Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76257
az

Erməni spiker Sahibə Qafarova ilə görüşdən qaçdı - Rusiyaya qarşı jest, yoxsa...

23:1210 Noyabr, 2022
166
SİYASƏT
  • A

Alen Simonyan Azərbaycan-Ermənistan-Rusiya parlament sədrlərinin üçtərəfli görüşündə iştirakdan niyə imtina etdi?
Ermənistan Soçidə razılaşdırılmış parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etməyəcəyinin bəyan edib. Məlum olduğu kimi, oktyabrın 31-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Həmin bəyanatın bəndlərindən biri Azərbaycan və Ermənistan xalqları arasında etimadın yüksəldilməsi üçün parlamentlər arasında təmasların başlanmasını özündə ehtiva edir. Sözügedən bəyanatda bu xüsusda bildirilirdi: “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyini vurğuladıq”. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov üçtərəfli parlamentlərarası təmaslara başlamaq üçün artıq məsləhətləşmələrə başladığını bildirmişdi. Maraqlıdır ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan Soçi razılaşmasını dəstəkləyərək parlamentin danışıqlar proseslərinin iştirakçısına çevrilməsinin vaxtı çatdığını demişdi. Ovannisyanın sözlərinə görə, bu razılaşma Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunduğundan, ehtimal etmək olar ki, Rusiya bu təmasların moderatoru olacaq və İrəvan buna qarşı deyil.

Rusiyanın yuxarı palatasındakı mənbə isə bildirmişdi ki, üçtərəfli parlamentlərarası dialoq aparmaq üçün danışıqlar qrupunun yaradılmasını müzakirə edəcək. Danışıqların noyabrda baş tuta biləciyi  bildirilirdi. Amma bu günlərdə məlum olub ki, Ermənistan yenidən danışıqları pozmaq mövqeyindədir. Ermənistan parlamentinin mətbuat katibi Çovinar Xaçatryan bildirib ki, “humanitar və ərzi bütövlüyü ilə bağlı məsələlər öz həllini tapmayana qədər Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Azərbaycan-Ermənistan-Rusiya parlament sədrlərinin üçtəərəfli görüşündə iştirak etməyəcək”. Ermənistan niyə bu görüşə qatılmaqdan imtina etdi? Səbəb Rusiyanın moderatorluğu ilə keçiriləcək növbəti görüşü Qərbin istəyi ilə pozmaq cəhdidirmi? “Humanitar və ərzi bütövlüyü ilə bağlı məsələlər” tələbi nə deməkdir?

AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi » Demokratik.Az

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, söz demək artıq Azərbaycan Ordusuna keçməlidir: “Ermənilərin danışıqlardan qaçmaları əslində onların haqsız bir mövqedə durduqlarının göstəricisidir. Hər danışıq ermənilərin nə qədər destruktiv mövqedə olduqlarını ortaya qoyur. Çünki danışıqlara gəlirlər və danışıqlar prosesində onların ortaya qoyduqları mövqenin nə qədər zəif olduğu, sülhü istəmədikləri, hələ də revanşist düşüncələrlə yaşadıqları görünür. Hər görüşdə, danışıqda özlərini ifşa edirlər. Son zamanlar Ermənistan daxilində baş verən hadisələr onu göstərir ki, erməni cəmiyyəti və siyasi elitasının Rusiyaya etimadı, etibarı azalıb deyə danışıqlardan ikiqat çəkinirlər. Ona görə də, müxtəlif bəhanələrlə bu danışıqlardan çəkinirlər. Əslində indiyə qədər Ermənistan-Azərbaycan danışıqları heç bir ön şərt irəli sürülmədən aparılıb. Yəni nə Azərbaycan, nə də Ermənistan bunlar olarsa oturub danışarıq kimi şərtlər irəli sürməyiblər. Əslində bu ön şərti irəli sürmək hüququ Azərbaycandadır. Qalib ölkə kimi Azərbaycan şərt irəli sürə bilər ki, Ermənistan bunları etsin, sonra danışıqlara oturaq. Amma ermənilər məğlub dövlət olduqları halda özlərini qalib dövlət kimi aparırlar. Bu da bəhanə kimi görünür. Ön şərt irəli sürülmədən, mövqelərinin zəifləməməsi üçün bu addımı atırlar. Hər halda Azərbaycan bundan nəticə çıxarmalıdır. Düşünürəm ki, Azərbaycan belə destruktiv mövqe tutan Ermənistanla müxtəlif formatlı olsa belə, bir masada oturmamalıdır. Azərbaycan artıq bütün dünyaya bəyan etməlidir ki, Ermənistan danışıqlara hazır deyil, onlar dialoq, sülh istəmir, məqsədləri vaxt qazanmaqdır və bəlli bir vaxtdan sonra revanşist hislərini həyata keçirməyə cəhd edəcəklər. Qarabağla bağlı onların hələ də xəyalları, xülyaları var. Bundan sonra söz artıq diplomatlardan Azərbaycan Ordusuna keçməlidir. Ordumuz da üzərinə düşən işi görməlidir deyə düşünürəm”.  

Bizi kim qoruyacaq...” - Yolayrıcında qalan Ermənistan panika içində

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə xanım spikerimizin qarşısından erməni təmsilçisinin qaçmaqdan başqa çıxış yolunun qalmadığını söylədi: “31 oktyabr Soçi görüşünün qərarına görə Rusiya-Ermənistan-Azərbaycanın müxtəlif sosial-siyasi qrupları, o cümlədən parlamentariləri arasında ünsiyyətin təşviq olunması ümumi danışıqlar prosesini sürətlənməyə hesablanıb. Görüşdən dərhal sonra Rusiya Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabbarov yaxın zamanlarda parlamentlərarası danışıqların və müvafiq görüşlərin baş tutacağını bəyan etmişdi. Lakin ötən təcrübələrdən bəlli olduğu kimi, parlament təmsilçilərinin danışıqları daha çox söz duelini xatırladır, nəinki mövqelərin yaxınlaşmasını. Bu, həm mart ayında Qazaxıstanda, Alma-Atada MDB-nin Parlamentlərarası Assambleyasının 30 illik yubiley toplantısında, həmçinin MDB-nin ən son, 28 oktyabrda Özbəkistanda, Səmərqənddə keçirilən plenar iclasında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan Milli Məclisinin sədri Alen Simonyan arasında baş tutan “dialoq”dan da məlumdur. Bildiyimiz kimi xanım Qafarova erməni həmkarını ustacasına susdurmuşdu. Görünür ki, Simonyan növbəti dueldə Parlament təmsilçimizin söz atəşlərinə tuş gəlməkdən qaçır. Lakin maraqlıdır ki, məhz Səmərqənd görüşündən az əvvəl, oktyabrda mediaya açıqlamasında Simonyan etiraf edib ki, “Mən də istəyirəm ki, nə qədər tez mümkünsə, o qədər tez sülh müqaviləsi imzalansın. Lakin hər hansı bir sənəd deyil. Yüzlərlə təklif və fikir var”. O, “humanitar və ərazi bütövlüyü” məsələlərinin sənəddə əks olunmasını yəni, 10 noyabr 2020-ci il tarixindən sonra ölkə ərazimizə qanunsuz daxil olaraq təxribata cəhd edərkən tutulan erməni terrorçularının buraxılmasını, və həmin tarixdən sonra erməni təxribatlarına cavab olaraq Azərbaycan ordusu tərəfindən keçirilən əməliyyatlar nəticəsində 150 km2 Ermənistan ərazisindən Azərbaycan əsgərinin çıxarılmasını nəzərdə tutur. Lakin elə bu məsələlərə də xanım Qafarova və digər siyasətçilərimiz tam və yerində cavab verirlər: 

Erməni hərbi əsirləri deyil, başqa dövlət ərazisinə qeyri-qanuni daxil olan terrorçular müharibə qanunlarına görə mühakimə olunmurlar və beynəlxalq humanitar hüquq konvensiyalarıyla müəyyən olunan müvafiq immunitetə də malik deyillər.
Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyinə və ölkə ərazimizdə təxribatlar törətməyə davam etdiyinə görə hərbi əməliyyatlar baş tutur. Öz öhdəliklərinə sadiq qalıb, əməl etsələr, o zaman sülh müqaviləsində bütün məsələlər həll olunacaqdır. 150 km2 ərazinin taleyini sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasın həll edəcək. Sülh müqaviləsi imzalanarsa ölkə rəhbərliyimiz humanistlik göstərib, hətta cinayətkarlara da əfv fərmanı verə bilər (bəlkə). Lakin öncə ərazi bütövlüyümüzü tanısınlar, Qarabağdan və 7 anklav kənddən çıxsınlar, Zəngəzur dəhlizini açsınlar, 4 mindən çox itkinimiz haqda məlumat versinlər və 25% dəqiqliyə deyil, 100% dəqiqliyə malik mina xəritələri təqdim etsinlər”.
Elxan Şahinoğlu - Bioqrafiya.com

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hər şeyin prosesləri uzatmağa hesablandığını qeyd etdi: “Ermənistan tərəfinin rəsmiləri bir tərəfdən dialoqda maraqlı olduqlarını vurğulayırlar, amma parlament rəhbərləri səviyyəsində görüşdən imtina edirlər. Əgər bunu edirlərsə, demək danışıqlarda o qədər də maraqlı deyillər. Onlardan olan gözləntiləri etmək istəmirlər. Sülh sazişində irəliləyiş yoxdur. Dəhlizin açılması hələ həll olunmayıb, sərhədləri müəyyənləşməyib. 2020-ci il bəyanatını Ermənistan tərəfi açıq şəkildə yerinə yetirmir. İndi də əllərinə bəhanə düşüb ki, guya Azərbaycan tərəfi Ermənistan ərazisinə daxil olub. Bu səbəbdən Azərbaycan tərəfi geri çəkilməyənə qədər görüşlərdə iştirak etməyəcəkləri kimi bəhanədən istifadə edirlər. O zaman bir sual meydana çıxır. Sizin baş naziriniz niyə Azərbaycan prezidenti ilə görüşür? Əgər bu qədər iddialısınızsa... Bütün bunların hamısı bəhanələrdir. Paşinyanın son açıqlamaları da Azərbaycana qarşı təxribat xarakterlidir. Ümid edirlər ki, Rusiya hərbçiləri bölgədə daimi qalacaqlar, separatçılar bu səbəbdən tərksilah olunmayacaq. Amma İlham Əliyevin Şuşada birmənalı şəkildə bəyanatı oldu ki, rus hərbçilərinin cəmi 3 il müddətləri qalıb və ondan sonra onlar bölgəni tərk etməli olacaqlar. Separatçılar mütləq şəkildə tərksilah olunmalı, yol Azərbaycan hərbçilərinin nəzarətinə keçməlidir. Bütün bunlar olmayana qədər Azərbaycan-Ermənistan arasında sülhdən danışmaq olmaz”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə XİN Fransanın qərarını pislədi
Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”