Qaynar xətt:

(+99450) 247 90 86

Separatçıların cinayətləri yenidən beynəlxalq GÜNDƏMDƏ: Deputatdan MÜHÜM AÇIQLAMA  

Separatçıların cinayətləri yenidən beynəlxalq GÜNDƏMDƏ: Deputatdan MÜHÜM AÇIQLAMA  

SİYASƏT

72

21.10.2026, 22:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində addımlar atılsa da, Qarabağda uzun illər mövcud olmuş separatçı rejimin törətdiyi cinayətlərin və ikili standartlar məsələsinin beynəlxalq müstəvidə diqqətdə saxlanılması günümüzün ən aktual mövzularındandır. Vətən müharibəsi və anti-terror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək separatizmə son qoyub, müharibə cinayətkarlarını ədalət məhkəməsi qarşısına çıxarıb.

Lakin Ermənistandakı revanşist dairələr və xaricdəki erməni lobbisi sülh prosesini ləngitmək üçün separatçı mövzunu süni şəkildə gündəmə gətirməyə və riyakar kampaniyalar aparmağa cəhd edirlər. Sülh sazişinin imzalanması yolunda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının qalması və bu ölkənin daxilində revanşist meyillərin qarşısının vaxtında alınmaması əsas maneələrdən biri kimi çıxış edir. Bu baxımdan, separatizmin törətdiyi ağır cinayətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq müstəvidə yenidən qabardılması məsələsi xüsusi geopolitik və diplomatik əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a geniş açıqlama verib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli maraqlarımıza cavab verən uzaqgörən strategiyası, müstəqil xarici siyasət kursu, mükəmməl liderliyi sayəsində ölkəmiz davamlı inkişafa nail olmuş, torpaqlarımız erməni işğalından azad edilmiş, ərazi bötövlüyümüz və suverenliyimiz tam bərpa olunmuşdur. 

Onun sözlərinə görə, Prezidentimizin mükəmməl sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz şücaəti sayəsində döyüş meydanında Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurularaq, bu ölkənin hərbi-siyasi rəhbərliyinin, silahlı qüvvələrinin iştirakı, havadarlığı və dəstəyi ilə uzun illər ərzində Qarabağ və Şərqi Zəngəzurda törədilən terror, etnik təmizləmə, ekosid, urbisid, insanlıq əleyhinə cinayətlərə nəhayət son qoyulmuşdur. Bu əməllərdə bilavasitə iştirak etmiş separatçı, cinayətkar ünsürlərin “liderləri” həbs edilərək, ədalət məhkəməsi qarşısına çıxarılmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20-dən çox maddəsi üzrə layiq olduqları cəzaya məhkum olunmuşlar.

Zaur Şükürov qeyd edib ki, 2023-cü ildən sonra Prezident cənab İlham Əliyevin sülh təşəbbüsü ilə irəliləyən normallaşma prosesi çərçivəsində “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin 2025-ci ilin mart ayında razılaşdırılmasının ardınca həmin ilin iyul ayında BƏƏ-də ikitərəfli formatda iki ölkə liderinin vasitəçisiz görüşünün baş tutması, xüsusilə də həmin ilin 8 avqust tarixində ABŞ prezidentinin şahidliyi ilə Vaşinqton görüşü zamanı normallaşma prosesi tarixində ATƏT-in Minsk qrupunun ləğvi və sülh sazişinin paraflanması kimi çox mühüm qərarların qəbul olunması sülh prosesinə müsbət təsir göstərmişdir:

“Lakin buna baxmayaraq, onilliklər boyu Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissinin aşılanması nəticəsində yaranmış əlverişli mühitdən istifadə edən revanşist qüvvələr hər vəchlə sülh prosesinə mane olmağa çalışırlar. Bu ünsürlər istər Ermənistan daxilində, istərsə də xaricdəki havadarları vasitəsi ilə separatçı cinayətkarların məsələsini də gündəmə gətirməklə, ölkəmizə qarşı riyakar, təxribatçı kampaniyalar aparırlar”.

Deputat diqqətə çatdırıb ki, paraflanmış “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in 8-ci maddəsində qeyd olunur ki: 

“Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər”.

O vurğulayıb ki, yəni bu sazişi paraflamış Paşinyan iqtidarı sənəd imzalandıqdan və qüvvəyə mindikdən sonra ölkə daxilində separatçı qüvvələrin fəaliyyətinin qarşısının alınması öhdəliyi götürürlər:

“Lakin, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ilə bağlı son aylar Ermənistan daxilində müzakirələrə, baş nazir Paşinyan və digər rəsmilər tərəfindən səsləndirilən fikirlərə diqqət yetirdikdə sülh gündəliyinin irəlilədilməsi istiqamətində bu ölkə tərəfindən daha ciddi və nəticəyönümlü addımlar atılmasının müşahidə edilməməsi revanşist qüvvələrin də müəyyən qədər fəallıq göstərməsinə imkan verən amillərdəndir”.

Zaur Şükürov Ermənistanın və separatçıların törətdikləri cinayətləri xalqımız heç vaxt unutmayacağını və separatizmin Azərbaycanın timsalında törətdiyi ciddi təhlükənin, ağır cinayətlərin beynəlxalq müstəvidə diqqətdə saxlanılması, ölkəmizə qarşı ikili standartların, riyakar siyasətin, erməni lobbisi və onların havadarlarının separatçılardan siyasi məqsədlər üçün istifadə etməsinin ifşa olunmasını əhəmiyyətli hesab edir:

“Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin oktyabrın 15-də Bakıda keçirilən 7-ci Zirvə Görüşü zamanı çıxışında bu məsələyə diqqət çəkərək qeyd etmişdir ki: “Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi. Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular”.

Deputat həmçinin əlavə edib ki, hazırda iki ölkə arasında sülh sazişinin imzalanması və sonrakı mərhələdə diplomatik münasibətlərin qurulması yolunda maneə Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müstəqillik bəyannaməsinə istinadın yer almasıdır. Sülh gündəliyi çərçivəsində sazişin imzalanması, ratifikasiya olunması və yalnız bundan sonra iki dövlət arasında diplomatik əlaqələrin qurulması ardıcıl şəkildə atılmalı olan addımlardır. İstər Ermənistan cəmiyyəti, istərsə də sülh prosesinin yekunlaşmasında marağını ifadə edən dövlətlər və beynəlxalq təşkilatlar anlamalı və qəbul etməlidirlər ki, Ermənistanda ölkəmizə qarşı ərazi iddialarının yer almayacağı yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsinin imzalanması baş tutmayacaq”.

“Beynəlxalq ictimaiyyət sülh prosesinə mane olan, separatizmi dəstəkləyən cəhdlərə, revanşistlərə qarşı daha prinsipial mövqe sərgiləməli, regionda sülh və sabitliyə təhlükə yaradan addımlara yol verməməlidir”,- deyə Zaur Şükürov fikrini tamamlayıb. 

Çimnaz Telmanqızı