Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64084
az

ABŞ hədələyir, ancaq özü də qorxur: Rusiya isə Qərbə dünya müharibəsi vəd edir

20:3420 Yanvar, 2022
279
  • A

ABŞ və NATO Rusiyaya təhlükəsizlik təminatı verilməsindən imtina barədə yazılı məlumatı Kremlə göndərərsə, prezident Putin Avropa xalqlarına müraciət edəcək; Ukraynanı Rusiyanın enerji resurslarına qurban verməyə hazır olan Avropa Birliyi ölkələrinin vətəndaşlarına həmin müraciət Kremlin hərbi xarakterli addımlarından öncə sonuncu xəbərdarlıq ola bilər...
ABŞ və NATO-nun Rusiya ilə hərbi-siyasi qarşıdurması artıq həlledici mərhələyə keçib. Qlobal savaş təhlükəsi hazırda real görüntülər alıb. Və bütün dünya indi savaşın olub-olmayacağından daha çox nə vaxt başlayacağını müzakirə edir.

Beynəlxalq siyasət məkanında qüvvələr nisbəti də ciddi şəkildə dəyişməyə başlayıb. Ağ Ev bəzi nəhəng dövlətləri ABŞ və NATO-nun cinahına çəkməyə nail olub. Rusiyanın yanında, daha doğrusu, ABŞ və NATO-nun qarşısında olan dövlətlərin arasında isə prinsipial anlaşma mövcud deyil. Rusiya, Çin və İranın ön planda olduğu bu düşərgədə ABŞ və NATO əsas rəqib kimi qəbul edilsə də, qlobal proseslərə münasibətdə kəskin ziddiyyətlər mövcuddur.

OXU24.COM musavat.com-a istinadən bildirir ki, yəni, bu düşərgə Rusiyanın ABŞ və NATO ilə kəskin hərbi-siyasi qarşıdurma vəziyyətində olmasından məmnundur. Ancaq ABŞ və NATO ilə rəqabət yaşayan dövlətlərin mütləq əksəriyyəti Rusiyanı açıq şəkildə və ya birbaşa dəstəkləməyə qətiyyən həvəsli deyillər. Əksinə, bu dövlət üçün Rusiyanın ABŞ və NATO-nu təkbaşına zəifləməsi daha sərfəli variantdır.

Bu baxımdan, hesab etmək olar ki, əslində, Kreml Rusiyanın gələcək taleyini həll edə biləcək olduqca təhlükəli qlobal qarşıdurmada təkbaşına qalıb. Bu reallığı Ağ Ev və ABŞ-ın strateji müttəfiqləri də tam dəqiqliyi ilə bilir. Ona görə də, Rusiyaya qarşı təzyiqləri daha israrla gücləndirirlər. Və Rusiyanın nəhayət ki, geri çəkilmək məcburiyyətində qalacağı anı gözləyirlər.

Böyük Britaniya parlamentinin müdafiə komitəsinin sədri Tobias Ellvud Kremlin getdikcə daha ümidsiz vəziyyətə düşməkdə olduğundan tamamilə əmindir. Bu əminlik onun son açıqlamasında da qabarıq şəkildə özünü biruzə verir: "Biz Putini küncə sıxışdırdıq və ona yalnızca bir seçim yeri qoyduq. İndi nələrin baş verəcəyini yalnızca o bilir. Qərarını versin".

Maraqlıdır ki, hazırda analoji üstünlük qənaətlərinə Ağ Ev təmsilçilərinin açıqlamalarında da rast gəlmək mümkündür. Hər halda, ABŞ prezidenti Co Baydenin "Putin ABŞ-ın hazırda Rusiyaya qarşı hazırladığı sanksiyaların bənzərini indiyə qədər heç vaxt görməyib" deməsi Ağ Evin öz üstün imkanlarına böyük ölçüdə arxayın olduğunu göstərir.

Ancaq Ağ Evin arxayın olmadığı bəzi önəmli məqamlar da olmamış deyil. Xüsusilə də, Qərbdə artıq küncə sıxışdırılaraq, çətin duruma salındığından şübhə edilməyən Kremlin belə vəziyyətdə hansı gözlənilməz addımları ata biləcəyi barədə demək olar ki, təsəvvürlər məhduddur.

Yəni, bu, o deməkdir ki, Rusiyanın son anda bütün dünya üçün fəlakət xarakteri daşıya biləcək qərarlar verəcəyi ilə bağlı narahatlıq hər halda, mövcuddur. Ağ Evin mətbuat katibi Cen Psakinin dedikləri də məhz belə bir ciddi narahatlıqdan xəbər verir: "Hazırda elə bir mərhələdəyik ki, Rusiya istənilən an Ukraynaya hücum edə bilər".

Belə anlaşılır ki, Ağ Ev təmsilçiləri Rusiya qarşısında tam üstünlüyə malik olduqlarını düşünsələr də, Kremlin ABŞ və NATO üçün arzuolunmaz hərbi xarakterli addımlar atmayacağından qətiyyən arxayın deyillər. Halbuki, Qərb mətbuatında Ağ Evin ikibaşlı açıqlamalarının məqsədyönlü xarakter daşıya biləcəyi də istisna olunmur. Və bütün bunlar vəziyyətin daha da qəlizləşməsinə yol açır.

Digər tərəfdən, Qərb mətbuatı Kremlin ABŞ və NATO ilə siyasi-psixoloji oyuna başladığını da qətiyyən istisna etmir. Hesab olunur ki, Rusiya hər an savaşa başlayacağı ilə bağlı davranışları qabartmaqla, Qərb siyasi dairələrində dərin xof yaratmağa çalışır. "Nyu-York Tayms" vurğulayır ki, Kremlin Ukraynadakı Rusiya səfirliyini evakuasiya etməyə başlaması Qərbə qarşı yaxşı düşünülmüş siyasi-psixoloji təzyiq əməliyyatı da ola bilər. Yəni, Rusiya səfirliyinin əməkdaşlarının Ukraynadan tədricən çıxarılması Kremlin propoqandasının tərkib hissəsidir. Ola bilər ki, bu addımla Rusiya bir tərəfdən Qərbi aldadaraq qorxutmağa, digər tərəfdən isə Ukraynaya hərbi müdaxilə ehtimalına da hazırlaşmağa çalışır.

Ancaq ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləyə cəsarət etməyəcəyinə hələ də inanır. Onun fikrincə, NATO ölkələri Ukrayna böhranına münasibətdə vahid mövqedən çıxış etməklə, Rusiyanı savaş həvəsindən çəkindirə bilər. Hətta Ağ Ev sahibi hesab edir ki, Rusiya prezidenti Vladimir Putin müharibə istəmir: "Çünki o, bilir ki, Ukraynaya hərbi müdaxilə Rusiya üçün fəlakət olacaq".

Maraqlıdır ki, Ağ Ev Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, dollar üzərindən maliyyə-iqtisadi əməliyyatlar aparmaq hüququnu bloklamaqla hədələyir. Rusiya banklarının çökdürüləcəyi ilə bağlı xəbərdarlıq edir. Və buna paralel olaraq, Rusiya ilə anlaşma zəmini axtarıldığı da qətiyyən diqqətdən yayınmır.

Məsələ ondadır ki, Kremlin Rusiya üçün yazılı təhlükəsizlik təminatının verilməsi ilə bağlı tələblərinə əks reaksiya verən Ağ Ev bir tərəfdən ABŞ-ın Avropada öz hərbi iştirakını məhdudlaşdırmayacağını bəyanlayır. Digər tərəfdən isə NATO-nun Rusiya ilə Ukraynada strateji hücum silahları yerləşdirməmək barədə razılığa gələ biləcəyinə də eyham vurur. Hətta ABŞ və Rusiya prezidentləri arasında yeni görüş təkliflərini də gündəmə gətirməklə, Ukraynanın yaxın gələcəkdə NATO-ya üzvlüyünün mümkün olmayacağını vəd edir.

Göründüyü kimi, Ağ Ev bir tərəfdən Rusiyanı hədələyib qorxutmağa çalışır, digər tərəfdən isə ABŞ-ın da əslində, qorxduğu müşahidə olunur. Xüsusilə də, Avropa Birliyinin Rusiya ilə bağlı mövqeyininin ziddiyyətli olması Kremlə əlavə manevr imkanları açır. Çünki, Avropa Birliyi indiki situasiyada Rusiyaya qarşı sanksiyalar paketini tətbiq etmək niyyətindən uzaq olduğunu bəyanlamaqla, əslində, Ukraynanı bəribaşdan qurban verdiyini sezdirir. Və bu, Ağ Evin Rusiya ilə qarşıdurmada əlini kifayət qədər zəiflədir.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi ABŞ-ın "Şimal axını-2" layihəsindən imtina çağırışlarına da reaksiya verməyə tələsmir. Ağ Ev bu layihəni bloklamaqla, Kremli maliyyə-iqtisadi cəhətdən ağır duruma salmağa çalışsa da, Avropa Birliyi Rusiyanın enerji resurslarını Ukraynadan daha əhəmiyyətli hesab etdiyini sezdirir. Yəni, hazırda Avropa Birliyinə ABŞ və NATO-nun Kreml üzərində qələbəsi və ya Ukraynanın xilas olunması deyil, məhz Rusiyanın neft və təbii qazı daha çox lazımdır.

Belə vəziyyətdə isə Kreml ABŞ və NATO ilə qüvvələr nisbətini tənzimləmək üçün əlavə manevr imkanları qazanmış olur. Hətta Rusiya siyasi dairələri mövcud situasiyadan yararlanaraq, Avropa dövlətlərini daha da sıxışdırmaq şanslarını sınaqdan çıxarırlar. Kremlə yaxın dairələr bəyan edirlər ki, ABŞ və NATO Rusiyaya təhlükəsizlik təminatı verilməsindən imtina barədə yazılı xəbərdarlığı Kremlə göndərdikdən sonra prezident Vladimir Putin Avropa xalqlarına müraciət edəcək. Həmin müraciət Rusiyanın cavab olaraq, atacağı hərbi addımlardan öncə sonuncu çağırış xarakteri daşıya bilər. Çünki, prezident V.Putinın belə bir müraciət edəcəyi təqdirdə, Avropa Birliyi ölkələrinin vətəndaşlarını III Dünya Müharibəsindən yayınmaq məqsədilə öz dövlətlərinin hakimiyyətlərinə təzyiq göstərilməsinə çağıracağı iddia olunur. Və bu, Avropa Birliyinin, eləcə də, bütün dünyanın indidən təhdid olunması anlamına gəlir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi