Qaynar xətt:

(+99450) 247 90 86

Elxan Cəfərov: “İnsan dinə şüurlu seçim etdikdən sonra gəlməlidir”  

Elxan Cəfərov: “İnsan dinə şüurlu seçim etdikdən sonra gəlməlidir”  

CƏMİYYƏT

111

12.10.2026, 16:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov məktəblərdə hicab məsələsi, dini seçim azadlığı, dünyəvi təhsil və qadınların cəmiyyətdəki rolu ilə bağlı fikirlərini bölüşüb.

Kinorejissor Oxu24.com-a açıqlamasında bildirib ki, mövzu olduqca həssasdır və bu məsələyə münasibət bildirərkən cəmiyyətdə mövcud olan fərqli yanaşmalar, valideynlərin narahatlıqları və şəxsi seçim azadlığı nəzərə alınmalıdır.

Onun sözlərinə görə, cəmiyyətin inkişafı, dünyəvi düşüncənin formalaşması və maariflənmə tarixi prosesdir. Bu prosesin müxtəlif mərhələlərində yeniliklərə qarşı müqavimət göstərilməsi təbii haldır.

“Əlbəttə, bu, çox həssas mövzudur. Burada qəti şəkildə hər hansı bir mövqe bildirmək müəyyən mənada çətindir. Amma onu demək istərdim ki, bu, tarixi bir prosesdir. Hələ XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən etibarən Mirzə Ələkbər Sabirin şeirlərində, Cəlil Məmmədquluzadənin əsərlərində mütəfəkkirlərimizin tərəqqiyə doğru gedən yolda qarşılaşdıqları maneələr öz əksini tapıb. Bu, cəmiyyətin inkişafı ilə bağlı daim davam edən bir prosesdir. Tərəqqi müəyyən mənada müxtəlif qüvvələrin qarşıdurması, köhnə düşüncə ilə yeni baxışların üz-üzə gəlməsi fonunda baş verir”, – deyə Elxan Cəfərov qeyd edib.

Kinorejissor hesab edir ki, insanın dini inancla bağlı qərarı şüurlu şəkildə verməsi mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, fərdin dünyagörüşü və şəxsi düşüncələri formalaşdıqdan sonra dini seçim etməsi daha doğru yanaşma ola bilər.

“İnsan tam formalaşdıqdan, özünün şəxsi fikirləri və dünyagörüşü müəyyənləşdikdən sonra dinə gəlməsi, məncə, daha doğrudur. Çünki insan seçim etməlidir. Dinin əsas məzmununda da seçim məsələsi mühüm yer tutur. İnsan müxtəlif yolların arasından öz yolunu seçməli, qəbul etdiyi inanca qəlbən və şüurlu şəkildə bağlanmalıdır. Bu seçim yalnız zahiri davranışla deyil, daxili inamla, insanın öz düşüncəsi və iradəsi ilə bağlı olmalıdır”, – deyə o bildirib.

Elxan Cəfərov vurğulayıb ki, məktəblərdə hicab məsələsinə münasibət bildirərkən mövzunun yalnız geyim qaydaları çərçivəsində müzakirə edilməsi kifayət deyil. Burada uşaqların psixoloji vəziyyəti, onların bir-biri ilə münasibətləri, təhsil mühiti və valideynlərin övladları ilə bağlı narahatlıqları da nəzərə alınmalıdır.

Əməkdar incəsənət xadiminin fikrincə, cəmiyyətdə bu məsələyə münasibətdə bir-birindən fərqlənən, bəzən isə bir-birinə zidd olan yanaşmalar mövcuddur. Bir tərəfdən dini dəyərlərin qorunmasına üstünlük verənlər, digər tərəfdən isə dünyəvi təhsil və vahid məktəb mühitinin əhəmiyyətini vurğulayanlar var. Bu baxımdan məsələyə birtərəfli yanaşmaq əvəzinə, fərqli mövqelərin səbəblərini anlamaq vacibdir.

“Cəmiyyətimizdəki valideynlərin narahatlıqlarını da başa düşürəm. Onlar övladlarını qorumaq, onları özlərinin qəbul etdikləri əxlaqi dəyərlər əsasında böyütmək istəyirlər. Eyni zamanda, müasir dövrdə geyim və davranış məsələlərində ifrat yanaşmaların meydana çıxması ilə bağlı narahatlıqlar da var. Amma məncə, hər iki tərəfin mövqeyinə anlayışla yanaşmaq lazımdır. Belə həssas məsələlərdə kəskin mövqe tutmaq, insanları bir-birinə qarşı qoymaq düzgün deyil”, – deyə kinorejissor bildirib.

O əlavə edib ki, məktəb mühitində fərqli dünyagörüşünə malik uşaqların bir arada təhsil alması məsələsi də diqqətlə dəyərləndirilməlidir. Elxan Cəfərovun fikrincə, eyni sinifdə hicablı və hicabsız şagirdlərin olması müəyyən hallarda fikir ayrılıqlarına və qarşılıqlı anlaşılmazlıqlara səbəb ola bilər.

“Bir sinifdə hicablı və hicabsız uşaqların olması müəyyən mənada qarşıdurma mühiti yarada bilər. Bu ehtimalı da nəzərə almaq lazımdır. Ancaq digər tərəfdən, uşaqların dini seçimləri və ailələrinin dünyagörüşü ilə bağlı məsələlərə də həssas yanaşılmalıdır. Mən bir yaradıcı insanam, siyasi xadim deyiləm. Buna görə də bu məsələdə qəti və birmənalı hökm verməyi doğru hesab etmirəm. Həm valideynlərin narahatlıqlarını, həm də uşaqların gələcəkdə öz seçimlərini sərbəst və şüurlu şəkildə edə bilmələrini düşünmək lazımdır”, – deyə o söyləyib.

Kinorejissorun sözlərinə görə, məsələni yalnız qadağa və ya icazə müstəvisində müzakirə etmək cəmiyyətin qarşısında duran daha geniş sualları kölgədə qoya bilər. Əsas diqqət uşaqların təhsil almasına, onların dünyagörüşünün formalaşmasına, elmi biliklərə yiyələnməsinə və gələcəkdə müstəqil qərarlar verə bilən şəxsiyyət kimi yetişməsinə yönəldilməlidir.

Elxan Cəfərov Azərbaycanın maarifçilik tarixinin bu baxımdan mühüm nümunələr təqdim etdiyini də xatırladıb. O, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin açılması istiqamətində atdığı addımları misal gətirərək, cəmiyyətdə yeniliklərin qəbul edilməsinin heç də həmişə asan olmadığını vurğulayıb.

“Dəfələrlə qeyd etmişəm ki, Hacı Zeynalabdin Tağıyev qızlar məktəbini açanda nə qədər müqavimətlə üzləşmişdi. O dövrdə qızların təhsil alması, cəmiyyətin həyatında daha fəal iştirak etməsi hamı tərəfindən birmənalı qarşılanmırdı. Ancaq bu gün biz Azərbaycanın maarifçilik tarixindən danışarkən qadınların təhsil alması və cəmiyyətdə öz mövqelərini qazanması istiqamətində atılan addımları böyük əhəmiyyətə malik hadisələr kimi qiymətləndiririk. Bu tarix göstərir ki, tərəqqi naminə atılan addımların nəticələri bəzən yalnız illər sonra daha aydın görünür”, – deyə Elxan Cəfərov vurğulayıb.

O bildirib ki, qadınların təhsil alması və ictimai həyatda fəal iştirak etməsi Azərbaycanın inkişaf tarixində mühüm yer tutur. Kinorejissorun fikrincə, ölkədə qadınların elm, mədəniyyət, təhsil və digər sahələrdə aparıcı mövqelərə yüksəlməsi cəmiyyətin inkişafına ciddi töhfə verir.

“Bu gün biz qadın azadlığı və qadınların cəmiyyətdəki mövqeyi baxımından Azərbaycanın tarixən əldə etdiyi nailiyyətlərlə fəxr edə bilərik. Cəmiyyətimizdə quruculuq proseslərində iştirak edən, müxtəlif sahələrdə mühüm uğurlar qazanan qadınlarımız var. Onların ölkəmizin inkişafında rolu çox böyükdür. Qadınların təhsilli olması, öz potensiallarını reallaşdırması və cəmiyyətin həyatında fəal iştirak etməsi gələcəyimiz üçün də mühüm əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.

Elxan Cəfərov hesab edir ki, uşaqların erkən yaşlardan elmə, savada, maariflənməyə və tərəqqiyə istiqamətləndirilməsi gələcək nəsillərin formalaşmasına müsbət təsir göstərə bilər. Onun fikrincə, xüsusilə qızların keyfiyyətli təhsil alması onların şəxsi inkişafı ilə yanaşı, bütövlükdə cəmiyyətin intellektual potensialının yüksəlməsinə xidmət edir.

Kinorejissorun sözlərinə görə, bu məsələlərdə əsas məqsəd cəmiyyətdə qarşıdurma yaratmaq deyil, insanları düşünməyə, maariflənməyə və qarşılıqlı anlaşmaya təşviq etmək olmalıdır. Dini inanclar, ailə dəyərləri, təhsil və fərdi seçim azadlığı kimi həssas mövzuların müzakirəsində tarixi təcrübədən nəticə çıxarmaq, uşaqların gələcəyini əsas götürmək vacibdir.

“Düşünürəm ki, uşaqların, xüsusilə də qızların erkən yaşlarından elmə, savada və tərəqqiyə yönəldilməsi gələcəyimiz üçün daha müsbət nəticələr verə bilər. Cəmiyyətin inkişafı maariflənmə ilə sıx bağlıdır. İnsanların seçim etmək imkanına malik olması, düşünərək qərar verməsi və öz mövqeyini şüurlu şəkildə müəyyənləşdirməsi vacibdir. Biz həm tarixi təcrübəmizi nəzərə almalı, həm də gələcək nəsillərin daha savadlı, düşüncəli və dünyagörüşlü yetişməsi üçün çalışmalıyıq”, – deyə Əməkdar incəsənət xadimi Elxan Cəfərov fikirlərini yekunlaşdırıb.

Turan Etibaroğlu