Süd vəzisi xərçəngi digər orqanların xərçənginə nisbətən çox yavaş inkişaf edir. Bir hüceyrənin idarədən çıxaraq, 1 kub sm böyüklüyündə bir kütlə yaratması, süd vəzisi üçün 7-10 il deməkdir. Bu səbəbdən illik, mütəmadi olaraq, aparılan müayinələr erkən diaqnoz və müalicə deməkdir. Bunun üçün ən etibarlı müayinə metodu - Mammoqrafiya müayinəsindən keçməkdir!
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının öz sahəsi üzrə mütəxəssisi, mammoloq-radioloq Günel Qəmbərova qadınların süd vəzi müayinəsi ilə bağlı qısa məlumat verib.
G.Qəmbərova qadınların ilk olaraq, nəyə diqqət etmələrini bildirib:
"Mammoqrafiya -süd vəzilərinin müayinəsinin çox kiçik dozada aparılan Rentgenoloji metodudur. Ona görə də 35 yaşı keçən bütün xanımlar şikayəti olub -olmamasından asılı olmayaraq, mütləq bu müayinədən keçməlidir. Hal-hazırda ATU-nun Tədris Terapevtik Klinikasında müasir standartlara cavab verən, rəqəmsal, kiçik və böyükölçülü süd vəzilərinin müayinəsinin aparılmasına imkan verən, Mammoqrafiya aparatı fəaliyyət göstərir. Bu aparatın sayəsində, biz lazımi bilgiləri toplaya, problem varsa, onun qarşısını tez bir zamanda almağa nail ola bilərik".
Mammoloq-radioloq onu da qeyd edib ki, süd vəzilərinin USM və Mammoqrafiya metodu bir-birini tamamlayan üsullardır.
"Burda bir məqam əsasdır. Təcrübələr göstərib ki, süd vəzinin stroması piy toxuması ilə zəngindirsə, bu zaman ultrasəs dalğaları 1 sm-dən kiçik patologiyanı görməyə bilir. Mammoqrafiya müayinəsi isə mikro ölçülərlə kiçik patologiyanı vizualizə edir. Bu isə süd vəzidə hər hansı bir dəyişikliyi 8-12 il öncədən görməyə əsas verir. Məhz bu səbəbə görə, bu gün dünyada Mammoqrafiya süd vəzinin ən əsas "qızıl" metodu sayılır".
"Bəs pasiyentlər müayinəyə gəlməzdən öncə ən çox nələrə diqqət etməlidir" sualına həkim belə cavab verib:
"Müayinənin aybaşı tsiklinin (dövrünün) 7-ci günündən etibarən aparılması məsləhətdir. Gələrkən qoltuqaltı və döş altı istifadə olunan sprey və tozlardan imtina olunmalıdır. Dəfələrlə qeyd etdiyimiz bir məsələ də var. Hər bir pasiyent ilk öncə özü -zünün həkimi olmalıdır. Ayda 1 dəfə hər bir qadın süd vəzilərini müayinə etməlidir. Əgər qadın həkimə gələrkən, öz süd vəziləri barədə dəqiq informasiyaya malik olsa, bu həm həkim üçün, həm də pasiyent üçün daha dəqiq diaqnoz qoymağa imkan verəcəkdir".
Məlumat üçün bildirək ki, Günel Qəmbərova 15 ildən çox müddətdə süd vəzinin xəstəliklərinin diaqnostikası, onlara düzgün yanaşma və bu xəstəliklərin bütün mərhələlərində müxtəlif diaqnostik metodlarla elmi-tədqiqatı ilə məşğuldur. Oxu24.com
ŞƏRHLƏR