Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68086
az

Sevgilisi ilə həyat yoldaşı bir evdə yaşadı, oğlundan imtina etdi

17:5810 Aprel, 2022
1073
ŞOU-BİZNES
  • A

OXU24.COM Kulis.az-a istinadən Xalq artisti Rafiq Hüseynov (Rəmiş) haqqında 10 maraqlı faktı təqdim edir.

1944-cü il noyabrın 14-də Ağdamın Gülablı kəndində doğulub. 6 yaşında olanda Ağdamda babası Yunis kişi onu əzizləyərək Rəmiş deyə çağırarmış. Elə o vaxtdan el arasında hamı onu Rəmiş kimi tanıdı.

***

Ağdama tez-tez gələn maestro Niyazi Rəmişi dinlədikdən sonra onun çalğısını çox yüksək qiymətləndirərək sənətkarın Bakıya gəlməsini məsləhət görüb. Sonralar Rəmiş bu işlə ciddi məşğul olur, musiqi tariximizdə ilk dəfə gitaranı Azərbaycan musiqilərinə, muğamlara uyğunlaşdırır.

Rəmiş Məmməd Araza "Aqilin qaynatası" (yerlisi, tanınmış yazıçı-jurnalist Aqil Abbas nəzərdə tutulur - red.) deyirdi. Bir gün, "Aqilin qaynatası" Rəmişin yaşadığı və ifalar etdiyi "Qu gölü" istirahət mərkəzinə gəlir və onu dinləmək istədiyini bildirir. Rəmiş çox ürəklə çıxış edir. Sonralar videoya baxanda Məmməd Arazın ifanın təsirindən ağladığını görürlər.

***

Konkret səbəbi bilinməsə də, uzun illər Xalq artisti Qədir Rüstəmovla küsülü olub. Mətbuatda bir-biri haqqında tənqidi fikirlər də səsləndiriblər. Bu haqda Rəmiş müsahibələrinin birində deyir:

"Kimi dindirirsən, deyir ki, Qədirlə Rəmiş yola getmir. Niyə, nə şərikli malımız var ki, bölə bilməyək? Başına döndüyüm Azərbaycanın musiqi dəryasından bir parç o götürüb, birin də mən. Amma iki parç da o töküb o dəryaya, iki parç da mən. Ona görə də bitib tükənən deyil. Qədiri ilk dəfə rəhmətlik Əhsən Dadaşovun yanına mən aparmışam. Dedim, Əhsən müəllim, bu oğlanın səsini yoxla. Düzü, əvvəl rəhmətlik inamsız yanaşdı Qədirə. Qədir də tükü-tükdən seçən həssas adam. Üç dəfə ansambla ayaq verdi, Qədir oxumadı. Əhsən müəllim fasilə verib "Şur" üstə tarda özü üçün elə-belə gəzişdi. Birdən Qədir başladı, nə başladı. İçəri girdim ki, qəbri nurla dolmuş gözəl kişi, müqəddəs kişi dəsmalını gözünə sıxıb hönkür-hönkür ağlayır."

Gur saç saxlayan, dar cins geyinən, üzərinə qeyri-adi aksesuarlar taxan Rəmiş o vaxt azərbaycanlıdan çox xarici rokerlərə bənzəyirdi. Üstəlik, meymun da saxlayır, çiyninə alıb özü ilə gəzdirir, meymununa qızıl diş saldırır. Uzun zaman bu qeyri-adiliklərinə görə onu dövlət televiziyasına buraxmayıblar. Hətta bir dəfə şərt də qoyulub: saçını qırxdırmalısan! Təbii ki, Rəmiş bu təklifi qəbul etməyib. Bir çox çəkilişlərdə o elə həmin görünüşdə düşüb. Çünki Rəmişi əvəz edən ifaçı yox idi.

***

Uzun illər narkotika istifadəçisi olan Rəmiş bunu heç kimdən gizlətmirdi. Ancaq mətbuat bu haqda yazmağa və deməyə ürək eləmirdi. O, özü bu haqda belə deyir:

"Özümdən sonra gələn nəslə ağıl, bir də o zəhrimardan uzaq olmağı arzulayıram. Mənim həyatımı o puç etdi. Ailə yox, ev yox, var-dövlət yox. Hamısına bais o zəhrimar oldu".

Bir gün Rəmişi Bakıda yəhudi toyuna dəvət edirlər. Toyda Azərbaycan mahnı və muğamlarını ifa edən Rəmiş yəhudilərin onun ifasına qulaq asmadığını görüb, qəfil İsrailin dövlət himninin çalır. Bütün zal əlini sinəsinin üstünə qoyub ayağa qalxır. Rəmiş sənətini həddindən çox sevən və özündəki istedadı dəqiq bilən adam olub. O, özü haqqında belə deyir:

"Ən çox inandığım, barmaqlarımdır. İçimdə qaynayanlar, istəklərim, ən çox inandığım, barmaqlarıma süzülür, nəğməyə çevrilir. Yana-yana çaldığım üçün məni də göynədir, dinləyicilərimi də. Mənim inamım da, varım-yoxum da, Məkkə-Mədinəm də o simlərdi, bir də simlərin üstündə iradəmdən kənar, ürəyimin hökmü ilə hərəkət edən barmaqlarımdır. Bir dəfə avtomobil qəzasında hər iki qolum qırılmışdı. İlk dəfə özümə gələndə fikirləşdiyim bu oldu ki, ayaq barmaqlarımla çala bilərəmmi? Möcüzə nəticəsində qollarım sağaldı".

3 dəfə ailə quran Rəmişin ilk evliliyindən bir oğlu, ikinci evliliyindən isə iki qızı dünyaya gəlib. Birinci evləndiyi Arzu adlı xanımla rəsmi nikahı olmayıb. 1979-cu ildə Rəmiş Arzu xanımı qaçırıb. Bir il sonra cütlüyün Hüseyn adlı oğlu dünyaya gəlib. Rəmiş oğluna atasının adını versə də, sonralar onu qəbul etməyib. Hüseyn atasını dəfələrlə axtarıb, görüşməyə cəhd edib, amma alınmayıb. 1997-ci ildə Moskvadan gələndə atasına baş çəkən Hüseyn onun xəstə olduğunu görüb boynundakı iri qızıl boyunbağını ona bağışlayıb.

Moskvada bir neçə dəfə həbs olunan, sonuncu həbsi zamanı həbsxanada müəmmalı şəkildə ölən Hüseyn haqqında sual veriləndə Rəmiş həmişə "Mənim o adda oğlum yoxdur" deyib. Hüseyn atası ilə sonuncu dəfə görüşəndən sonra anasına vəsiyyət edib ki, öləndə Rəmişin adını qəbrimin üstünə yazmayın! Anası oğlunun vəsiyyətinə əməl edərək Rəmişin adını oğlunun məzarı üstünə yazdırmayıb. Rəmişin ilk evliliyindən dünyaya gələn iki qızı ilə də heç bir əlaqəsi olmayıb. Bu barədə Rəmişin birinci arvadı Arzu xanım deyir:

"Hüseyn dəfələrlə atasını axtarıb, yanına gedib. 1997-ci ildə Moskvadan gələndə atasını yoluxub, xəstə olduğunu görüb, boynundakı qalın qızıl boyunbağını satıb, Rəmişin müalicəsinə xərcləyib: "Kişi yaman qocalıb, bunu eləməliydim" - dedi. Sonuncu dəfə Kamran Həsənli Rəmişdən veriliş çəkirmiş, hansısa şadlıq evində. Hüseyn hardansa xəbər tutmuşdu, xəstəydi, "bürsulyozdan" müalicə alırdı. Elə xəstə-xəstə, qızdırmalı halda durub, o şadlıq evinə gedib. Sonradan öyrəndim ki, müalicəsinə xeyli pulumuz çıxmışdı, bir az borcum yaranmışdı, atasından kömək üçün gedibmiş. Gülü görüşməyə imkan verməyib. Hüseyn də əsəbiləşib, boğurmuş onu, Kamran Həsənli girib araya. Rəmişsə heç nə deməyib. Ordan qayıdandan sonra atasından ürəyi qırıldı, dedi, o adlı adam tanımıram. Atası ilə sonuncu dəfə görüşəndən sonra mənə demişdi ki, tez öləcəyəm, bu yolun sonu yoxdur; amma öləndə onun adını qəbrimin üstünə yazmayın - atası üçün demişdi. Qismət elə gətirdi ki, elə yazdırmadıq da..."

Üçüncü həyat yoldaşı Gülü onun fanatı olub. Deyilənlərə görə, Rəmişin toyu olanda darvazadan baxıb ağlayırmış. Bu qadın Rəmişin ömrünün sonuna qədər birgə həyatı paylaşdığı sonuncu qadın olur. Ailəli ola-ola başqa bir xanımla görüşən Rəmiş həyat yoldaşı Gülüyə o xanımı evə gətirəcəyini deyib. Gülü də razılaşıb. 4 ay sevgilisi ilə həyat yoldaşı bir yerdə yaşayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Natavan Həbibi bacısını axtarır
Aynişan yenidən ora getmək istəyir -FOTO
Aysun İsmayılova etiraf etdi:"Heç vaxt həyat yoldaşımı..."

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR