Qaynar xətt:

(+99450) 247 90 86

Hindistanla əməkdaşlıq Azərbaycan üçün nələri dəyişə bilər? — AÇIQLAMA  

Hindistanla əməkdaşlıq Azərbaycan üçün nələri dəyişə bilər? — AÇIQLAMA  

SİYASƏT

229

26.10.2026, 17:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Bakıda Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Son illərdə regionda və dünyada baş verən mürəkkəb geosiyasi dəyişikliklər fonunda baş tutan bu yüksəksəviyyəli diplomatik görüş ikitərəfli münasibətlərin gələcək inkişaf dinamikası baxımından müstəsna əhəmiyyət kəsb edir.

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik risklərinin və iqtisadi rəqabətin kəskinləşdiyi bir şəraitdə Bakı özünün müstəqil, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirir. Qlobal Cənubun aparıcı güclərindən biri olan Hindistanla birbaşa siyasi dialoqun intensivləşdirilməsi Azərbaycanın Asiya istiqamətində diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Bu baxımdan, yüksəksəviyyəli təmaslar təkcə ikitərəfli əlaqələrin bərpası və möhkəmlənməsi ilə bitmir, həm də geniş Avrasiya məkanında yeni nəqliyyat-logistika və iqtisadi platformaların formalaşmasına xidmət edir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində dayanan Azərbaycan Hindistanın regiona çıxışı üçün etibarlı tranzit tərəfdaşı rolunu oynamaq potensialına malikdir. Siyasi etimadın artırılması, hökumətlərarası komissiyaların fəaliyyətinin gücləndirilməsi və ticarət dövriyyəsinin artırılması tərəflər arasında dayanıqlı əməkdaşlığın əsasını qoyur. Nəticə etibarilə, bu görüş rəsmi Bakının dəyişən geosiyasi reallıqlara çevik reaksiya verdiyini və milli maraqlarını hər şeydən üstün tutaraq fəal xarici siyasət yürütdüyünü bir daha sübut edir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla görüşü Azərbaycanın xarici siyasətdə tutduğu mövqeyin əhəmiyyətini bir daha nümayiş etdirir.

"Azərbaycan müasir dünya nizamında öz milli maraqlarını prinsipiallıqla qoruyur"

Deputat vurğulayıb ki, beynəlxalq münasibətlərdə yaranan mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycan hər zaman öz milli maraqlarını əsas götürür və müxtəlif ölkələrlə siyasi dialoqun davam etdirilməsinə xüsusi önəm verir:

"Sözügedən görüşü təkcə Azərbaycan-Hindistan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti ilə məhdudlaşdırmaq doğru olmazdı. Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla görüşü Azərbaycanın müstəqil, balanslı və milli maraqlara əsaslanan xarici siyasətinin növbəti mühüm göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların, iqtisadi rəqabətin və təhlükəsizlik risklərinin artdığı bir şəraitdə Azərbaycan dialoqa açıq, praqmatik və prinsipial xəttini davam etdirir. Bu baxımdan, Bakı ilə Yeni Dehli arasında yüksək səviyyəli təmaslar təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional və beynəlxalq kontekstdə də xüsusi əhəmiyyət daşıyır”.

"Asiya istiqamətində diplomatik imkanlarımız genişlənir"

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycanın xarici siyasətində əsas prioritet dövlətin suverenliyinin, təhlükəsizliyinin, iqtisadi maraqlarının və beynəlxalq nüfuzunun qorunmasıdır:

"Hindistan kimi böyük siyasi, iqtisadi və demoqrafik potensiala malik ölkə ilə münasibətlərin inkişafı Azərbaycanın Asiya istiqamətində diplomatik imkanlarını genişləndirə bilər. Eyni zamanda, bu təmaslar Azərbaycanın beynəlxalq platformalarda daha çox tərəfdaşla qarşılıqlı anlaşma və əməkdaşlıq mühiti formalaşdırmasına xidmət edir.Bakı ilə Yeni Dehli arasında münasibətlərin inkişafı ilk növbədə siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və çoxtərəfli təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal Cənubun maraqlarının müdafiəsi, ədalətli beynəlxalq münasibətlər sisteminin təşviqi və dövlətlərin suveren hüquqlarına hörmət prinsipini ardıcıl şəkildə gündəmdə saxladı. Hindistanla bu istiqamətdə fikir mübadiləsinin və ortaq yanaşmaların inkişafı hər iki ölkənin beynəlxalq nüfuzuna əlavə töhfə verə bilər”.

İqtisadi əməkdaşlıq perspektivlərinə toxunan deputat xüsusilə nəqliyyat dəhlizlərinin önəmini diqqətə çatdırıb:

"İqtisadi baxımdan isə böyük imkanlar mövcuddur. Hindistanın geniş istehlak bazarı, texnologiya, əczaçılıq, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və sənaye sahələrində potensialı Azərbaycan üçün yeni əməkdaşlıq istiqamətləri yaradır. Azərbaycan isə öz növbəsində əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat-logistika infrastrukturu, enerji imkanları və investisiya mühiti ilə Hindistan şirkətləri üçün cəlbedici tərəfdaş ola bilər. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı fonunda Azərbaycan Hindistanın Avrasiya məkanına çıxışı üçün mühüm tranzit və logistika platformasına çevrilə bilər”.

Elçin Mirzəbəyli əlavə edib ki, bu münasibətlərin real nəticələr verməsi üçün ardıcıl addımların atılması vacibdir:

"Siyasi təmaslarla yanaşı, hökumətlərarası komissiyaların fəaliyyəti gücləndirilməli, biznes dairələri arasında birbaşa əlaqələr artırılmalı, qarşılıqlı investisiyaların təşviqi üçün əlverişli mexanizmlər yaradılmalıdır. Ticarət dövriyyəsinin artırılması, logistika marşrutlarının səmərəliliyinin yüksəldilməsi, turizm, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi də ikitərəfli münasibətlərin daha dayanıqlı əsaslar üzərində qurulmasına imkan verər”.

“Ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan hər bir tərəfdaşla münasibətlərini qarşılıqlı hörmət, bərabərlik və milli maraqlar prinsipi üzərində qurur. Hindistanla dialoqun dərinləşməsi də məhz bu yanaşmanın məntiqi davamıdır. Bu görüş Azərbaycanın dəyişən geosiyasi reallıqlara çevik reaksiya verdiyini, yeni əməkdaşlıq imkanlarını düzgün qiymətləndirdiyini və milli maraqlara söykənən fəal xarici siyasət xəttini uğurla davam etdirdiyini göstərir”,- deyə Elçin Mirzəbəyli əlavə edib. 

Çimnaz Telmanqızı