Qaynar xətt:

(+99450) 247 90 86

Oktay Saralın vəzifədən çıxarılması kifayət edəcəkmi? – Siyasi mahiyyəti AÇIQLANIR

Oktay Saralın vəzifədən çıxarılması kifayət edəcəkmi? – Siyasi mahiyyəti AÇIQLANIR

SİYASƏT

76

26.10.2026, 12:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlərdə Azərbaycan və Türkiyə arasında müxtəlif səviyyələrdə münasibətlərin gərginləşməsi müşahidə olunmuşdur. Xüsusilə bəzi dini və siyasi qrupların süni şəkildə qızışdırdığı məsələlər iki ölkə arasındakı qardaşlıq bağlarına kölgə salmağa çalışıb. Belə bir həssas məqamda tərəflər arasında əvvəlki etimad mühitinin tamamilə bərpası üçün mühüm addımların atılması zəruridir. Xüsusilə ilk həmləni edən tərəf kimi AKP iqtidarının bu prosesdə müəyyən səhvləri düzəltməsi və qətiyyətli mövqe sərgiləməsi gözlənilir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, son aylar Azərbaycan və Türkiyə arasında münasibətlərin gərginləşməsinə çalışan müəyyən qüvvələr mövcuddur:

“Şübhəsiz ki, son bir ayda Azərbaycan və Türkiyə arasında münasibətlərin gərginləşməsinə çalışan qüvvələr müəyyən qədər buna nail oldular. Hicab məsələsi süni şəkildə qızışdırılaraq bunu Azərbaycana qarşı kampaniyaya göndərməyə, çevirməyə çalışdılar. Biz burada Türkiyədə müxtəlif qrupların, o cümlədən dini təriqətlərin bu prosesdə aktiv iştirak etdiyini gördük”.

Politoloqun sözlərinə görə, həmin qüvvələr Türkiyə dövlətinin dünyəvi dövlət sistemi ilə, Atatürk prinsipləri ilə düşmən mövqe sərgiləyirlər, eyni zamanda Azərbaycana qarşı hücum etdilər, kampaniya apardılar. Bu kampaniyada onlar mümkün qədər Azərbaycanı qaralamağa çalışdılar, təəssüf ki, həmin qüvvələr arasında bir çoxları, həm də AKP iqtidarına yaxın çevrələrdir.  

Oqtay Qasımov diqqətə çatdırıb ki, Türkiyə cəmiyyəti olduqca rəngarəng, çoxmillətli etnik quruluşa malik olmaqla bərabər, eyni zamanda həm də çox müxtəlif təriqətlərin və siyasi cərəyanların fəaliyyət göstərdiyi bir məkandır:

“Burada qeyd edilən siyasi islamçılar, yəni təriqətlər Türkiyə Cümhuriyyəti qurulandan Atatürk prinsiplərinə qarşı çıxaraq, Türkiyənin dünyəvi dövlət modelinin əleyhinə çıxış ediblər və Türkiyədə şəriət sisteminin qurulmasına çalışıblar. Həmin dini qruplar təəssüf ki, AKP iqtidarı dövründə xeyli dərəcədə güclənərək hətta dövlət qurumlarına sızıb siyasətə təsir etməyə başlayıblar”.

“Bu baxımdan əlbəttə ki, Azərbaycan tərəfinin də bununla bağlı sərt mövqeyi başa düşüləndir. Lazım idi, çünki həmin qüvvələr anlamalıdırlar ki, Türkiyə və Azərbaycan dost, qardaş və müttəfiq ölkələrdir. Eyni zamanda, ayrı dövlətlər olduqlarından onların siyasətlərini də özləri müstəqil şəkildə müəyyən edirlər və bir ölkənin digər ölkənin daxili işlərinə qarışmasına yol verilməzdir”,- deyə politoloq qeyd edib. 

Müsahibimiz həmçinin vurğulayıb ki, Türkiyə tərəfindən də Milliyyətçi Hərəkat Partiyasının başqanı, hörmətli Dövlət Baxçalının bu prosesdə müsbət rolunu xüsusi qeyd etməliyik:

“O, bir neçə dəfə bu məsələ ilə bağlı çıxış etdi, Azərbaycan səfirliyi ilə Ankarada görüşdü və proseslərin normal məcraya dönməsində əhəmiyyətli rol oynadı. Eyni zamanda biz həm İYİ Partiya, həm Zəfər Partiyası - hansı ki, o partiyalar da millətçi cəmiyyəti təmsil edən partiyalardır - ki, onlar da bu prosesdə AKP-yə yaxın olan bu qrupların fəaliyyətini pislədilər və Azərbaycan-Türkiyə dost, qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini müdafiə etdilər. Bir daha görüldü ki, Türkiyədə Azərbaycan və türk dünyası məsələləri ilə bağlı milliyyətçi mübarizə kəsimi aktivdir və onlar bu prosesi dəstəkləyirlər”.

Özünü təriqət və dini qruplar hesab edənlərdən bəhs edən Oqtay Qasımov bildirib ki, onlar tamamilə fərqli mövqe nümayiş etdirirlər. Münasibətlərin normallaşmasına gəldikdə isə politoloq qeyd edib ki, bununla bağlı artıq ilkin addımlar atılıb:

“Türkiyə rəsmilərindən Hakan Fidan, Ömər Çelik, Binəli Yıldırım müxtəlif yumşaldıcı açıqlamalar veriblər.  Türkiyə Prezidenti cənab Ərdoğan Azərbaycan Prezidenti ilə telefon danışığı həyata keçirib və yayılan məlumatlardan məlum oldu ki, bu proseslərin qızışdırılmasında və Azərbaycanın daxili işlərinə qəbul edilməz şəkildə müdaxilə etməyə çalışan Prezident Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifəsindən azad edilib”. 

Oqtay Qasımovun sözlərinə görə, yayılan məlumatlardakı iddialar bundan ibarətdir ki, bu, məhz Azərbaycanın tələbləri üzərində olub:

“Əlbəttə ki, bunlar müsbət addımlardır.  Hesab edirik ki, bundan sonrakı dövrdə münasibətlərin normallaşması üçün Azərbaycana qarşı düşmən mövqe sərgiləyən həmin dini qrupların və sosial şəbəkə istifadəçilərinin hesabları ilə bağlı müəyyən məhdudiyyətlər gətiriləcək və onlara iki ölkə arasında münasibətlərin pozulmasının qətiyyən yol verilməz olduğu ilə bağlı xəbərdarlıqlar ediləcək”.

Sonda müsahibimiz əlavə edib ki, bundan sonra münasibətlər daha da normallaşacaq və ayın sonu Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə toplantısında Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin də görüşmə ehtimalları kifayət qədər yüksəkdir. Çünki bu da sonrakı dövrdə münasibətlərin yeni mərhələyə keçməsi ilə bağlı mühüm bir addım olardı.

Çimnaz Telmanqızı