Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105253
az

“Dedilər ərin başqa qadınla öpüşür, qucaqlaşır"

22:2501 Aprel, 2024
271
ŞOU-BİZNES
  • A

Tamaşaçıları onu müxtəlif seriallarda ifa etdiyi maraqlı obrazlarla yaxşı tanıyırlar.  O səhnəmizin gənc Leylisi, Cülyettasıdır. 

Milli.Az bildirir ki, lent.az-ın müsahibi  Gənc Tamaşaçılar Teatrının aktrisası, Prezident mükafatçısı Asya Atakişiyevadır.

- Asya, yaşınız 35-i keçsə də, sizə yaşınızı vermək olmur, bunun bir sirri var?

- Bəlkə də, Gənc Tamaşaçılar Teatrının aurasındandır, orada uşaq tamaşaçılarımız çox olur axı. Həm uşaq rollarında da oynayırıq. Düzünü desəm, illərdir səhnədə olsam da, təbiətimdəki utancaqlığı dəf edə bilməmişəm. 

- 16 yaşlı Cülyettanı oynamaq çətin olmadı? 

- Cülyetta mənim ən böyük arzum olub. Həmişə bu əsəri oxuyub xəyallara dalırdım. Xəyalən Verona küçələrini gəzirdim. İtalyan mədəniyyəti ilə dərindən maraqlanırdım. Cənnət xanımın bu əsərə quruluş verəcəyini eşidəndə həyəcandan ölürdüm, deyirdim görəsən Cülyetta kim olacaq? Təsəvvür edin, mən bu rola təsdiq ediləndən düz bir il sonra tamaşa hazırlandı. Amma mən 1 il dayanmadan Şekspiri oxudum, İtaliyanın orta əsrlərinə dair materiallarla maraqlandım,  "Romeo və Cülyetta" filmini izlədim. Özümü orta əsrlər havasına kökləmişdim. Hətta günəşə də çıxmırdım ki, rəngim qaralamasın. Cülyetta qara olmamalıdır. Dənizə getmədim, küçədə çətirlə gəzirdim.

-Dediniz çox utancaq olmusunuz. Bununla belə peşə olaraq aktrisalığı seçdiniz.

-  Utancaqlıq, çəkincəklik səbəbi ilə orta məktəbi qurtardığım il ali məktəbə daxil olsam da, oxumağa getmədim. 

 - Necə yəni?

-  Orta məktəbi qurtarandan sonra test imtahanı ilə hüquq fakültəsini qazandım İncəsənətə meylim olsa da utanıb gedə bilməmişdim. Deyirdim, qabiliyyət imtahanı olmadan girmək olmazmı? Hüququ qazandığımı biləndə düşündüm ki, axı mən hüquq adamı deyiləm, oxuyub nə edəcəm bu sənətdə? Getmədim. İkinci il atamın israrı ilə İncəsənət Universitetinə hazırlaşdım. Amma utandığıma görə yenə aktyorluğa yox, rejissorluğa sənəd verdim. Dördüncü kursda oxuyanda atam əlimdən tutub məni apardı Gənclər Teatrına, baş rejissor Hüseynağa Atakişiyevin yanına. O atamın qardaşı idi. Hüseynağa müəllim üzümə baxdı, gülümsədi, dedi niyə gec qalmısan? Ərizəmi yazanda dedi "yaz ki, aktyor ştatına qəbul olunmaq istəyirəm". Mən də elə bildim bu sənəd üzərində qalacaq. Heç demə, işə həqiqətən aktrisa kimi başlayacağammış. İlk rolum da "Yatmış gözəl" tamaşasında baş rol oldu. Beləcə səhnəni sevdim, onunla nəfəs almağa başladım.

- Əminiz Hüsyenağa müəllim sizə tərəfkeşlik edirdi?

-  Yox. Teatrda hələ də çoxları onun mənim əmim olduğunu bilmirlər. Hüseynağa müəllim mənə qarşı hamıdan daha tələbkar idi, güzəşt etmirdi.

 - 2021-ci ildə həmkarınız Əmrah Dadaşovla ailə qurdunuz. Teatrda tanış oldunuz? 

- Yox. O Musiqili Komediya teatrında işləyirdi. Onunla ilk dəfə bir televiziya proqramına qoşa dəvət almışdıq. O şeir deyirdi. Diqqətimi çəkməmişdi onda. Sonra bir neçə dəfə də müxtəlif tədbirlərdə qarşılaşdıq. Amma tamamən yad kimi. Bir dəfə teatrın qarşısında ortaq tanışımız Zaurla qarşılaşdıq, ikisi bir yerdə idilər. Zaur bizi tanış elədi. Sonralar özü etiraf etdi ki, Zaurla qarşılaşmağımızı o planlayıbmış. Yəni əslində mənimlə tanış olmaq  üçün planlar qurub dəfələrlə.

Elə ikinci görüşdə mənə evlilik təklifi elədi. Bu nəsə mənə ciddi gəlmədi. İnanmırdım. Hətta qapımıza elçiləri gəlib məni istəyənə qədər onun ciddi olmadığını düşünmüşəm. Dedi elçilər gəlir, yenə inanmırdım.

- Niyə çox zarafatcıl idi, yoxsa ona inanmırdınız?

- Yəqin, hər şeyin belə asanlıqla tez olacağına inanmırdım. Onu çox sevmişdim. Problemsiz, rahatlıqla arzuya çatmaq inandırıcı gəlməmişdi. 

- Bəs Asya necə bir gəlindir?

-  Bunu qayınanamdan soruşmaq lazımdır. Məncə pis deyiləm. Yoldaşımın ata-anasından ayrı yaşayırıq. Görüşəndə hər şey gözəldir. Bir-birimizin işlərinə çox qarışmırıq.

- Sənət adamının ömür yoldaşı olmaq asan iş deyil. Aranızda qısqanclıq olur?

- O bir az qısqanır. Əslində qısqanclıq da deməzdim, hər addımımı, hər işimi onunla məsləhətləşirəm, yol göstərir. Mən bir az safam, hər sözə çox inanıram. Evdə bacım, qardaşım da bəzən zarafat edib aldada bilirlər məni. Nə desələr deyirəm, a doğrudan? (gülür). Mən Əmraha çox güvənirəm deyə qısqanmıram. Bu yaxınlarda "Muzkomediya"da "Bir qadın" tamaşası hazırlanıb təqdim olundu. Əmrah Musiqili Komediya Teatrının aparıcı aktyorlarındandır və bu tamaşada baş rolda oynayır. Tamaşada kifayət qədər açıq-saçıq səhnələr var. Hətta buna görə bir-az mediada hay-küy də yaranmışdı. Çox gözəl əsərdir. Mənə deyirlər "ərin o qadınla öpüşür, qucaqlaşır qısqanmırsan?" Deyirəm yox, əla oynayıb, zövq alıram. 3 dəfə gedib baxmışam. Utanmasam, yenə gedərəm. Amma qorxuram deyəcəklər bu nədir, gündə gəlir ərinə baxmağa.

-  Bəs o sizin tamaşalara gəlir?

- Yox. İstəmirəm ki gələ. Onun mənə tamaşa etdiyini bilsəm, asan olmaz. Səhvlərimi tez görər. Ümumiyyətlə, doğmalarımın yaxınlarımın tamaşaçı zalında olmasını biləndə utanıram. Bircə anamdan çəkinmirəm. O da mənə baxmır. Heç çəkildiyim serialları da izləmir.

- Seriallarda görünmürsünüz son zamanlar.

-  Bilirsinizmi, ya əsər yaxşı olmalıdır, ya qonorar.  O yoxdursa zaman itirməyə dəyməz. Teatrda həddən çox işimiz olur. Mən vaxtilə böyük qonorarlar almışam, indi az təklif edirlər getmirəm. Getsəm aşağı salacaqlar qiymətləri, belə də davam edəcək. Bahalı aktrisa olduğuma görə serialın birində məni tez öldürdülər. Bir var elə aktyorlarla çəkilirsən, ora heç pul olmasa da gedərsən. Qurban İsmayılov, Həmidə Ömərova kimi sənətkarlarla çəkilmək bir məktəbdir, prestijdir. Bir də var nə ssenari ssenaridir, nə verilən pul o zəhmətə dəyir.

- Hansı rejissorla işləmək daha xoş gəlir?

- Hər rejissorla iş ayrı məktəbdir. Məsələn, Mehriban  Ələkbərova ilə işləmək çox çətindir, dincəlmədən, nəfəs almadan işləyirik, çox tələbkardır. Amma ortaya möhtəşəm nəticələr çıxara bilir. Nicat Kazımovla iş insana çox şey öyrədir. Bir-bir ad çəkmək istəməzdim, amma hamısı ilə işləmək gözəldir.

- Küsdüyünüz, incidiyiniz həmkarınızla səhnəyə çıxmısınız?

- Olub. Bir aktrisa ilə küsülü idim. Elə rolda da bir-biri ilə incik olan, atmaca atan iki qızı oynayırdıq. O qədər təbii alınmışdı ki. Küsülü olsaq da səhnədə qucaqlaşıb, görüşməli idik. Bunu da çox rahatlıqla edirdik. İndi aramız düzəlib. Onunla oynamaq zövq verirdi. Küsən, inciyən, adam incidən deyiləm, kimsə məndən küsürsə, demək problem onun özündədir. Eyni qrim otağını bölüşdüyüm aktrisamız Nuriyyə Əliyeva var. Çox sevirəm onu. "Kod adı VXA" tamaşasında o anamı oynayırdı, Nuriyyə xanımı güllələməyə aparırlar və mən onun arxasınca ağlamalıyam. İnanın elə bilirdim, doğrudan da anamdı və onu aparırlar. Elə ürəkdən kövrəlir, elə ağlayırdım. Görünür, sevgi duyğularını çox dərindən yaşayıram.

- Deyirlər məşhurluğun mütləq bədəli olur. Məşhurluq problem yaradıb?

- Yox mən bədəl ödəməmişəm. Sadəcə sosial şəbəkədə min dəfə yaxşı söz yazıb, bir dənə pis söz deyəndə o bütün əhvalımı kor edir. Anlayıram ki, hamının zövqünü oxşamaq olmaz. Yenə də insanın könlü qırılır. Əslində elə çox pis fikir yazan da olmayıb. İnsanı bir kəlmə ilə xoşbəxt edib, yaşamağa, yaratmağa həvəsləndirmək varkən, qırıb-tökənləri, dünyasını qaraldanları mən anlamıram.

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO