Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət subsidiyaları qiymətlərə niyə təsir etmir? – Ərzaq bazarında CİDDİ SUALLAR  

Dövlət subsidiyaları qiymətlərə niyə təsir etmir? – Ərzaq bazarında CİDDİ SUALLAR  

CƏMİYYƏT

64

22.10.2026, 22:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkədə ərzaq məhsullarının qiymətində müşahidə olunan artım dinamikası əhalinin sosial rifahına və ailə büdcəsinə birbaşa təsir göstərən əsas amillərdən biri kimi qalmaqdadır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz yüksəlib. Təkcə sentyabr ayında əvvəlki ayla müqayisədə 1,4 faizlik bahalaşma qeydə alınıb ki, bu artımda da kənd təsərrüfatı və gündəlik tələbat malları xüsusi çəkiyə malikdir.

Ən kəskin qiymət artımı tərəvəz, yumurta və ət məhsullarında fiziki olaraq hiss olunur. Nəzərə alsaq ki, Azərbaycanda bir çox ailə aylıq qazancının 50 faizindən çoxunu yalnız gündəlik qidalanmaya sərf etmək məcburiyyətində qalır, bu cür inflyasiya təzyiqləri digər zəruri ehtiyacların ödənilməsini məhdudlaşdırır. İstehlakçıların alıcılıq qabiliyyətinin qorunması və sosial bərabərsizliyin dərinləşməməsi üçün bazarın dayanıqlıq dərəcəsi yenidən təhlil olunmalıdır. 

Önümüzdəki qış mövsümündə isə enerji, logistika, saxlama və yem xərclərinin artması səbəbindən ərzaq bazarında əlavə qiymət təzyiqlərinin yaranması riski kifayət qədər yüksək qiymətləndirilir. Dövlətin aqrar sektora ayırdığı subsidiyaların və dəstək mexanizmlərinin real nəticələrinin məhz son istehlak qiymətlərində əks olunması xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov ərzaq bazarındakı mövcud vəziyyəti, qiymət artımına təsir edən əsas amilləri və qış aylarında gözlənilən ehtimalları geniş şərh edib.

Ekspert bildirib ki, ərzaq inflyasiyasında ən ciddi məsələ əhalinin gəlirlərinin hansı hissəsini qidalanmaya sərf etməsidir:

"Azərbaycanda bir çox ailə qazancının 50 faizdən çoxunu yalnız qida məhsullarının alınmasına xərcləmək məcburiyyətində qalır. Bu, sosial ədalət baxımından ciddi problemdir. İnsan işləyir, gəlir əldə edir, lakin qazancının yarıdan çoxu yalnız gündəlik qidalanmaya gedirsə, onun təhsil, səhiyyə, mənzil, istirahət, uşaqların inkişafı və gələcək üçün yığım imkanları kəskin məhdudlaşır. Belə şəraitdə nominal əməkhaqqının və pensiyanın artması da insanların real rifahının yüksəlməsi demək deyil. Əsas göstərici insanın qazandığı pulla nə qədər məhsul və xidmət ala bilməsidir”.

Asif İbrahimov vurğulayıb ki, ərzaq inflyasiyası bütün əhaliyə eyni dərəcədə təsir etmir və təbəqələşməni derinləşdirir:

"Yüksək gəlirli ailə qiymət artımını müəyyən qədər qarşılaya bilir, aşağı gəlirli ailə isə qida xərclərinin artımını digər zəruri ehtiyaclarından imtina etməklə kompensasiya edir. Nəticədə sosial bərabərsizlik daha da dərinləşir. Ərzaq xərclərinin ailə büdcəsindəki payı yüksəldikcə yoxsulluq riski artır, insanların həyat keyfiyyəti aşağı düşür və iqtisadi artımın nəticələri əhalinin bütün təbəqələrinə bərabər şəkildə çatmır. Əhalinin gəlirinin əsas hissəsinin ərzağa yönəlməsi iqtisadi siyasətin sosial nəticələrinin yenidən qiymətləndirilməsini tələb edir”.

İqtisadçı aqrar sektora ayrılan dövlət dəstəyinin və subsidiyaların səmərəliliyi məsələsinə də toxunub:

"Bu vəziyyət aqrar siyasətin nəticələri ilə bağlı da ciddi suallar yaradır. İllərdir kənd təsərrüfatına subsidiyalar ayrılır, güzəştli kreditlər verilir, müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Bəs bu tədbirlərin nəticəsi niyə istehlakçı üçün sabit və əlçatan ərzaq qiymətləri şəklində hiss olunmur? Niyə qış mövsümündə tərəvəz bahalaşması təkrarlanır? Niyə ət, süd və yumurta istehsalında yem, enerji və digər istehsal xərclərinin artması bu qədər tez son istehlak qiymətlərinə ötürülür? Dövlət dəstəyinin real nəticəsi yalnız ayrılmış vəsaitlə deyil, məhsuldarlığın yüksəlməsi, istehsalın artması, maya dəyərinin azalması və əhalinin ərzağa əlçatanlığının yaxşılaşması ilə ölçülməlidir”.

Qarşıdan gələn qış mövsümünün təsirlərini dəyərləndirən ekspert, qiymət artımına təsir edən konkret xərc amillərini diqqətə çatdırıb:

"Qış aylarında xüsusilə istixana məhsullarının qiymətinə enerji və isitmə xərcləri, saxlama və daşınma imkanları təsir göstərə bilər. Ət və süd məhsullarında yem bazası, quşçuluqda yem və digər istehsal xərcləri, tərəvəz bazarında isə mövsümi təklif və anbar ehtiyatları mühüm rol oynayır. Gübrə, toxum, yanacaq, suvarma, texnika və logistika xərcləri yüksək olduqda fermerin məhsulu baha başa gəlir. Məhsulun tarladan və ya fermadan istehlakçıya çatmasına qədər uzanan satış zəncirində vasitəçi xərcləri və mümkün qiymət fərqləri də araşdırılmalıdır. Yerli istehsalın bəzi məhsullar üzrə daxili tələbatı tam ödəyə bilməməsi idxaldan asılılığı artırır və dünya bazarındakı qiymət, məzənnə və logistika dəyişikliklərini ölkə daxilindəki qiymətlərə ötürür”.

Asif İbrahimov əlavə edib ki, məsuliyyətli iqtisadi idarəetmə şəffaflıq və ciddi təhlil tələb edir:

"Burada məsuliyyətli iqtisadi idarəetmənin əsas tələbi qiymət artımının səbəblərini ümumi ifadələrlə izah etməklə kifayətlənməməkdir. Hansı məhsul üzrə istehsal nə qədərdir, daxili tələbatın hansı hissəsi yerli istehsalla təmin edilir, nə qədər idxal olunur, mövsümi ehtiyatlar nə vəziyyətdədir, istehsalçı ilə pərakəndə satış qiyməti arasında nə qədər fərq yaranır – bu məlumatlar müntəzəm və şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir. Rəqabəti məhdudlaşdıran hallar və əsassız qiymət artımları varsa, onlar da hüquqi çərçivədə araşdırılmalıdır. Subsidiyaların səmərəliliyi isə ayrılan vəsaitin həcmi ilə deyil, konkret iqtisadi və sosial nəticələrlə qiymətləndirilməlidir”.

Ərzaq bahalaşmasının ümumi iqtisadiyyata təsirini xatırladan iqtisadçı, problemin kiçik və orta biznesə də mənfi təsir etdiyini bildirib:

"Ərzaq bahalaşmasının təsiri təkcə mətbəx xərcləri ilə məhdudlaşmır. Ailələr qida məhsullarına daha çox pul xərclədikcə geyimə, məişət xidmətlərinə, təhsilə, istirahətə və digər sahələrə ayırdıqları vəsaiti azaldırlar. Bu, daxili tələbi zəiflədir, kiçik və orta biznesin dövriyyəsinə mənfi təsir göstərir və iqtisadi fəallığı məhdudlaşdırır. Yəni ərzaq inflyasiyası həm sosial rifah, həm də iqtisadi inkişaf problemidir”.

Ekspert son olaraq hökumətin atmalı olduğu addımlara diqqət çəkib:

"Hökumət qarşıdakı qış mövsümünə hazırlıq çərçivəsində əsas ərzaq məhsulları üzrə tələb-təklif balansını, ehtiyatları, idxal risklərini və qiymət dinamikasını əvvəlcədən təhlil etməlidir. Soyuducu anbarların və logistika infrastrukturunun genişləndirilməsi, fermerlərin istehsal xərclərinin azaldılması, yerli məhsuldarlığın artırılması və satış zəncirində şəffaflığın gücləndirilməsi prioritet olmalıdır. Aşağı gəlirli ailələrin alıcılıq qabiliyyətinin qorunması üçün sosial dəstək tədbirləri də real ərzaq inflyasiyası nəzərə alınmaqla qiymətləndirilməlidir. Əhalinin qazancının yarıdan çoxunu ərzağa xərcləməsi normal sosial-iqtisadi vəziyyət kimi qəbul edilə bilməz. Bu, ailələrin gəlirlərinin, ərzaq qiymətlərinin və dövlətin aqrar siyasətinin nəticələrinin birlikdə qiymətləndirilməsini tələb edən ciddi sosial ədalət məsələsidir. Ərzaq bazarının dayanıqlığı yalnız kənd təsərrüfatı istehsalçısının deyil, həm də istehlakçının maraqlarını qorumalıdır. Əsas məqsəd insanların sadəcə ərzaq ala bilməsi deyil, qazancının böyük hissəsini yalnız qidalanmaya sərf etmədən ləyaqətli həyat sürə bilməsidir”.

Çimnaz Telmanqızı