Qaynar xətt:

(+99450) 247 90 86

Qəzənfər Abdullayevin daha 2 avtomobili və yeni obyektləri üzə çıxdı – SİYAHI BÖYÜYÜR

Qəzənfər Abdullayevin daha 2 avtomobili və yeni obyektləri üzə çıxdı – SİYAHI BÖYÜYÜR

CƏMİYYƏT

65

14.09.2026, 18:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin əmlakları ilə bağlı yeni məlumatlar üzə çıxıb. Bir müddət əvvəl onun 200 min manatlıq “Toyota Land Cruiser”i, Naxçıvan və Bakıda mənzilləri, üçmərtəbəli villası, “Moon” kafesi və digər əmlakları barədə məlumat yayılmışdı. Həmin materialda da qeyd olunurdu ki, açıqlanan siyahı tam deyil. Görünür, həqiqətən də siyahının sonuna çatmaq hələ tezdir. Əldə etdiyimiz yeni məlumatlar göstərir ki, əvvəl açıqlanan əmlak və avtomobillərə daha bir neçə obyekt və nəqliyyat vasitəsi əlavə olunur.

Yeni müəyyən etdiyimiz əmlaklardan biri Naxçıvan şəhərində, “Təbriz” otelinin yaxınlığında yerləşən “Zümrüd kafe”dir.  Məsələ bununla da bitmir.

Kafenin ətrafında yerləşən çoxsaylı kupe tipli çay evlərinin də eyni əmlak kompleksinə daxil olduğu bildirilir. Beləliklə, əvvəlki siyahıda yer alan “Moon” kafesindən sonra daha bir iaşə obyekti və onun ətrafındakı kommersiya sahələri ortaya çıxır. Bu fakt əmlak siyahısının təkcə mənzil, villa və avtomobillərlə məhdudlaşmadığını, kommersiya obyektlərinin də burada mühüm yer tutduğunu göstərir. Əvvəlki materialda 75-RA-900 dövlət qeydiyyat nişanlı, təxminən 200 min manat dəyərində “Toyota Land Cruiser” və Bakıda istifadə olunan “Mercedes-Benz S-Class” avtomobilindən bəhs olunmuşdu. İndi isə daha iki avtomobilin olduğu məlum olub: “Mitsubishi L200” – 77-GZ-900 və “Chevrolet Malibu” – 75-GZ-900.

Diqqət çəkən məqamlardan biri avtomobillərin dövlət qeydiyyat nişanlarıdır. Hər iki avtomobildə “GZ” seriyasından və “900” rəqəm kombinasiyasından istifadə olunur. Beləliklə, indiyədək məlum olan avtomobillərin sayı da artır. “Land Cruiser”, “Mercedes-Benz S-Class”, “Mitsubishi L200”, “Chevrolet Malibu”...

Siyahı bununla bitmir. 

Qəzənfər ağanın Naxçıvan şəhərində bahalı mənzili, Əlixan məhəlləsində üçmərtəbəli villası, “Yaşıl Ada” yaşayış kompleksində mənzili, “Moon” kafesi, Bakıda “Gənclik” metrosunun yaxınlığında mənzil və bahalı avtomobilləri var. İndi həmin siyahıya “Zümrüd kafe”, onun ətrafındakı çoxsaylı kupe tipli çay evləri və daha iki avtomobil əlavə olunur.

Qəzənfər Abdullayevin əmlak siyahısı genişləndiyi bir vaxtda Həmkarlar İttifaqları sistemində çalışan işçilərlə bağlı daha bir ciddi məsələ ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, Həmkarlar İttifaqlarının işçiləri müxtəlif iməcilik işlərinə məcburi şəkildə cəlb olunurlar. İşçilər öz əmək funksiyalarına aid olmayan işləri görməyə, iməciliklərdə iştirak etməyə məcbur edilirlər.

Bu səbəbdən işçilərin razılığı olmadan sistemli şəkildə iməciliyə və başqa işlərə cəlb olunması faktları varsa, onların hüquqi baxımdan araşdırılması zəruridir. Bura Duzdağ Müalicə Mərkəzində çalışan işçilərin əməkhaqlarının aylarla gecikdirilməsi, ağır əmək şəraiti və müxtəlif instansiyalara etdikləri şikayətlərin nəticəsiz qalması da daxildir. Maraqlıdır ki, işçilərin şikayətləri müxtəlif müdaxilələrlə ört-basdır edilir. İndi isə buna məcburi iməciliyə cəlbetmə məsələsi də əlavə olunur. Görünür, Qəzənfər Abdullayevin başı əmlak siyahısının genişlənməsi işlərinə qarışıb.

İttifaq sədrinin də mövqeyini dərc etməyə hazırıq.