Qaynar xətt:

(+99450) 247 90 86

Sahibə Qafarova İƏT-in Baş katibi ilə görüşüb 

Sahibə Qafarova İƏT-in Baş katibi ilə görüşüb 

SİYASƏT

67

28.10.2026, 18:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Oxu24.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı İƏT-in Baş katibi vəzifəsinə seçilməyi münasibətilə təbrik edən spiker Sahibə Qafarova ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın qonağın yeni vəzifəsində ilk səfər etdiyi ölkələrdən biri olması ölkəmizlə İƏT arasında möhkəm əlaqələrdən xəbər verir. Milli Məclisin sədri bu səfərin qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Spiker qonağın Prezident İlham Əliyevlə görüşündə aparılmış müzakirələrin, həmçinin qonağın Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında iştirakının əhəmiyyətini vurğulayıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas ideyasının dialoqu, qarşılıqlı inamı, anlaşmanı təşviq etmək, müxtəlif mədəniyyətlər və dinlər arasında körpülər qurmaq, digərlərinin dəyərlərinə hörmət etmək olduğunu deyən spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən bu forumun mədəniyyətlərarası və dinlərarası dialoqun əsas qlobal platformalarından birinə çevrildiyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycanın İƏT-in fəaliyyətində mühüm rolu qeyd edilib, bununla yanaşı, həm Azərbaycan ərazilərinin işğalı dövründə, həm də münaqişədən sonrakı dövrdə İƏT-in ölkəmizə davamlı dəstəyinin, təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələrin və qərarların bu dəstəyi və həmrəyliyi əks etdirdiyi vurğulanıb.

Milli Məclisin sədri qonağa parlamentin tarixi, müasir strukturu və beynəlxalq sahədə fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Milli Məclis bir çox beynəlxalq parlament təşkilatının fəaliyyətində yaxından iştirak edir, hazırda isə 3 təşkilata sədrlik edir.

Görüşdə spiker hazırda sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) cari ilin iyun ayında Bakıda keçirilmiş 20-ci sessiyasının və orada müzakirə olunmuş məsələlərin əhəmiyyətindən də danışıb. Milli Məclisin sədri İƏTPİ ilə İƏT arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Söhbət zamanı İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda uğurla təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Baş katib Prezident İlham Əliyevlə görüşü, cənab Prezidentin Forumdakı çıxışı, həmçinin ölkəmizdə gördüyü inkişaf barədə təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycan sülhü, sabitliyi necə qorumaqla bağlı bütün dünyaya nümunə göstərir. Baş katib Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına evsahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın sədrliyi ilə bu təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə inamını ifadə edib.

Parlament diplomatiyasının əhəmiyyətindən danışan qonaq İƏT-in Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəklədiyini bildirib. O, qarşıdan gələn Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülmüş işləri yüksək qiymətləndirib.

Görüşdə İslam həmrəyliyinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkəmizlə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.