8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
190
11.09.2026, 13:28
Son dövrlərdə paytaxt sakinləri gündəlik gediş-gəliş zamanı taksi tariflərində hiss olunan artımlarla qarşılaşırlar. Eyni marşrut üzrə əvvəlki günlərlə müqayisədə daha yüksək məbləğlərin tələb olunması həm sərnişinlər, həm də mütəxəssislər tərəfindən geniş müzakirə edilir. Qiymət artımının səbəbləri hələ də qaranlıq qalsa da, vətəndaşlar mövcud tarif siyasətindən narazılıqlarını ifadə edirlər. Bu vəziyyət bazarın təbii tənzimlənməsi ilə yanaşı, platformaların komissiya siyasətinə dair suallar doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, son günlərdə taksi qiymətlərində müşahidə olunan artımı yalnız bir səbəblə izah etmək düzgün olmazdı:
"Taksi xidmətində qiymət bazar prinsipləri əsasında formalaşdığı üçün burada tələb və təklif nisbəti, günün saatı, tıxacın səviyyəsi, hava şəraiti, müəyyən ərazidə sərnişin və sürücü sayı, yanacaq və avtomobilin saxlanma xərcləri, eləcə də taksi platformalarının tətbiq etdiyi tarif və komissiya siyasəti eyni vaxtda qiymətə təsir edə bilir. Xüsusilə pik saatlarda sifarişlərin sayı artır, mövcud sürücü sayı isə tələbatı ödəmədikdə tətbiqlərin dinamik qiymət mexanizmi işə düşür və eyni məsafə üçün adi vaxtla müqayisədə daha yüksək məbləğ göstərilir. Müəyyən həddə qədər bunu bazarın təbii reaksiyası kimi qəbul etmək olar. Ancaq qiymət artımı qısa müddətli yüksək tələbat dövrü ilə məhdudlaşmırsa və sərnişinlər günün müxtəlif saatlarında əvvəlki dövrlə müqayisədə davamlı şəkildə daha yüksək tariflərlə qarşılaşırsa, artıq platformaların tarif siyasəti, komissiya dərəcələri və bazarda rəqabətin vəziyyəti də araşdırılmalıdır”.
Ekspert qeyd edib ki, diqqət yetirilməli əsas məsələlərdən biri qiymətin necə formalaşmasının sərnişin üçün mümkün qədər şəffaf olmasıdır:
"Vətəndaş sifariş verməzdən əvvəl yekun və ya mümkün qədər dəqiq qiyməti görməli, qiymətin hansı səbəbdən yüksəldiyini anlamalı və sonradan gözlənilməz əlavə ödənişlə qarşılaşmamalıdır”.
Onun sözlərinə görə, digər mühüm məsələ sürücü ilə sərnişin arasındakı iqtisadi balansdır. Sərnişinin ödədiyi məbləğ artırsa, amma həmin artım sürücünün real qazancında eyni dərəcədə əks olunmursa, burada platformanın komissiyası və digər tutulmalarının da qiymətə təsiri diqqətlə qiymətləndirilməlidir. Çünki taksi xidmətinin qiyməti yalnız sərnişin üçün münasib olmaqla kifayətlənməməli, sürücünün yanacaq, texniki xidmət, amortizasiya, sığorta, vergi və digər gündəlik xərclərini də qarşılamalıdır. Əks halda süni şəkildə aşağı qiymət sürücüləri bazardan çıxara, sürücü sayı azaldıqda isə sonradan qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.
Adil Nəbiyev hesab edir ki, məqsəd taksi qiymətlərini inzibati qaydada mümkün qədər aşağı saxlamaq deyil, sağlam rəqabət və şəffaf qiymət formalaşmasını təmin etmək olmalıdır:
"Mən hesab edirəm ki, mövcud nəzarət mexanizmlərinin əsas istiqaməti də məhz burada gücləndirilməlidir. Dövlət hər bir səfərin qiymətini müəyyən etməyə çalışmamalıdır, amma platformaların qiymət formalaşdırma prinsiplərinin istehlakçı hüquqlarına, rəqabət qaydalarına və şəffaflıq tələblərinə uyğunluğuna nəzarət edilməlidir. Xüsusilə eyni marşrut üzrə qiymətlərin qısa müddətdə kəskin dəyişməsi, yüksək tələbat zamanı tətbiq olunan əmsallar, platformaların komissiya siyasəti və sərnişinin ödədiyi məbləğlə sürücüyə çatan məbləğ arasındakı fərq təhlil oluna bilər. Bazarda bir neçə platformanın fəaliyyət göstərməsi də özlüyündə tam rəqabət demək deyil; əsas məsələ sərnişinin real seçim imkanının olması və şirkətlərin qiymət, xidmət keyfiyyəti və təhlükəsizlik üzrə bir-biri ilə rəqabət aparmasıdır”.
Sonda ekspert əlavə edib ki, taksi artıq sadəcə komfort xidməti deyil, xüsusilə ictimai nəqliyyatın zəif əlçatan olduğu saatlarda və ərazilərdə şəhər nəqliyyat sisteminin mühüm elementlərindən biridir:
"Buna görə qiymətlərin həddindən artıq yüksəlməsi vətəndaşların gündəlik hərəkət imkanlarına birbaşa təsir göstərir. Optimal yanaşma bazara süni müdaxilə etmək deyil, platformalar arasında real rəqabəti qorumaq, qiymət formalaşmasını şəffaflaşdırmaq, sərnişinin əvvəlcədən məlumatlandırılmasını təmin etmək və əsassız və ya manipulyativ qiymət artımı şübhəsi yarandıqda aidiyyəti qurumların bunu araşdırmasıdır. Sağlam taksi bazarında üç tərəfin marağı qorunmalıdır: sərnişin münasib və şəffaf qiymət almalı, sürücü əməyinin və xərclərinin qarşılığını qazanmalı, platforma isə xidmət göstərdiyinə görə əsaslandırılmış gəlir əldə etməlidir. Bu balans pozulduqda həm xidmətin keyfiyyəti, həm qiymətlər, həm də ictimai etimad zərər görür. Buna görə taksi qiymətlərindəki hazırkı artımın həqiqətən tələb-təklifdən qaynaqlanan müvəqqəti bazar reaksiyası, yoxsa tarif və komissiya siyasətində baş verən dəyişikliklərin nəticəsi olduğunu müəyyənləşdirmək üçün qiymət dinamikasının və platformaların tətbiq etdiyi mexanizmlərin sistemli şəkildə təhlil edilməsini vacib hesab edirəm”.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.