Qaynar xətt:

(+99450) 247 90 86

Politoloq Türkiyə ilə bağlı həmin DETALI AÇIQLADI

Politoloq Türkiyə ilə bağlı həmin DETALI AÇIQLADI

SİYASƏT

48

21.10.2026, 18:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyəli siyasətçilərin Azərbaycanla bağlı mövqeyinə ETİRAZ: “Bu, kökündən yanlışdır!”

Azərbaycan–Türkiyə əlaqələrinin təməlini dərin tarixi köklər, dil, mədəniyyət birliyi, etnik bağlar və qarşılıqlı siyasi dəstək təşkil edir ki, bu da zamanla tərəfdaşlığı qlobal və regional miqyaslı strateji səviyyəyə yüksəltmişdir. Dildə və ruhda birliyi ifadə edən “Bir millət, iki dövlət” ideologiyası hər iki xalqın mənəvi dəyərlərini formalaşdırmaqla yanaşı, qarşılıqlı gözləntilərin də əsasını qoyur. Ancaq iki ölkə arasındakı münasibətlərin uzunmüddətli və davamlı olması təkcə keçmişə və ictimai rəğbətə deyil, həm də idarəetmə mexanizmlərinin işləkliyinə, həmçinin siyasi addımların ardıcıl xarakter daşımasına bağlıdır. Son zamanlar cəmiyyətdə müzakirə olunan həssas məqamlar bu strateji modelin hərtərəfli təhlil olunmasını və daha möhkəm təməllər üzərində qurulmasını zəruri edir. Ortaya çıxan hər hansı fikir ayrılığı sadəcə aradan qaldırılmalı çətinlik deyil, əksinə, ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni və daha üstün bir institusional səviyyəyə daşımaq üçün əlverişli fürsətdir. Xüsusilə də təhsil ocaqlarında məktəbli formasının tətbiqi və xarici siyasətlə bağlı aktual müzakirələr bu müstəvidə xüsusi diqqət tələb edən əsas məsələlərdəndir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri, politoloq Ramiz Alıyev səsləndirilən fikirlərin hamısını ətraflı şəkildə şərh edib.

Politoloq Ramiz Alıyev bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti orta məktəblərdə şagirdlərin və tədris prosesində iştirak edən müəllimlərin vahid geyim forması ilə bağlı müvafiq qərar qəbul etmişdir. Bu qərara əsasən, orta məktəblərdə həm müəllimlər, həm də şagirdlər üçün vahid geyim formasına keçid təmin olunub:

“Burada düşünülmüş müəyyən addımlar ataraq fikirləri və bu cür qanunu başqa istiqamətə yönəltmək üçün çalışanlar var. Amma bu qanunun nəyə xidmət etdiyini və hansı məsələlərdən ibarət olduğunu ictimaiyyətdən yayındırmaq istəyirlər. Bu qanun Azərbaycanın gələcəyi üçün atılmış bir addımdır. Burada şagirdlər vahid geyim formasında olmaqla məktəblərdə təhsil alan həmin şagirdlərin hansı sosial duruma aid olduğunu, şagirdlərin gəldikləri ailədən onları məktəbə göndərən ailənin sosial durumu müzakirə olunmur və onlar hiss olunmur. Çünki həm sosial durumu yüksək olan şagirdlər, həm də sosial durumu ilə bağlı çətinlik çəkən, sosial durumda problemi olan və zəif olan ailənin övladları, məktəbli övladları eyni geyimdə məktəbə gəlirlər, vahid geyimdə gəlirlər. Biz bu yöndən yanaşsaq daha yaxşı olar ki, Azərbaycanda məktəblərdə sosial durumları fərqli olan şagirdlərin eyni geyimdə olması mütərəqqi bir addımdır. O şagirdlərin psixoloji durumlarına müsbət təsir göstərir və onların daha çox geyimə və göstərişə deyil, daha çox təhsilə fikir verdikləri, fikir verməli olduqları bildirilir və nümayiş olunur”.

Politoloq hesab edir ki, bu, Azərbaycanın gələcəyini, genofondunu düşünən insanlar, şəxslər, ziyalılar üçün mütərəqqi bir addımdır:

“İstər daxili, istərsə də xarici platformalarda müxtəlif siyasətçilər, xarici ölkələrin siyasi partiya təmsilçiləri, qonşu dövlətlərin din xadimləri, media mənsubları və bloqerlər Azərbaycanın qəbul etdiyi daxili qanunvericilik aktlarına fərqli don geyindirərək qərəzli yanaşma nümayiş etdirirlər. Aydındır ki, bu tərəflər həmin qanunların mahiyyətindən, tərkibindən və onların qəbul edilməsini zəruri edən səbəblərdən tamamilə xəbərsizdirlər”.

Ramiz Alıyevin sözlərinə görə, Azərbaycan dövlət olaraq öz suveren ərazisində qəbul etdiyi qanunlara və gələcəyə yönəlmiş strateji addımlara münasibətdə xarici ölkələrin, siyasi partiyaların, din xadimlərinin və ya media sahiblərinin mülahizələrini nəzərə almır və bunu özü üçün əhəmiyyətli hesab etmir:

“Dövlətimizin qərarlarında əsas meyar yalnız Azərbaycan xalqının rifahı, genofondunun qorunması, gələcəyi, eləcə də gənclərin və uşaqların təhlükəsizliyidir.

Yalnız hər hansı bir ölkə ilə diplomatik müstəvidə rəsmi problem yarandığı təqdirdə, həmin dövlətin rəsmi münasibət bildirməsi anlaşılandır. Lakin daxili gələcəyimizi qurarkən atdığımız müstəqil addımlara başqa bir ölkənin və ya nümayəndənin müdaxiləsi yolverilməzdir”.

O qeyd edib ki, Türkiyənin bəzi deputatlarının, siyasətçilərinin və müxtəlif siyasi şəxslərinin Azərbaycanın xarici siyasət kursu ilə bağlı tənqidi fikir söyleməsi kökündən yanlışdır. Azərbaycan müstəqil dövlət kimi bərabərhüquqlu çərçivədə istənilən xarici ölkə ilə əməkdaşlıq etmək, müttəfiqlik qurmaq hüququna sahibdir və bu, yalnız Azərbaycan dövlətinin daxili işidir. 

Azərbaycan-İsrail münasibətlərinə toxunan politoloqun fikrincə, Azərbaycanın İsrail ilə mövcud olan müttəfiqliyi, dostluğu, tərəfdaşlığı və qarşılıqlı əlaqələri Türkiyəyə və ya digər qonşu, dost və qardaş ölkələrə qarşı yönəlməyib. Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" prinsipinə sadiq qardaş ölkələrdir. Azərbaycan Türkiyənin daxili işlərinə və onun qurduğu diplomatik əlaqələrə qarışmadığı kimi, Türkiyə də Azərbaycanın müstəqil daxili və xarici siyasətinə müdaxilə etməməlidir. Qardaş və dost ölkələr arasında müəyyən fikir ayrılıqları və ya incikliklər ola bilsə də, bu cür hallar dövlətlərarası strateji münasibətlərdə problem yarada bilməz.

Ramiz Alıyev həmçinin bildirib ki, ayrı-ayrı bloqerlərin, siyasi partiya nümayəndələrinin və ya din xadimlərinin bəyanatları Azərbaycan və Türkiyə dövlətləri, eləcə də iki xalq arasındakı qardaşlıq münasibətlərini pozmaq gücündə deyildir. İki ölkənin sevinci də, kədəri də birdir:

“Azərbaycanın İsrail ilə münasibətləri dostluq və əməkdaşlıq xarakteri daşıyır. Eyni zamanda, Azərbaycan Fələstinin müstəqil dövlət kimi yaranması mövqeyini ardıcıl şəkildə dəstəkləyir. Lakin təəssüf doğuran məqam odur ki, bu gün Fələstində mülki əhalinin və uşaqların həlak olmasını əsas gətirərək Azərbaycanın İsrail ilə əlaqələrini kəsməsini tələb edən və buna mənfi reaksiya verən dairələr vaxtilə Azərbaycan torpaqları işğal altında olarkən səssiz qalmışlar”.

“Xocalıda, Kəlbəcərdə, Zəngilanda, Füzulidə və digər işğala məruz qalmış rayonlarımızda dinc əhalinin və günahsız uşaqların qətliamı zamanı bu ölkələr Azərbaycana dəstək nümayiş etdirməmiş, bu faciələrə göz yummuşlar. Həmin vaxt həlak olan azərbaycanlı uşaqlar da musulman idilər. Bu gün həmin hadisələrə göz yumub, Azərbaycanın İsrail ilə tərəfdaşlığını faciə kimi qələmə verənlər ya tarixi bilmirlər, ya da 30-35 il öncə baş verənlərin unudulduğunu zənn edirlər. Lakin 350 il keçsə də, bu tarihi faciələr Azərbaycan xalqının yaddaşından silinməyəcəkdir”,- deyə politoloq qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycan dövləti bu cür təxribatçı əməllərə qarşı lazımi hüquqi addımları atmış, müvafiq şəxslər barəsində qərarlar qəbul edərək onları İnterpol vasitəsilə beynəlxalq axtarışa vermişdir:

“Əgər analoji hal Azərbaycanda baş versəydi və kimsə Türkiyə dövlət rəhbərliyinə qarşı bu cür kəskin nifrət nitqi yayaraq Türkiyədə çevriliş çağırışı etsəydi, Azərbaycanın hüquq-mühafizə orqanları başqa ölkənin daxili işlərinə qarışdıqlarına və təxribata təhrik etdiklərinə görə həmin şəxsləri dərhal məhkəmə məsuliyyətinə cəlb edərdilər. Bu, Azərbaycan hakimiyyətinin qardaşlıq münasibətinə olan sadiqliyinin göstəricisidir. Eyni qardaşlıq nümayişini və adekvat reaksiyanı qarşı tərəfdən — dost və qardaş Türkiyə dövlətindən də gözləyirik.

Xalqlarımız arasında nifaq salmaq istəyən hər bir şəxs — istər jurnalist, istər bloqer, istərsə də siyasətçi olsun — hüquq qarşısında cavab verməli və dövlət çevrilişinə çağırış etdiyinə görə layiq olduğu cəzanı çəkməlidir”.

Əlavə olaraq politoloq diqqətə çatdırıb ki, təxribat törətmək istəyənlər unutmamalıdırlar ki, müasir Azərbaycan 1994–1995-ci illərin zəif dövləti deyildir. Artıq hansısa xarici səfirliklərdə oturub, müəyyən generallar və ya dövlət xadimləri ilə əlaqəyə girərək Azərbaycanda dövlət çevrilişi cəhdi etmək mümkün deyildir. Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında fəaliyyət göstərən güçlü dövlətdir və xalqın mənafeyinə uyğun gəlməyən heç bir addım atmır, heç bir qanun qəbul etmir.

Sonda o, vurğulayıb ki, bizi günahlandırmağa çalışanların din pərdəsi arxasında hansı addımları atdıqları, hansı ölkələrin nə dərəcədə səmimi musulman olduğu dövlətimizə yaxşı məlumdur. İsrail iqtisadiyyatına real olaraq ən çox sərmayə qoyan, ona iqtisadi dəstək verən, İsrail şirkətlərinə öz daxili bazarlarında geniş şərait yaradan ölkələrin kimliyi də hər kəsə bəllidir. 

“Belə bir fonda həmin dairələrin Azərbaycanı hədəf alması, ölkəmizə və xalqımıza qarşı nifrət oyatmağa çalışması yalnız xalqlar və qardaşlar arasındakı münasibətlərin körlənməsinə xidmət edir. Bu səbəbdən, bu tür zərərli cəhdlərin qarşısı vaxtında və qətiyyətlə alınmalıdır”,- deyə Ramiz Alıyev fikrini tamamlayıb. 

Çimnaz Telmanqızı