Bəhruz Quliyev: “Düşünmürəm ki, Bakı İrəvanın nazı ilə çox oynayacaq”
img
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Ermənistanın Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Bakı üçün yeni təkliflər göndərildiyini təsdiqləyib. Amma o, təkliflərin konkret nədən ibarət olduğunu deməyib. Sadəcə, bunu bəyan edib: “Təkliflər bizim müvafiq idarə və vəzifəli şəxslərimizin bəyanatlarında səslənmiş sahələrə aiddir”.
Ancaq yeri gəlmişkən onu da qeyd edək ki, erməni tərəfinin təkliflərinin Bakıya çatdırılacağını Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında deyib. Lavrov qeyd edib ki, Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycan üçün yeni təkliflər verib və Moskva bu təklifləri Bakıya təqdim edəcək. Həmçinin o, danışıqların xırdalığına varmadan onu da əlavə edib ki, proses mürəkkəb olacaq.
Məhz Lavrovun sonuncu eyhamı diqqət çəkir. Bu o demək deyilmi ki, Ermənistanın təklifləri prosesləri uzatmağa xidmət edə bilər? Ümumilikdə Lavrov bununla nə demək istəyir?
“Ermənistanın göndərdiyi təklifin hansı məğzdə olmasına baxmayaraq, əsas məqsəd...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı irəli sürdüyü hər hansı ciddi təklif olarsa, həmin təklif, əlbəttə ki, ictimaiyyətin diqqətinə çatdırılardı. Lakin hələlik ciddi təkliflərin ortada olmadığını müşahidə etməkdəyik. Təkliflər irəli sürülərkən ən azından onların mahiyyəti, məqsədi açıqlanır, amma onların heç biri yoxdur. Bircə Lavrov dolayı da olsa işarə edir ki, proses mürəkkəb olacaq. İrəvan bu məsələdə nə qədər ağıllı davranarsa bir o qədər də onun xeyrinə olacaq. Əks halda Prezident İlham Əliyev jurnalistlərə verdiyi son müsahibəsində öz sözlərini kifayət qədər dəqiq şəkildə bəyan edib. Yəni bundan itirən Ermənistan olacaq. O cümlədən prezident onu da qeyd etdi ki, hətta bu prsoesdə belə Ermənistanın səmimiliyinə inanmaq olmaz. Bu o deməkdir ki, Bakı daim ən sərt addımlar atmağa hazırdır. Eyni zamanda, sərhədlərin delimitasiyası prosesində Qarabağ amili kənarda qalacaq. Yəni Qarabağ məsələsi ümumiyyətlə həll olunub və Azərbaycanın ərazi bütövlüyü tərkibindədir. Bu xüsusda, Ermənistanın göndərdiyi təklifin hansı məğzdə olmasına baxmayaraq, əsas məqsəd ərazilərin qarşılıqlı olaraq tanınması ilə nəticəsini tapacaq sülh sazşinin imzalanmasıdır”.
Bununla yanaşı, politoloq hesab edir ki, Lavrovun prosesin mürəkkəb olması ilə bağlı fikirlərində hər hansı digər motivləri axtarmaq doğru deyil: “Çünki Moskva sözügedən məsələdə vasitəçidir və Cənubi Qafqazda regional oyunçu olması ona bəzi üstünlükləri verir. Amma bütövlükdə son söz məhz Bakınındır. 44 günlük müharibə dövründə Azərbaycan öz ərazilərini işğaldan azad edərkən Rusiya həmin prosesləri ümumən kənardan izlədi. Son anda isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasında vasitəçilik etdi və bu gün Moskva yerdə qalan problemlərin tənzimlənməsi üçün də sadəcə vasitəçi rolunu oynayır. O baxımdan düşünmürəm ki, Bakı İrəvanın nazı ilə çox oynayacaq. Çünki üçtərəfli bəyanatın imzalanması üzərindən artıq bir ildən çox müddət keçir. Yəni ikinci ilə keçilib və Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərin bir sıra bəndləri hələ də yerinə yetirilməmiş qalır. Habelə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdəki fəaliyyəti də artıq müxtəlif suallar doğurur ki, Moskva öz üzərinə götürdüyü bu işin öhdəsindən gələ bilməzsə onun regiondakı reputasiyası müsbət qəbul oluna bilməz. Erməni tərəfinin cəhdləri yalnız bir tərəfə yönəlib – düşdüyü ağır və böhranlı vəziyyətdən daha az itkilərlə çıxmaq. Ancaq mövcud durumda Ermənistanın bu istəyinə çata biləcəyini də deyə bilmərik. Azərbaycan diplomatiyası öz sözünü deməkdə davam edir. Bu baxımdan, hesab edirəm ki, Rubinyanın təkliflər barədə irəli sürdüyü fikirlərindən də əhəmiyyətli məqamlar var və bu məqamlar qeyd-şərtsiz yerinə yetirilməli olan şərtlərdir. Biz unutmamalıyıq ki, qalib ölkəyik və Ermənistanın burada şərt, yaxud təkliflərlə çıxış etməsi heç bir məntiqə sığa bilməz. Əlbəttə ki, son söz Bakıdadır və dəmir yumruq da öz qüvvəsində qalmaqdadır. Müzəffər Ali Baş Komandanımızın da vurğuladığı kimi, əks halda Azərbaycan da öz tarixi torpaqları olan Zəngəzura, İrəvana tərəf öz iddialarını qaldıra bilər. Bu bizim haqqımızdır”.
Bir sözlə, politoloq hesab edir ki, Ermənistan yenə prosesi uzatmağa cəhd etsə, bu onlara baha başa gələcək.
Oxu24.com
ŞƏRHLƏR