Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni mərhələ: Orta Dəhliz üzrə imkanlar genişlənir 

Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni mərhələ: Orta Dəhliz üzrə imkanlar genişlənir 

SİYASƏT

57

09.10.2026, 15:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında rəsmi görüş keçirilib. Görüş zamanı iki qardaş dövlət arasında siyasi dialoqun intensivləşməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna əhəmiyyəti vurğulanıb. Tərəflər siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etmişlər. Eyni zamanda, Xəzər dənizi hövzəsində birgə fəaliyyət və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bu cür intensiv təmaslar ölkələrimiz arasındakı strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir. Liderlərin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin dinamikasını artırmaqla yanaşı, regionda yeni reallıqlar yaradır. Xəzəryanı ölkələr arasında iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi xüsusi əhəmiyyət daşıyır. Əldə olunan razılaşmalar gələcək dövrdə birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin formalaşdırır.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Azərbaycan və Türkmənistan arasında Türkmənbaşı şəhərində baş tutan ali səviyyəli görüş, iki qardaş dövlət arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və Xəzər hövzəsində geoiqtisadi reallıqların formalaşdırılmasında həlledici amilə çevrildiyini bir daha nümayiş etdirir.

Deputatın sözlərinə görə, son illərdə intensivləşən siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlər yalnız ikitərəfli münasibətlərin dinamikasını artırmır, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionlarını vahid geoiqtisadi məkana çevirən körpü rolu oynayır. Bu çərçivədə nəqliyyat, tranzit, logistika və Xəzər dənizində birgə fəaliyyət istiqamətləri Azərbaycan üçün həm iqtisadi, həm də strateji nöqteyi-nəzərdən əvəzsiz imkanlar pəncərəsi açır. 

Kamran Bayramov qeyd edib ki, Türkmənistanın zəngin karbohidrogen ehtiyatları və əlverişli coğrafi mövqeyi ilə Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu və Avropa ilə Asiya arasında birləşdirici qovşaq statusu enerji təşkil edərək multimodal daşımaların həcmini dəfələrlə artırmağa imkan verir:

“Bu əməkdaşlıq xüsusilə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (Orta Dəhliz) buraxılış qabiliyyətinin genişləndirilməsi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında inteqrasiyanın dərinləşdirilməsi fonunda Azərbaycanın regional tranzit habı kimi mövqeyini daha da möhkəmləndirir”.

Deputat eyni zamanda vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyadan irəli gələn prinsiplərə uyğun olaraq dənizdə təhlükəsizliyin təmin edilməsi, ekoloji tarazlığın qorunması və enerji resurslarının birgə nəqli konsepsiyasının reallaşdırılması Bakı və Aşqabadın qlobal enerji təhlükəsizliyindəki rolunu artırır:

“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Türkmənistan vasitəsilə Mərkəzi Asiyanın digər bazarlarına çıxış əldə edir, Türkmənistan isə Azərbaycanın logistik imkanlarından istifadə edərək öz yüklərini Türkiyə və Avropa bazarlarına operativ və təhlükəsiz şəkildə çatdırmaq imkanı qazanır. Bu iqtisadi və logistik zəncir Azərbaycanın qeyri-neft sektorunun inkişafına, tranzit gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına və investisiya cəlbediciliyinin yüksəlməsinə birbaşa töhfə verir”.

“Yüksək səviyyəli siyasi iradəyə söykənən bu çoxşaxəli qarşılıqlı fəaliyyət beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında vahid mövqedən çıxış etmək imkanlarını genişləndirir, nəticədə Xəzəryanı regionun sülh, sabitlik və dayanıqlı inkişaf zonasına çevrilməsində Azərbaycanın aparıcı aktor statusunu şərtləndirir”,- deyə sonda deputat əlavə edib. 

Çimnaz Telmanqızı