Qaynar xətt:

(+99450) 247 90 86

“Ana, ora bax, yazılıb ki, “Bütün yollar Qarabağa aparır”....    — Sentyabrda gerçəkləşən uşaq arzusu

“Ana, ora bax, yazılıb ki, “Bütün yollar Qarabağa aparır”....    — Sentyabrda gerçəkləşən uşaq arzusu

CƏMİYYƏT

202

27.09.2026, 10:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zəfərimizin 27 sentyabr tarixi 

2019-cu il idi. Oğlumla avtobusda gedirdik. Bu, o zamanlar idi ki, hər bir vətəndaş, vətən övladı yalnız qisas və qələbə əzmi ilə yaşayırdı. Qəlblərdə və düşüncələrdə olduğu kimi, bir çox elan xarakterli yazılarda da bu ruhda çağırışlar vardı. Oğlumun qəfil dediyi sözlərə əvvəlcə çaşdım. “Ana, ora bax, yazılıb ki, “Bütün yollar Qarabağa aparır”. Aparmır axı, biz ora gedə bilmirik. Ermənilər var"...

Gözümü monitordakı cümlədən çəkmədən dedim:"Aparacaq, az qalıb, lap az".

Bu əhvalat sentyabr ayında olmuşdur. Cəmi bir il sonra, bütün yollar, arzular, diləklər bizi Qarabağa apardı. Apardıkı, yarım qalan arzulara, həsrətli baxışlara, yurd-ocaq itkisinə son qoysun. 

İndi mənim oğlum da hərbçi olmaq istəyir, bu onun arzusudur. Deməli, 30 illik işğal dövrü nəinki, yaşlı və orta nəslə, elə uşaq və gənclərə də vətənpərvərlik eşqini aşılayıb. Ötən bu illər ərzində millət olaraq sadəcə, torpaq itkisinin ağrısını yaşamamışıq. Həm də, mübariz ruhda nəsil yetişdirmişik. 

Yenə də sentyabr ayıdır-müqəddəs Sentyabr! 27- si tarixdə başlayan Vətən müharibəsindən 6 il keçir.

İllər, qərinələr, əsrlər keçsə də, 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə öz gerçəkləri və döyüş taktikası ilə möhürlənib.

Bu, bir xalqın öz dövləti ilə yumruq kimi birləşib necə mücadilə aparmasının göstəricisidir. 27 sentyabr tarixi həm də, illərlə köz bağlayan yaralarımıza, 30 illik həsrətimizə məlhəm oldu. Xalqın qisas hissi, azadlıq yanğısı və bütöv dövlət modeli məhz bu tarixdə reallığa çevrildi.

Elə ilk gündən düşmənin bütün cəbhəboyu hücumlarının qarşısı Azərbaycan əsgəri, qəhrəman, yenilməz oğlu tərəfindən alındı. Bizim ordumuz 44 gün ərzində bir addım olsun geri çəkilmədi. Düşmənin üzərinə gözünü qırpmadan şığıdı. İlk növbədə ürəyi, zehni və düşüncəsi ilə döyüşdü. Elə ona görə də, Azərbaycan ordusunun bir nəfər fərarisi olmadı. 

Yumruq kimi birləşib, eyni ürəkdə döyünüb, bir canda-Azərbaycanda cihada qalxan igid oğullarımız tarixin ən şərəfli səhifəsinə adını yazdı. Əzəli, əbədi yurd yerlərimizi, Vətən torpağını yağı tapdağından azad etdi. Bütün varlığı ilə döyüşdü. Yaralandı, amma yenə də döyüş əzmindən qalmadı. Yarasına Vətən sevgisini məlhəm edib, davam etdi. Şəhid oldu! Müqəddəs məqama yüksəldi. Özü ilə bərabər, azad Azərbaycanı da aydın səmalara qovuşdurdu. Cənnətməkana çevirdi. Azərbaycan əsgəri böyük Zəfərə imza atdı, qanı-canı bahasına. 

Bir zamanlar top-tüfəng səsindən qulaq tutulan, düşmən əsarətində olan Qarabağ və Şərqi Zəngəzur bölgəsini körpə gülüşləri bəzəyir. Dirçələn ərazilər yeni növrağını yaşayır. Şəhid qanı axan torpaqlarda çiçək açan arzular köhnə ünvanlarda yeni reallıqlar yaradır. Didərgin ruhlar geri, doğma ocağına qayıdır.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Eyni zamanda, bütöv, müstəqil Azərbaycanın təməlini, bünövrəsini qoydu. Dünyaya sübut etdi ki, işğal edilən torpaqlarını öz gücünə, üçüncü tərəfin köməyi və dəstəyi olmadan azad etdi. Sülhpərvər dövlət olaraq məğlub düşmən tərəfinə barışıq əlini uzatdı. Müharibə bitməsinə baxmayaraq, hələ də Qarabağda qalan seperatçı qüvvələrə silahı yerə qoyub, ərazilərimizi könüllü tərk etmələri üçün şərait yaratdı. 

Lakin xain xoflu olar deyiblər. Düşmən tərəfin ərazilərimizdə gizlənən silahlı tör-töküntüləri yenə də öz xain xislətini büruzə verirdi. Darmadağın edilən Ermənistan ordusunun aqibətini görsələr də, 11 min nəfərdən çox fərariləri olsa da , yenə də işğalçılıq əməllərindən əl çəkmək istəmirdilər. Gizli yollarla Qarabağa silah-sursat daşımağa davam edirdilər. Nəticədə, yüzlərlə insan mülkü və hərbi şəxslər minaların qurbanına çevrilirdi. Görünür, Azərbaycanın dəmir yumruğundan dərs çıxarmamışdılar. 

Səbr kasası dolan Azərbaycan dövləti 2023-cü il 19 sentyabr tarixində həyata keçirdiyi, cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində düşmən qüvvələrini silahı yerə qoyub, təslim olmağa  məcbur etdi. Beləliklə də, 30 illik işğal dövründə əzəli və əbədi torpaqlarımızda kök salmış düşmən qüvvələri tamamilə təmizləndi. 

Xankəndi də başqa olmaqla Xocalı, Ağdərə və digər yurd yerlərimizdə də Azərbaycan Bayrağı ən uca zirvələrdə dalğalandı. Ardınca, Ali Baş Komandan, Prezident İlham Əliyevin də iştirakı ilə Xankəndidə keçirilən Zəfər paradı bir çox qaranlıq mətləblərə işıq saldı. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi, bütöv, müstəqil dövlət kimi Cənubi Qafqazın aparıcı dövlətinə və söz sahibinə çevrildi. İndi dövlətimizin imzalar içində imzası var. 

Sentyabrda başlayan qələbə əzmi və cəmi 44 gün davam edən Vətən müharibəsi öz döyüş taktikası ilə dünya hərb tarixində yeni səhifə açdı. Artıq Azərbaycan bir çox sahələrdə dünyanın əksər dövlətlərinin diqqət mərkəzindədir. Bizimlə dost, tərəfdaş olmağa can atan ölkələrin sayı durmadan artır. Ölkədəki inkişaf və yüksəliş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yenidən tikilib, bərpa edilən kənd və şəhərlərində öz təsdiqini tapır. 

Beləcə, Qarabağda başlayan qələbələr yayla payızın qovuşuğunda qərarlaşan sentyabrı müqəddəs aya çevirməklə yanaşı, həm də qürur və fəxarət tariximiz oldu. 

Şəhidlərimizin ruhu şad olsun! 

Ramidə YAQUBQIZI

Xüsusi olaraq Oxu24.com üçün