Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105633
az

Müğənni xanımı Dubaya çağıran oğlan

17:1906 Aprel, 2024
161
ŞOU-BİZNES
  • A

Birdən-ikiyə Dubayda olmamışam, bilmirəm, amma olanlar deyir ki, havasındandır, nədəndirsə, orada insanlar daha həvəsli, şövqlüdürlər. Təəssürat belədir ki, ora düşəndə sanki, şair demişkən, "sevib-sevilmək həvəsi" artır.

Qabaqlar amur məsələlər üçün lotuyana adamların axışdığı yer Paris, Baden-Baden tərəflər olub, indi Dubaydır. Düzdür, başqa yerlər də var (Tayland, Kamboca, Filippin-filan), amma oralar uzaqdır, Yaxın Şərq regionunun adamları əsasən Dubaya gedirlər. Çünki ora azad iqtisadi zonadır, qoruq-qaytaq yoxdur, iş adamları orada yaxşı pul qazanır, yaxşı da xərcləyirlər.

Bizim ölkədən də gedib Dubayda çalışan iş adamları var. Onlar orada nə iş görürlər, nə alıb-satırlar, o qədər bəlli deyil, bəlli olan odur ki, babat pulları və iki o qədər də həvəsləri var.

Ona görə də o iş adamlarından birinin müğənni Qumralı Dubaya çağırması, ona iriməbləğli qonorar təklif etməsi təəccüb doğurmur. Sıradışı hadisə deyil. Adam reklam çarxı çəkəcəkmiş. Dünyanın hər yerində reklam çarxına gözəl modelləri çəkirlər. Qaydadır. Elə olanda təklif olunan mal bərk gedir.

Ancaq Qumralın bu məhrəm təklifi ictimailəşdirməsi, birbaşa telekanal efirindən xalqa duyurması göstərir ki, xanım özü biznesmenin əsl niyyətindən xəbərdardır.

Əslində burada sirr-filan yoxdur. İş adamı xarici gözəlliyi ilə seçilən müğənni xanıma "ərinlə gəlmə, tək gəl, bütün xərclər mənlikdir" deyəndə niyyətinin anonsunu verib, zatən.

Adama deyərlər, yaramaz, sənin niyyətin reklam çarxı çəkməkdirsə, xanımın ərinin sənə nə maneçiliyi var? Adam bir kənardan durub çarx çəkilişinə baxacaq, sonra öz halalca həyat yoldaşını taksiyə qoyub otelə aparacaq. Amma sən istəyirsən ki, ər qalsın Bakıda, xanımı restorana, otelə sən aparasan. Bu da düz gəlmir. Qumral özü bu barədə deyib ki, o şərtləri kim qəbul edir, onu çağırsınlar Dubaya.

Sadəcə, insanın həyasızlığına baxın. Allah qoymasa, dinli-imanlı ərəb ölkəsindədir, bəlkə də yerli adamlara qoşulub oruc tutur, namaz qılır, ən azı onu bilir ki, ərli qadına "ərin gəlməsin, tək gəl" demək zinaya çağırışdır, amma nəfsini saxlaya bilmir.

Təəssüf ki, gənc müğənni həmin şəxsin onun telefonuna göndərdiyi mesajı həm tam oxumadı, həm də adını çəkmədi. Ad çəkilsəydi, maraqlı olardı. Əl-əlbət, tanıdığımız biri çıxacaqdı. Elə olmasa da, ikicə günə hamımız tanıyacaqdıq, kimin oğlu (qardaşıoğlu, bacısıoğlu) olduğu, Dubayda nə iş gördüyü bilinəcəkdi. Ola bilər, məlum olacaqdı ki, adam ölkəmizdə korrupsiya yolu ilə qazanılmış pulu xaricdə yuyur. Təbii ki, Dubaydakı bəyin subay olmadığı da ortaya çıxacaqdı. Saytlar adamın ölkədəki əhli-əyalına çıxacaqdılar, ondan ərinin müğənni xanımları Dubaya çağırmasına münasibət soruşacaqdılar. O da deyəcəkdi ki, ərinə şər atırlar, onun müğənni tayfası ilə heç bir işi ola bilməz, onlar özləri ilişmək üçün sponsor axtarırlar.

Heç gözəl müğənniləri reklama çəkmək istəyən oğlan da dinc durmayacaqdı, deyəcəkdi ki, mən elə adam tanımıram, mənim telefonumdan ona heç bir mesaj göndərilməyib, reklam çarxı çəkmək kimi bir planım da heç vaxt olmayıb. (Əlbəttə, olmayıb, sən xanımı reklama çəkilməyə çağırmırdın axı).

Xüləs, maraqlı proses gedəcəkdi. Amma Qumral bu işi pozdu. İndi o adam daha bu ölkədən heç kimə sponsorluq etməyəcək, klip, reklam çəkdirməyəcək. Ara yerdə incəsənətimiz itirir.

Keçmişdə belə çağırışları, gedişləri, çəkilişləri ictimailəşdirmirdilər. Gedənlər gedirdi, pullarını qazanıb səs-səmirsiz də qayıdıb gəlirdilər. Getməyənlər isə mədəni şəkildə "bu təklifiniz mənim üçün məqbul deyil" və ya israr edənlərə "get anqır, tayını tap" deyirdilər, məsələ bitirdi. Amma indi birbaşa televiziya efirində açıqlayırlar. Bu, yeni mərhələdir.

Bu tendensiyanın pis tərəfi odur ki, müğənni qadınlar özlərini dilə-dişə salırlar. Arıtq müğənniliklə başqa qədim peşələrin adları ekvivalent olub.

Ona görə də gərək onlar bir az təvazökar olsunlar, özlərini dilə-dişə salmasınlar. Qoy həftədə heç olmasa bir gün efirə çıxmasınlar, başlarına gələn yaxşı-yaman hər şeyi danışmasınlar. Nə olacaq ki? Bir-iki gün efirə çıxmayanda xalq onları unudacaq?

Yox, həmişə xalqın dilində dolaşmaq istəyirlərsə, ta özləri bilər. Xalqda sözü dolandırmaq-filan yoxdur, konkretliyi sevir, "sponsor"a ya "Həci" deyir, ya da "saxlayan".

P.S. Qabaqlar kiminsə arvadını harasa tək çaırsaydılar, arvad getməsə də, ər bıçağını cibinə qoyub gedərdi. (Bu, çağırış və ya təklif deyil, oxumuş adamların sözü olmasın, faktın konstatasiyasıdır).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO