Rusiyadan “Bakı Metropoliteni” üçün sifariş verilmiş iki yeni qatarın biri artıq gətirilib.
Bu sözləri açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
O bildirib ki, qatar hazırda depodadır və texniki baxış keçirilir:
“Dünən “Metrovaqonmaş”la imzalanmış müqavilə çərçivəsində alınmış yeni qatarlardan biri Bakıya gətirilib. Hazırda Rusiyadan gələn mütəxəssislər qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar.
Müəyyən sazlanma işləri aparıldıqdan, bəzi avadanlıqlar quraşdırıldıqdan sonra sınaq olacaq. Bundan sonra həmin qatar xəttə buraxılacaq. Digər ikinci qatar isə gələn ayın sonu gətiriləcək”.
Qurum sözçüsü onu da əlavə edib ki, yeni gətirilən qatarlar daha müasir tiplidir. "Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq".
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Vaqonların istismar müddəti 31 ildir. Oxu24.com
ŞƏRHLƏR