Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72262
az

Ad günündə insult keçirdi, aktyorlarla birgə kəlmeyi-şəhadətini gətirdi - Əməkdar artistin ölümünə nə səbəb olmuşdu?

18:1623 İyul, 2022
387
ŞOU-BİZNES
  • A

OXU24.COM-a istinadən Əməkdar artist Azər Mirzəyev haqqında maraqlı faktları təqdim edir.

Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

***

Azər Mirzəyev gənclik illərində jurnalist olmaq istəyib. Həmişə məktəbdə divar qəzetlərinə yazılar, ssenarilər yazarmış. Özünün sözlərinə görə də, Həsən bəy Zərdabi ilə qohumluğu olub. Orta məktəbi bitirəndən sonra o, sənədlərini jurnalistika fakültəsinə versə də, imtahandan kəsilib. Bundan sonra o, sənədlərini Mədəniyyət və İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda Xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan aktyorluq sənətinin sirlərini öyrənib.

İnstitutu bitirdikdən sonra o, təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb.

***

Lakin teatr fəaliyyətinə başlamazdan əvvəl Azər Mirzəyev hərbi xidmətə yollanır. Hərbi xidməti başa vurub geri qayıdandan sonra qohumlarının birinin toyunda bir qız görür və ona bənd olur. Sevinc adlı bu qızdan xoşu gəldiyini ailə üzvlərinə açıqlayandan sonra onlar nişanlanır və 1989-cu ildə isə ailə həyatı qururlar.

***

Ailə üzvlərinin sözlərinə görə, Azər yaxşı oğul, qardaş, ailə başçısı, övladlarına yaxşı ata idi. Hədsiz zarafatcıl insan olub.

Azər Mirzəyev teatr tamaşaları ilə yanaşı "Nekroloq", "Qeybdən gələn səs", "Yaşıl eynəkli adam-3", "Rəis", "Dəvətnamə", "Yol yoldaşları", "Mükafat", "Böyük ömrün davamı", "Mürafiə vəkillərinin hekayəti", "Sübhün səfiri" filmlərində aparıcı rollar ifa edib.

***

Bacısı Esmira xanım müsahibələrinin birində deyir:
"Azər Mirzəyev yubiley yaşlarını qeyd etməyi sevirdi. Onun 50 illik yubileyi televiziya səviyyəsində keçirildi. 2012-ci ildə isə 60 illik yubileyini ailə, qohum, dost-tanış arasında keçirdi. Bəzən deyirlər ki, yubiley yaşını qeyd etmək düşərli olmur, doğurdan da belə oldu. Ad gününün ertəsi işdən evə gələn Azər Mirzəyev sol tərəfində keylik hiss etdiyini deyir. Ailə üzvləri həkim çağırır və Azər Mirzəyevin insult olduğu üzə çıxır.

***

Bu hadisədən sonra Azər Mirzəyev 1 il 8 ay xəstə yatır. Xəstə olduğu müddətdə ssenarilər yazır, amma evdən çıxa bilmir. Çətinliklə yeriyir, daha çox ayağından əziyyət çəkir. Sonra isə aktyorun xəstəliyi şiddətlənməyə başlayır və beyninə qan sızır.
 

Azər Mirzəyevin yaxın dostu, Xalq artisti Yasin Qarayev dostunu xatırlayarkən deyir:
"Biz 1974-cü ildən birlikdə tamaşalarda oynadıq, yavaş-yavaş dostluğumuz başladı. Bu dostluq ailəvi dostluğa çevrildi. Gülşən Qurbanova, Azər və mən bir-birimizə daha yaxın idik. Tamaşalarda, verilişlərdə, qastrollara gedəndə, hətta kiçik səhnəciklərdə də bir olurduq, bizə "üç dost", "Azərbaycanın üç muşketyoru" da deyirdilər. Gülşən axır vaxtlar pessimist hisslərə qapılmışdı, çox şeyləri qəmgin not üzərində qururdu. Mənə dedi ki, ölsəm ağlayacaqsan? Dedim ki, ay Gülşən, niyə belə söz deyirsən, mən səndən yaşca böyüyəm, niyə ölməlisən ki?! İsrarla kövrək halda soruşurdu, mən isə israrla cavab vermirdim, söhbəti bitirməyini istəyirdim. Sonra üzünü Azərə tutub eyni sualı verəndə Azər qayıtdı ki, yox, ağlamayacam. Sonra da əlavə etdi: "Gülşən, mənim əlimdə işim olacaq, qoy dostun Yasin ağlasın, mən molla çağıraram, çadır quraram, stol daşıyaram. O hadisədən 1 ay keçməmişdi, Gülşən dünyasını dəyişdi. Gülşənin dəfnində inanın ki, ən bərk ağlayan Azər idi. Hətta mən belə hesab edirəm ki, Azərin ölümünü tezləşdirən Gülşənin ölməyi oldu. Bu itki Azər üçün böyük zərbə oldu, sanki ömrünü baltaladı".

***

Günlərin birində teatrda "Zəncirlənmiş Promotey" adlı tamaşa hazırlanır. Baş rolda Yusif Vəliyev oynayır. Azərə isə "şair" obrazı verilir. Tamaşanın sevgi səhnəsində Azər rola uyğun olaraq aktrisanı sevməli imiş. Ancaq rejisor Hüseyn Sultanov Azərlə həmin xanımın səhnəsindən narazı qalır. Azər isə deyir: "Hüseyn müəllim, mən axı bu aktrisanı sevə bilmirəm, necə oynayım?! Sevməsəm aşiq obrazı yarada bilmərəm".

Yasin Qarayev dostunun son günlərini belə xatırlayır:

"Azərin son günündə biz onunla görüşməyə gedəndə çox pis vəziyyətdə idi, hissiyatı yox idi, adam tanımırdı. Girdik yanına, anası bizi görüb qışqırdı ki, Azər dostların gəlib!. Mən qabağında diz çökdüm, əlini tutdum, anası "Yasin gəlib!" deyəndə hissiyatı olmayan insanın gözünün altı tərpəndi. Mən onun əlini tutanda bunu hiss elədi, gözü tərpəndi və gördüm ki, əlimi qaldırıb öpmək istəyir, qoymadım. İradə adlı işçimiz inanclı xanım idi. O baxdı və "Azər, kəlmeyi-şəhadət oxuyaqmı?!" dedi. Azər onun gözünün içinə baxıb işarə elədi ki, "hə". İradə kəlmeyi-şəhadəti deyirdi və Azərin də dodaqları tərpənirdi. Hiss edirdik ki, içində oxuyur. İncəsənət aləmində yeganə insan sanıram ki, Azər kəlmeyi-şəhadətini aktyor dostları ilə birgə oxudu".

***

Azər Mirzəyev uzun sürən insult və ürək çatışmazlığından 19 iyul 2014-cü ildə dünyasını dəyişir. Bakı şəhərində vəfat edən aktyor Sabirabad rayonunda dəfn olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

63 yaşlı Nərgiz Cəlilovanın yeni görüntüsü - FOTO
Ad günündə insult keçirdi, aktyorlarla birgə kəlmeyi-şəhadətini gətirdi - Əməkdar artistin ölümünə nə səbəb olmuşdu?
Elza bu dəfə başına xoruz qoydu - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ