Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Dövlət Suverenliyinin Bərpası və Milli Dövlətçilik   —      Osman Azadoğlu yazır

Azərbaycan Dövlət Suverenliyinin Bərpası və Milli Dövlətçilik   —      Osman Azadoğlu yazır

CƏMİYYƏT

131

20.09.2026, 11:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəqillik və suverenlik anlayışları hər zaman xüsusi yer tutub. Dövlətin öz ərazisi üzərində tam hakimiyyətə malik olması, milli iradənin qorunması və gələcəyin müstəqil şəkildə müəyyənləşdirilməsi xalqımızın dövlətçilik ənənələrinin əsasını təşkil edir. Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası isə bu tarixi ənənənin müasir dövrdə ən mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarımızın işğal altında qalması ölkəmizin suveren hüquqlarının həmin ərazilərdə tam həyata keçirilməsinə imkan vermirdi. Bu vəziyyət Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış, ərazi bütövlüyünün və suverenliyin bərpasını ümummilli məqsədə çevirmişdi. Dövlətin qarşısında duran əsas vəzifələrdən biri müstəqil Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun və qanunun aliliyinin təmin edilməsi idi. Bu tarixi məqsədin reallaşdırılmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti mühüm rol oynadı. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın iqtisadi imkanlarının artırılması, müdafiə potensialının gücləndirilməsi, ordu quruculuğunun inkişaf etdirilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Bu siyasətin nəticələri sonrakı tarixi hadisələr zamanı özünü aydın şəkildə göstərdi.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan tarixinin mühüm dönüş nöqtələrindən biri oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad etdi və ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələni başa çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi hərbi uğurlar ölkənin sonrakı dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdı. Prezidentin 2024-cü ildə imzaladığı sərəncamda da 2020-ci il Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici əhəmiyyəti xüsusi qeyd olunur. Lakin ərazi bütövlüyünün bərpası dövlət suverenliyinin bütün ərazilərdə tam təmin edilməsi ilə eyni məna daşımırdı. Bu prosesin tamamlanması üçün Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun bərqərar olması və dövlət hakimiyyətinin tam şəkildə həyata keçirilməsi vacib idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq bu tarixin dövlət səviyyəsində qeyd olunması müəyyənləşdirildi. 

Dövlət Suverenliyi Günü yalnız hərbi qələbəni xatırladan tarix deyil. Bu gün Azərbaycan dövlətçiliyinin bütövlüyünü, xalqın milli iradəsini və müstəqil dövlət quruculuğunun nəticələrini ifadə edən əlamətdar gündür. Suverenlik dövlətin öz ərazisində qanunlarını tətbiq etmək, dövlət hakimiyyətini həyata keçirmək və milli maraqlarını müstəqil şəkildə qorumaq imkanının əsas göstəricilərindəndir. Prezident İlham Əliyevin siyasi fəaliyyətində dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqların qorunması xüsusi istiqamətlərdən biri olub. Onun rəhbərliyi ilə həyata keçirilən siyasətdə iqtisadi gücün artırılması ilə müdafiə qabiliyyətinin gücləndirilməsi arasında qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirilib. Güclü iqtisadiyyat, müasir ordu və beynəlxalq münasibətlərdə fəal xarici siyasət Azərbaycanın dövlətçilik imkanlarının genişlənməsinə xidmət edən amillər kimi çıxış edib.  

Milli dövlətçilik yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Dövlətçiliyin davamlılığı üçün güclü iqtisadiyyat, sabit ictimai-siyasi mühit, qanunun aliliyi, vətəndaş həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin dövlətçilik ruhunda yetişdirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın suverenliyinin bərpası qarşıya yeni vəzifələr qoyan tarixi mərhələdir. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi həm də tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir. Bu tarix gələcək nəsillərə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün hansı tarixi mərhələlərdən keçərək tam təmin edildiyini xatırladır. Azərbaycan xalqının müstəqillik iradəsi, şəhidlərin fədakarlığı, Azərbaycan Ordusunun qəhrəmanlığı və dövlətin ardıcıl siyasəti bu tarixin formalaşmasında mühüm yer tutur.

Bu gün Azərbaycan öz suverenliyini tam bərpa etmiş dövlət kimi qarşısında yeni inkişaf perspektivləri açılan ölkədir. Dövlət Suverenliyi Günü milli dövlətçilik tariximizin mühüm səhifələrindən birini təşkil edir. Bu tarix Azərbaycan xalqının müstəqil dövlətçilik idealının reallaşmasının və ölkənin bütün ərazisində dövlət hakimiyyətinin bərqərar olmasının rəmzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nəticələr Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur. Ərazi bütövlüyünün bərpası, ardınca dövlət suverenliyinin tam təmin edilməsi və azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi bir-biri ilə bağlı tarixi mərhələlərdir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik tarixində qürurla xatırlanan əlamətdar tarixdir. Bu gün müstəqil Azərbaycanın gələcəyə inamını, milli birliyini və dövlətçilik iradəsini ifadə edir. Azərbaycanın dövlət bayrağının ölkənin bütün ərazisində dalğalanması isə suverenliyin ən aydın və təsirli rəmzlərindən biri olaraq xalqımızın yaddaşında üüyaşayır.

 

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim

                                        Osman Azadoğlu