiləri 12-ci Beynəlxalq Kitab Sərgisinə dəvət etməmək bir məna verə bilər -  tədbirin təşkilatçılarının ədəbi prosesdən yaxşı xəbəri yoxdur:

“Halbuki qloballaşan dünyada tərcümə işi böyük əhəmiyyət daşıyır. 

AYB katibi Rəşad Məcid dünən məndən soruşur ki, niyə Tərcümə Mərkəzi Festivalda yoxdur. Bu qədər kitab nəşr etmisiniz, bəs niyə tədbirdə iştirak etmirsiniz? Mən də cavab verdim ki, məni nə vaxt dəvət ediblər ki, gedib iştirak edim? Yəni mütləq özüm məlumat verməli, xahiş etməliyəm ki, məni də siyahıya salsın?

Biz az qala hər ay bir tərcümə kitabının təqdimatını keçiririk. Bəyəm, tədbirin təşkilatçıları bunu görmürlər? Sosial şəbəkələrdə bu barədə saysız-hesabsız paylaşımlar edilir. Onda bu münasibətin səbəbi nədir? Bu, şəxsi qərəzlikdən irəli gəlir? Mən belə deməzdim, bunu ümumilikdə tərcümə işinə etinasızlıq kimi qiymətləndirmirəm”.

Ədəbi-tənqidçi qeyd edib ki, biz bu gün açıq mədəniyyət mühitində yaşayırıq və o qapalı mədəniyyətlə səciyyələnən sovet dövrü artıq geridə qalıb və bu amil tərcümə işinin önəmini qat-qat artırır:

“Dünən AYB sədri Anar müəllim Kolumbiya səfiri və yazarlarını qəbul etdi. Biz Kolumbiya səfirliyinin nümayəndələri ilə razılaşdıq ki, son dövr Azərbaycan ədəbiyyatından nümunələr onların dilinə, eyni dövr Kolumbiya ədəbiyyatı nümunələri isə Azərbaycan dilinə tərcümə olunsun, antologiyalar çap olunsun.

Müasir dünyada tərcümə işinə əhəmiyyət verməmək cəmiyyəti qapalı sovet dövrünə qaytarmaq cəhdi kimi görünə bilər. Halbuki, biz bu gün açıq mədəniyyət mühitində yaşayırıq və o qapalı dövr artıq geridə qalıb.

Mən Festival iştirakçılarına uğur arzulayıram. Ümid edirəm ki, layihənin təşkilatçıları bundan sonrakı fəaliyyətlərində dost mövqeyindən səsləndirdiyim bu tənqidi qeydləri nəzərə alacaqlar. Məsələ, əlbəttə, təkcə məndən getmir. Azərbaycanda tərcümə işi ilə məşğul olan çoxlu sayda qələm adamı var. Onların əməyini qiymətləndirmək, fəaliyyətlərini tanıtmaq və kitablarını sərgidə nümayiş etdirmək üçün də şərait yaradılmalıdır”.

Ə. Cahangir 12-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan “Ən çox oxunan milli müəllif” səsverməsinə Kəramət Böyükçölün ciddi fərqlə liderlik etməsinə də münasibət bildirib:

“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur. Çünki Kəramət yazıçı deyil. Onun kitablarını da özü yazmır. Bunu həm Kəramət, həm də ətrafındakılar yaxşı bilir. Kəramət hətta bloger belə  deyil, sadəcə sosial şəbəkələrdə aktivlik göstərən bir adamdır. Başqa heç nə. O hətta kitablarını özü yazmış olsaydı belə, həmin əsərlərin heç bir bədii-estetik dəyəri, ictimai mənası və yükü yoxdur. Belə birisindən süni şəkildə yazıçı obrazı yaradıb onu siyahılara salmaq, daha sonra lider elan etmək kimə lazımdır?

Onun səsvermədə ciddi fərqlə lider olması da burda müəyyən saxtalaşdırmaların ola biləcəyini göstərir. Mən bilmirəm, bu liderlik hansı meyarlar əsasında müəyyənləşdirilir.

Digər tərəfdən, səsvermənin nəticələrinin obyektivliyini kim yoxlayıb? Proses nə dərəcədə şəffafdır? Mənə elə gəlir ki, Kəramət, ümumiyyətlə, ədəbiyyatı aşağılamağa yönəlmiş məqsədyönlü siyasəti həyata keçirən, belə bir layihəyə xidmət edən layihədir”.

Ədəbiyyatşünas qeyd edib ki, Kəramət Böyükçölü lider elan etmək ədəbiyyatı təhqir etmək deməkdir:

“Biz postmodern dövrdə yaşayırıq. Müasir dünyada çox şey baş-ayaqdır, hər şey sanki öz əksinə çevrilib. Məsələn, kimsə liderdirsə, bəlkə də, liderliyə ən az layiq olan elə odur. Kəramət özü də yaxşı başa düşür ki, yazıçı deyil. Ancaq həmin layihəni həyata keçirənlərə Kəramət kimi biri lazımdır. Ağıllı, savadlı, zövqü və istedadı olan həqiqi yazıçını oyuncağa çevirmək o qədər də asan deyil. Çünki onun öz mövqeyi var. Kəramət isə mövqeyi olmayan, ona verilənlərin qarşılığında hər şeyə getməyə hazır olan biridir. Biri var, insanın ədəbiyyata beş faiz aidiyyəti olsun, bir də var ki, heç bir aidiyyəti olmasın. Kəramətin ədəbiyyata ümumiyyətlə dəxli yoxdur. Onu yazıçı hesab etmək utancdır, lider elan etmək isə ədəbiyyatı təhqir etmək deməkdir. Əgər bu nəticələr saxtalaşdırma yolu ilə əldə edilibsə, bu, ədəbiyyata və həqiqi ədəbiyyat adamlarına qarşı hörmətsizlikdir”.