Qaynar xətt:

(+99450) 247 90 86

Ağciyərdə qan izləri hansı xəstəliklərin xəbərçisi ola bilər? 

Ağciyərdə qan izləri hansı xəstəliklərin xəbərçisi ola bilər? 

TİBB

54

15.09.2026, 21:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəlğəmdə qan izlərinin görünməsi müxtəlif ağciyər xəstəlikləri ilə əlaqəli ola bilər. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda bu əlamət ürək çatışmazlığı və aritmiya kimi ağciyərdən kənar problemlər zamanı da müşahidə edilə bilər.

Mövzu ilə bağlı Op. Dr.torakal cərrah Fəyyaz Məmmədov Oxu24.com-a açıqlamasında bildirib ki, ağciyər patologiyaları zamanı qan hayqırma və bəlğəmdə qan izlərinin yaranmasına səbəb olan xəstəlikləri əsasən iki qrupa bölmək mümkündür.

Onun sözlərinə görə, birinci qrupa qeyri-onkoloji, əsasən iltihabi xəstəliklər daxildir. Bu qrupa bronxoektaziya, bronxit, ağciyər absesi və digər patologiyalar aid edilir:

“Belə xəstəliklər ilkin mərhələdə dərman müalicəsi ilə, yəni konservativ üsulla müalicə olunur. Lakin qan hayqırma və qanaxma təkrarlanarsa, xəstəyə cərrahi müdaxilənin tətbiqi gündəmə gələ bilər”.

Fəyyaz Məmmədovun sözlərinə görə, xüsusilə uzun müddət davam edən və təkrarlanan qan hayqırma hallarına laqeyd yanaşmaq olmaz:

“Bu xəstəliklər sanki insanın daxilində saatlı bomba kimidir. Uzun müddət qan hayqırma ilə gəzmək, bəlğəmdə qan izlərinin olmasına əhəmiyyət verməmək istənilən vaxt ağır qanaxma ilə nəticələnə bilər. Profuz qanaxma zamanı xəstə qanla boğularaq həyatını itirə bilər”.

Torakal cərrah bildirib ki, qan hayqırmanın digər mühüm səbəblərindən biri də onkoloji xəstəliklər, xüsusilə ağciyər xərçəngidir:

“Mərkəzi ağciyər xərçəngi zamanı qan hayqırma və ya qanaxma xəstəliyin ilkin əlamətlərindən biri ola bilər. Bu səbəbdən bəlğəmdə qan müşahidə edən şəxslərin vəziyyəti uzatmadan həkimə müraciət etməsi vacibdir”.

Mütəxəssis belə hallarda diaqnostik müayinələrin, o cümlədən bronxoskopiyanın aparılmasının əhəmiyyətini vurğulayıb.

Həkim əlavə edib ki, bəlğəmdə qan izlərinin olması hər zaman xərçəng anlamına gəlmir, lakin səbəbin dəqiqləşdirilməsi üçün bu əlamət mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

Jalə