Qaynar xətt:

(+99450) 247 90 86

Miqren ağrılarının təkrarlanmaması üçün nə etmək lazımdır? – Nevroloqdan AÇIQLAMA  

Miqren ağrılarının təkrarlanmaması üçün nə etmək lazımdır? – Nevroloqdan AÇIQLAMA  

TİBB

26

02.10.2026, 13:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Miqren yalnız adi baş ağrısı deyil. Təkrarlanan tutmalar insanın gündəlik fəaliyyətinə, iş qabiliyyətinə və həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Bu səbəbdən miqreni olan şəxslər yalnız ağrı başladıqdan sonra dərman qəbul etməklə kifayətlənməməli, tutmaların tezliyini azaltmaq üçün profilaktik yanaşmalara da diqqət yetirməlidirlər. Yuxu rejiminin pozulması, uzun müddət ac qalmaq, susuzluq, stress və bəzi fərdi qida faktorları müəyyən insanlarda miqren tutmasının yaranmasına və ya şiddətlənməsinə səbəb ola bilər.

Nevroloq Ruhiyyə İbrahimli Oxu24.com-a açıqlamasında bildirib ki, miqren diaqnozu qoyulmuş şəxslərdə əsas məqsədlərdən biri tutmaların sayını və şiddətini azaltmaqdır. Bunun üçün bəzi pasiyentlərdə profilaktik müalicə lazım gələ bilər. Profilaktik müalicənin seçilməsi isə miqren tutmalarının tezliyindən, şiddətindən, gündəlik həyata təsirindən və şəxsin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq nevroloq tərəfindən müəyyənləşdirilməlidir.

“İlk növbədə miqreni olan pasiyentlər profilaktik müalicə məsələsini həkimlə müzakirə etməlidirlər. İkinci vacib məsələ isə miqreni provokasiya edən amillərdən mümkün qədər uzaq olmaqdır. Pasiyent özündə hansı amillərin tutmanı artırdığını müşahidə etməli və həyat tərzini buna uyğun tənzimləməlidir”, – deyə nevroloq bildirib.

Mütəxəssisin sözlərinə görə, miqrenin idarə olunmasında yuxu rejiminin xüsusi əhəmiyyəti var. Gecə saatlarında uzun müddət oyaq qalmaq, yuxu saatlarının hər gün dəyişməsi və kifayət qədər yatmamaq bəzi insanlarda tutmaların yaranma ehtimalını artıra bilər. Buna görə də mümkün qədər eyni saatlarda yatmaq və oyanmaq, kifayət qədər yuxu almaq və yatmazdan əvvəl beyni həddindən artıq stimullaşdıran fəaliyyətləri azaltmaq məsləhətdir. Amerika Miqren Fondu da miqrenin idarə olunmasında yuxu rejiminin sabit saxlanılmasını əsas həyat tərzi tədbirlərindən biri kimi göstərir.

“Xüsusilə yuxu rejiminə mütləq şəkildə riayət etmək lazımdır. Axşam saatlarında yatmağa hazırlaşarkən qaranlıq otaqda telefonla uzun müddət məşğul olmaq da düzgün deyil. Yuxudan əvvəl ekran qarşısında çox qalmaq bəzi insanlarda yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər. Əsas məsələ konkret olaraq saat 23:00-da yatmaqdan daha çox, insanın özünə uyğun sabit və kifayət qədər yuxu rejimi formalaşdırmasıdır”, – deyə Ruhiyyə İbrahimli qeyd edib.

Nevroloq vurğulayıb ki, miqreni olan şəxslərin diqqət etməli olduğu digər mühüm məsələ qidalanmadır. Uzun müddət ac qalmaq və yeməkləri ötürmək bəzi pasiyentlərdə baş ağrısını və miqren tutmalarını tətikləyə bilər. Buna görə gün ərzində qidalanmanı mümkün qədər nizamlı saxlamaq, kifayət qədər maye qəbul etmək və uzun müddət ac qalmamaq tövsiyə olunur. Elmi mənbələr də miqren zamanı müntəzəm qidalanma və kifayət qədər maye qəbulunun vacibliyini vurğulayır.

“Uzun müddət ac qalmaq olmaz. Qidalanmanın vaxtına və rejiminə riayət etmək lazımdır. Eyni zamanda kifayət qədər su içilməlidir. Susuzluq da bəzi insanlarda miqren tutmasını gücləndirə bilər. Ona görə pasiyent yalnız dərmana deyil, gündəlik həyat tərzinə də diqqət etməlidir”, – deyə mütəxəssis bildirib.

Ruhiyyə İbrahimlinin sözlərinə görə, qidalarla bağlı isə bütün miqren xəstələri üçün keçərli olan vahid qadağalar siyahısı yoxdur. Bəzi şəxslərdə müəyyən qidalar tutmanı tətikləyə bilər, digərlərində isə həmin qidaların heç bir mənfi təsiri olmaya bilər. Buna görə də insanın şokolad, bəzi sitrus meyvələri, banan, kişmiş, əncir və ya digər qidaları avtomatik olaraq rasiondan çıxarması düzgün yanaşma deyil.

Amerika Miqren Fondu da konkret qidaların universal miqren triggeri olmadığını bildirir. Bəzi qidalar müəyyən şəxslərdə tutmanı artıra bilər, lakin yüksək keyfiyyətli araşdırmaların böyük hissəsi bütün miqren xəstələri üçün eyni qida siyahısının mövcudluğunu təsdiqləmir. Bu səbəbdən qidaları səbəbsiz yerə geniş şəkildə məhdudlaşdırmaq əvəzinə fərdi reaksiyaları izləmək daha məqsədəuyğundur.

“Bəzi pasiyentlər deyirlər ki, filan qidanı yedikdən sonra miqrenim başlayır. Belə halda həmin qidanı müşahidə etmək lazımdır. Amma bir insanın miqreninə təsir edən qidanın digər insana da eyni təsir göstərəcəyi anlamına gəlmir. Ona görə bütün pasiyentlərə eyni qidaları qadağan etmək düzgün deyil”, – deyə nevroloq əlavə edib.

Mütəxəssis hesab edir ki, pasiyentlər özlərində miqren tutmasına səbəb ola biləcək amilləri müəyyənləşdirmək üçün baş ağrısı gündəliyi də apara bilərlər. Gündəlikdə yuxu müddəti, qəbul edilən qidalar, su içmə səviyyəsi, stress, fiziki aktivlik, menstruasiya dövrü, kofein qəbulu və baş ağrısının nə vaxt başladığı qeyd edilə bilər. Bu məlumatlar sonradan həkimə fərdi triggerlərin müəyyənləşdirilməsində də kömək edə bilər.

Miqren tutmalarının qarşısının alınmasında stressin idarə edilməsi də mühüm amillərdəndir. Stress hər bir insanda eyni şəkildə təsir göstərməsə də, bəzi pasiyentlərdə digər amillərlə birlikdə miqren tutmasının yaranma ehtimalını artıra bilər. Eyni zamanda həddindən artıq fiziki və emosional yüklənmə, yuxusuzluq, susuz qalmaq və yeməkləri ötürmək bir-birinin təsirini gücləndirə bilər. Müasir yanaşmada buna görə yalnız bir triggerə fokuslanmaq əvəzinə ümumi həyat tərzinin sabitləşdirilməsi tövsiyə olunur.

Kofeinlə bağlı da ehtiyatlı olmaq lazımdır. Kofein bəzi insanlarda miqren ağrısını tətikləyə, bəzi insanlarda isə ağrı zamanı müəyyən qədər rahatlıq verə bilər. Xüsusilə müntəzəm kofein qəbul edən şəxsdə onun qəfil dayandırılması da baş ağrısına səbəb ola bilər. Buna görə kofein istifadəsində kəskin dəyişikliklər etməkdənsə, fərdi reaksiyanı nəzərə almaq daha məqsədəuyğundur.

Ruhiyyə İbrahimli həmçinin bildirib ki, miqreni olan şəxslər ağrıkəsicilərdən də nəzarətsiz və həddindən artıq istifadə etməməlidirlər. Tez-tez təkrarlanan baş ağrılarında yalnız hər dəfə ağrını dərmanla yatırtmağa çalışmaq problemin əsas səbəbini həll etməyə bilər. Bəzi hallarda tez-tez istifadə edilən kəskin ağrı dərmanları baş ağrılarının daha çox təkrarlanmasına və dərman həddindən artıq istifadəsi ilə əlaqəli baş ağrısına gətirib çıxara bilər. Belə hallarda müalicə strategiyasının nevroloq tərəfindən yenidən qiymətləndirilməsi vacibdir.

“Əgər miqren tutmaları tez-tez təkrarlanırsa, pasiyent bunu normal qəbul etməməlidir. Vaxtında nevroloqa müraciət etmək lazımdır. Həkim tutmaların tezliyini, müddətini və xüsusiyyətlərini qiymətləndirərək profilaktik müalicəyə ehtiyac olub-olmadığını müəyyənləşdirə bilər. Özbaşına dərman qəbul etmək və ya internetdə gördüyü hər hansı qida siyahısını tətbiq etmək düzgün deyil”, – deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, miqren diaqnozu qoyulan insanın məqsədi həyatını bütün mümkün triggerlərdən qorxaraq məhdudlaşdırmaq olmamalıdır. Əsas məsələ hansı faktorların konkret olaraq həmin şəxsdə tutmaları artırdığını müəyyənləşdirmək və mümkün olan dəyişiklikləri sistemli şəkildə həyata keçirməkdir. Müntəzəm yuxu, balanslı və vaxtında qidalanma, kifayət qədər maye qəbulu, fiziki aktivlik, stressin idarə olunması və fərdi triggerlərin izlənilməsi miqrenin idarə edilməsində mühüm rol oynaya bilər.

“Əgər sizin də miqreniniz varsa və ağrılar tez-tez təkrarlanırsa, bunu sadəcə ağrıkəsici qəbul etməklə keçirməyə çalışmayın. Vaxtında həkim-nevroloqa müraciət edin, tutmaların nə zaman və hansı şəraitdə yarandığını qeyd edin və müalicəni həkimin tövsiyəsinə uyğun aparın. Miqreni nəzarətdə saxlamaq mümkündür, amma bunun üçün fərdi yanaşma və davamlı nəzarət vacibdir”, – deyə Ruhiyyə İbrahimli bildirib.

Nigar