Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Latın Amerikasında mövqelərini necə gücləndirir? Peru ilə yaxınlaşmanın arxasında nə dayanır? — ŞƏRH  

Azərbaycan Latın Amerikasında mövqelərini necə gücləndirir? Peru ilə yaxınlaşmanın arxasında nə dayanır? — ŞƏRH  

SİYASƏT

42

09.10.2026, 21:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisdə Azərbaycan ilə Peru arasında parlamentlərarası və dövlətlərarası münasibətlərin dərinləşdirilməsi məsələsi müzakirə obyektinə çevrilib. Peru nümayəndə heyəti ölkəsinin Azərbaycanla həm siyasi, həm də iqtisadi müstəvidə əməkdaşlığı genişləndirməkdə qərarlı olduğunu bildirib. Danışıqlar zamanı Perunun Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk dövlətlərdən biri olması xüsusi vurğulanıb. 1996-cı ildən başlanan diplomatik əlaqələr son illərdə tamamilə yeni və daha aktiv mərhələyə daxil olub. Bu proses Azərbaycanın xarici siyasətdə izlədiyi "uzaq qitələr" strategiyasının əsas tərkib hissələrindən biri kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, Latın Amerikası ölkələri ilə qurulan bu cür tərəfdaşlıqlar ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bəs, Azərbaycan-Peru xəttində baş verən bu sürətli yaxınlaşma ikitərəfli münasibətlərə və qlobal proseslərə hansı töhfələri verəcək?

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin təməli 1996-cı ildə qoyulsa da, sonrakı dövrlərdə bu əlaqələr daha aktiv şəkildə inkişaf etməyə başlayıb.

Politoloqun sözlərinə görə, bu münasibətlər Azərbaycanın "uzaq qitələr" strategiyasının bir hissəsidir:

”Azərbaycan yalnız qonşu regionlar, Avropa və ya Mərkəzi Asiya ölkələri ilə deyil, daha uzaq qitələrdə yerləşən dövlətlərlə də əlaqələrin qurulması xəttini izləyir. Bu strategiya ilk növbədə Azərbaycan üçün beynəlxalq müstəvidə mövqelərin gücləndirilməsinə şərait yaradır. Peru kimi uzaq qitələrdə yerləşən bütün ölkələr BMT üzvüdür və bu ölkələrlə münasibətlər BMT-də Azərbaycanın mövqelərinin güclənməsinə amil olur”.

Asif Nərimanlı qeyd edib ki, bunun ən böyük nümunələrindən biri məhz Perunun 2013-cü ildə Xocalı soyqırımını tanımasıdır. Qarabağ münaqişəsi dövründə baş verən bu addım Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində beynəlxalq dəstəyi qazanmaq istiqamətində atılan uğurlu addımlardan biridir.

Politoloq son dövrlərdə ikitərəfli əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb:

”Üç sahə üzrə siyasi məsləhətləşmələr aparılır, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində addımlar atılır. Peru turizm, mədəniyyət və kənd təsərrüfatı sahələrində təcrübəyə malikdir, Azərbaycan isə daha çox energetika sektorunda dərin təcrübəyə sahibdir. Hər iki ölkə arasındakı münasibətlər təcrübə mübadiləsinə şərait yaradır.

Hər iki ölkə BMT müstəvisində bir-birinə açıq şəkildə dəstək verir”.

Onun fikrincə, Peru ilə münasibətlər Azərbaycan üçün Latın Amerikası coğrafiyasında mövqelərin gücləndirilməsi, eləcə də regionun digər ölkələri ilə əlaqələrin dərinləşməsi baxımından nümunə hesab olunur. Peru Latın Amerikası ölkələri arasında Azərbaycanla münasibətlərin yüksək səviyyəsini göstərən əsas ölkələrdəndir. Bundan sonra parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, iqtisadi və siyasi müstəvidə əməkdaşlığın genişləndirilməsi hər iki ölkəyə mühüm töhfələr gətirəcək.

Çimnaz Telmanqızı