Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul etdilər. Sənədə əsasən, Moskva danışıqlarında Dağlıq Qarabağda atəşin əsirlərin və döyüş meydanında qalan cəsədlərin dəyişdirilməsi üçün 10 oktyabr 12:00-dan dayandırılması ilə bağlı razılıq əldə edildi. Sənəddə qeyd olundu ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə isə tərəflər danışıqlar prosesinin dəyişməzliyini təsdiqləyir.
Görüş 10 saatdan çox davam edən görüşün ardından azərbaycanlı ekspertlər sosial şəbəkələrdə nəticə barədə öz fikirlərini bölüşüblər. Dominant.az həmin statusların bir neçəsini təqdim edir:
Atəşkəs barədə razılıq əldə edildi. Bu gün - 10 oktyabr, saat 12:00-dan etibarən atəş dayandırılır. Azərbaycan və Ermənistan münaqişənin həlli üzrə substantiv (mahiyyəti üzrə) danışıqlara başlamaq barədə razılığa gəlib. Yəni söhbət təkcə humanitar məqsədli müvəqqəti atəşkəsdən getmir, tərəflər ümumən həll prosesini davam etdirməyi qərara alıb.
Razılaşma üç ölkə rəhbəri - Putin, İlham Əliyev və Paşinyan arasında əldə edilib. Bu məqam bəyanat mətninin girişində qeyd olunub. Dördüncü (sonuncu) maddədə isə yazılıb: "Tərəflər danışıqlar prosesinin formatının dəyişməzliyini təsdiqləyir."
Maraqlıdır ki, 3-cü maddədə tərəflərin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara başlayacağı vurğulandığı halda, bunu ayrıca maddə şəklində bir daha qeyd etməyə ehtiyac duyulub. Aydındır ki, Rusiyanın təklifi, israrı ilə... Bu, həm Türkiyənin həll prosesinə qoşulacağına dair söhbətlərə cavabdır, həm də Türkiyənin özünə mesajdır".
Keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl:
"Dağlıq Qarabağın müstəqilliyinə razılıq verildi. Baza prinsipləri bunlardır:
– Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;
– Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;
– Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;
– Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi;
– Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;
– Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.
Buradakı 4-cü bənd Dağlıq Qarabağda referendum keçirilməsini və yekun statusunu ermənilərin müəyyənləşdirəcəyinə Azərbaycan razılıq verdi. Bu, Azərbaycan dövlətinin ərazisində ikinci erməni dövlətinin yaranmasına razılıq verilməsidi".
Ictimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay:
"Moskvada 8 saatlıq Azərbaycan və Ermənistan Xarici Ìşlər nazirlərinin gõrüşünün yekun nəticə razılaşma protokolu. Təxminən, bizim prezidentin bu günkü çıxışının tələblərinə uyğundu. Ancaq bu gõrüş yalnız məsləhət formatlıdır, bu səbəblər də elə bir həlledici xarakter daşımır, bu müharibənin gedişində təsir edə biləcək.
1. Qərara gəlinməyib ki, atəşkəs olsun və hərbi əməliyyatlar dayandırılsın, yəni hücuma davam.
2. Sabah oktyabrın 10-u saat 12.00-dan qısa bir müddət üçün humanitar yəni, əsir və meyitlərin dəyişdirilməsi üçün əməliyyatlara ara verilir, tez Beynəlxalq Qırmızı Xaç Komitəsi bu dəyişdirməni aparsın".
Politoloq Ərəstun Oruclu:
"Son ana qədər ölkənin maraqlarının prioritet olduğunu önə çəkərək, bütün məsələləri kənara qoyub hamılıqla dəstək nümayiş etdirdik. Hamımız çalışdıq ki, Azərbaycan bu həlledici döyüşdən qalıb çıxsın. İndi İlham Əliyev xalqın qarşısına çıxaraq ya Lavrovun elan etdiyi anlaşmanın yalan olduğunu deməlidir, ya da ondan imtina etməli. Çünki bəyan olunmuş anlaşma Azərbaycan üçün məğlubiyyət deməkdir. Yastı, ikibaşlı, sürüşkən ifadələrlə də insanlarda çaşqınlıq yaratmaq lazım deyil, Moskvada əldə olunmuş anlaşma Azərbaycan üçün məğlubiyyətdir!"
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev:
"Belə bir deyim var ki, türklə iş görmək istəyirsənsə onunla hansısa müqavilə bağlamağa ehtiyac yoxdur, söz verdisə yetər. Yunanla iş görmək istəyirsənsə mütləq onunla müqavilə bağla. Ermənilərlə isə nə müqavilə bağlayırsan bağla, o qədər hiyləgər, məkirli millətdir ki, yüz bəhanə gətirib öz xeyiri üçün o müqaviləni yerinə yetirməyəcək. Bilə-bilə ki, atəşkəs fayda verməyəcək, biz ermənilərin, rusların tuzağına niyə düşməliyik? Hər şeyin bizim xeyirimizə getdiyi, əlimizə tarixi şansın düşdüyü bir vaxtda bizim vəzifəmiz Xankəndini, Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Ağdamı, Füzulini, Ağdərəni və s. işğaldan azad edib şərtləri diqtə etməkdir. Sular hələ tam durulmayıb. Hər halda səbirli olaq. Müharibəyə davam!"
Jurnalist Seymur Kazımov:
"Emosiyaları bir az kənara qoyaq, amma indiki halda ATƏT-in Minsk qrupundan imtina doğru olmazdı. Onların missiyası münaqişəni həll etmək deyil, münaqişənin həllində vasitəçilik etməkdir. Buna görə də:
Hər şey 2-ci bənddən asılıdır. Görünür ki, 11 saatlıq məsələ bunun üzərində gedirmiş- ya həqiqətən də razılığa gəlinməyib, ya da razılıq var, amma detallar hələ müəyyən olunmayıb. Əvvəlki statusumda yazmışam, döyüşdə qalib Azərbaycandır və bundan sonra diplomatiyada diqtə edən tərəf rəsmi Bakı olmalıdır.
Dördüncü bənd də Azərbaycanın maraqlarına uyğundur, çünki Paşinyan bu versiyanı rədd edirdi, "DQR-i prosesə soxmaq istəyirdi.
Birincisi, müharibənin olmasına gərək varmıydı? Bəli, nə qədər ağır olsa da var. Hətta ara-sıra atəşkəsin də pozulmasının xeyri var ki, dünya ictimaiyyəti bunun donmuş münaqişə olmadığını görsün və sülh yolu ilə həllini tezləşdirsin.
İkincisi, 2008 Gürcüstan, 2014 Ukrayna hadisəsindən sonra ATƏT-in əksər toplantısında Azərbaycan məsələsi müzakirə olunmurdu. Prioritet son illər Ukraynaya verilirdi. Dəfələrlə, xaricdəki tədbirlərdə bununla bağlı çıxışlarımız olurdu, fikir vermirdilər. İndi verə bilərlər. Amma bunun üçün ölkədə media azadlığı və QHT-lərin sərbəst fəaliyyətinə imkan yaradılmalıdır. Belə tədbirlərdə hakimiyyəti 1 nəfər təmsil edirsə, digər qrupdakıların sayı 10-larladır.
Üçüncüsü, ikinci bənddəki laqeydlik özünü iyul eskalasiyasında göstərdi. ATƏT-in Minsk qrupu və digər qruplar səviyyəsində ciddi müzakirələr aparılmadı, liderlərin görüşü təşkil olunmadı. Halbuki, münaqişə 1992-ci ildən sonra-ilk dəfə sərhədə transfer olunmuşdu və uzun illərdən sonra sərhəd xəttində artilleriya silahları işə düşdü. (Buraya kiçikçaplı silahlardan atəşkəsin pozulması daxil deyil). İyul hadisəsi kifayət edirdi ki, beynəlxalq aləm Ermənistana təzyiqlərini artırsın. Artırmadı, sonu da məlumdur.
Türkiyənin də prosesdə izləyici yox, iştirakçı olduğunu görəcəyik.
Dördüncüsü, ordu... bu hissədəki təxminlərim özümdə qalsın. Ümid edirəm ki, hərbi ekspertlər nə düşündüyümü təxmin edir. Nəzər alaq ki, əks-hücum edən tərəf Azərbaycan ordusudur.
P.S. Azərbaycan ərazi bütövlüyünün bərpası üçün Ermənistana rəsmən müharibə elan edə bilər- BMT 51-ci maddə, BMT TŞ-nin 7-ci başlığı və antiterror koalisiyasının üzvü olmağına görə. Müharibə beynəlxalq hüquqda var, mövcuddur və münaqişənin həll yollarından biridir".
Jurnalist Elçin Alıoğlu:
"Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin bəyanatı qəbul edilib. Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər aşağıdakı addımların atılması razılaşdırılıb:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar.
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Bu, nə deməkdir? Azərbaycan Ordusunun sentyabrın 27-dən bəri apardığı hərbi əməliyyatların dayandırılması nə anlama gəlir?
İlk əvvəl - Bakı istədiyinə çatdı. "Təmas xətti" və "status-kvo" anlayışları artıq tarixə qovuşdu. Bu terminlər Minsk Qrupunun "məhsul""ları idi. Bundan sonra danışıqlarda şərtləri Azərbaycanq diqtə edəcək. Bəli, danışıqların formatı dəyişməz qalacaq, çünki formaın dəyişməsi danışıqlar prosesini uzada bilər.
Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir. Və belə format hazırda Minsk Qrupunun həmsədrləri çərçivəsində daha əlverişlidir. Amma Türkiyənin daha aktiv, daha fəal və birbaşa iştirakı ilə. Danışııqların Bakının şərtlərinə əsaslanaraq aparılması həm də o deməkdir ki, həmiin şərtlərin çox yox, biri yerinə yetirilməzsə, ordumuz dərhal hərbi əməliyyatları bərpa edəcək.
Nədir o şərtlər? Prezident İlham Əliyev o şərtləri səsləndirib:
1. Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır” ifadəsinə görə Azərbaycan xalqından üzr istəməlidir.
2. O, deməlidir ki, Qarabağ Ermənistan deyil.
3. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
4. Ermənistan bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır.
5. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir.
Azərbaycan ordumuzun bundan sonrakı qələbələri üçün diplomatik zəmin əldə edib. Eyni zamanda, xatırladım ki, iki gün sonra AŞPA-nın daimi komitəsinin iclasında Ermənistanla Azərbaycan arasında döyüşlərin bölgə üçün yarada biləcəyi təhlükələr müzakirə olunacaq. Beləliklə, danışıqların gedişatı, ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın davranışından asılı olacaq. Bütün danışıqlardan fərqli olaraq, ordumuuz bu humanitar atəşkəsi əli tətikdə izləyəcək. Dağlıq Qarabağ ətrafında işğalda qalan bütün rayonlar qeyd-şərtsiz azad olunmalı, ermənilər Kəlbəcəər və Laçından çıxmalı, Dağlıq Qarabağda 1 nəfər (!) Ermənistan hərbçisi qalmamalıdır. Əks təqdirdə humanitar atəşkəsi əsgərimiz dərhal pozacaq, müharibə davam edəcək. Döyüşlər boşuna olmadı. Düşmənin çıxış yolu qalmadı. Yaşasın Ordumuz!"
Oxu24.com
ŞƏRHLƏR