Qaynar xətt:

(+99450) 247 90 86

Rövşən Muradov: “Azərbaycan Mərkəzi Asiyada strateji mövqeyini gücləndirir”

Rövşən Muradov: “Azərbaycan Mərkəzi Asiyada strateji mövqeyini gücləndirir”

SİYASƏT

86

09.10.2026, 10:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı ölkəmizin xarici siyasətində strateji əhəmiyyəti davamlı yüksələn istiqamətlərdən birinə çevrilmişdir. Tarixi-mədəni yaxınlıq, ortaq iqtisadi maraqlar və regional təhlükəsizlik prioritetləri üzərində formalaşan bu münasibətlər Prezident İlham Əliyevin ardıcıl diplomatik fəaliyyəti nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a açıqlamasında bildirib. 

Deputatın sözlərinə görə, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi isə Xəzərin hər iki sahilində yerləşən dövlətlər arasında siyasi koordinasiyanın və iqtisadi inteqrasiyanın institusional əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.Bu baxımdan 2026-cı il Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin inkişaf dinamikası ilə xüsusilə fərqlənir. Prezident İlham Əliyevin may ayında Qazaxıstana, iyul və avqust aylarında Qırğızıstana, avqustda Özbəkistana, oktyabrda isə Türkmənistana səfərləri dövlətlərarası siyasi dialoqun intensivliyini və regional əməkdaşlığın sistemli xarakterini nümayiş etdirir. Qazaxıstanda Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak, Özbəkistanla Ali Dövlətlərarası Şuranın üçüncü iclası, Qırğızıstanla müttəfiqlik münasibətlərinin müqavilə əsasında möhkəmləndirilməsi və Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü qarşılıqlı əlaqələrin ikitərəfli tərəfdaşlıqdan çoxtərəfli strateji əməkdaşlığa doğru inkişafını əks etdirir.

Millət vəkili vurğulayıb ki, Münasibətlərin mühüm xüsusiyyətlərindən biri iqtisadi əməkdaşlığın siyasi etimadla paralel genişlənməsidir. Ötən il Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi regional iqtisadi inteqrasiyanın real göstəriciləridir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış, hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edən birgə investisiya fondları isə sənaye kooperasiyasının dərinləşdirilməsi, istehsalın şaxələndirilməsi və ortaq ixrac potensialının artırılması üçün mühüm maliyyə imkanları formalaşdırır. Bu əməkdaşlığın perspektiv səmərəliliyi məhz qarşılıqlı investisiyaların yüksək əlavə dəyər yaradan istehsal sahələrinə istiqamətləndirilməsi ilə müəyyənləşəcəkdir.Azərbaycanın coğrafi mövqeyi və son illərdə formalaşdırdığı müasir nəqliyyat infrastrukturu Mərkəzi Asiya dövlətlərinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz üzrə tranzit yükdaşımalarının ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artması bu istiqamətdə həyata keçirilən siyasətin praktik nəticələrini göstərir. Xəzər hövzəsində liman, dəmir yolu və logistika imkanlarının əlaqələndirilməsi, paralel olaraq “Rəqəmsal İpək Yolu” layihəsinin inkişafı regionun qlobal ticarət və kommunikasiya sisteminə inteqrasiyasını sürətləndirir.

R. Muradov əlavə edib ki, Energetika sahəsində əməkdaşlıq da yeni iqtisadi perspektivlər yaradır. Qazaxıstan və Türkmənistan neftinin Azərbaycan üzərindən beynəlxalq bazarlara nəqli, Özbəkistan və Qazaxıstanla birgə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər ölkəmizin regional enerji təhlükəsizliyində strateji rolunu gücləndirir. Bununla yanaşı, Özbəkistanın Füzulidə, Qazaxıstanın Füzulidə, Qırğızıstanın Ağdamda həyata keçirdiyi sosial infrastruktur layihələri və Türkmənistanın Füzulidə məscid tikintisi təşəbbüsü xalqlarımız arasındakı mənəvi bağlılığın əməli ifadəsidir.Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü və dövlət başçıları tərəfindən imzalanan sənədlər bütün bu proseslərin siyasi davamlılığını möhkəmləndirən mühüm mərhələ kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin regional siyasətinin başlıca strateji nəticəsi Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıqda etibarlı siyasi tərəfdaş, mühüm investisiya və logistika mərkəzi, eyni zamanda Avrasiyanın iqtisadi inteqrasiya proseslərində fəal iştirak edən dövlət kimi mövqeyinin güclənməsidir. Bu inkişaf xətti qarşıdakı dövrdə regional sabitliyin, ortaq iqtisadi rifahın və uzunmüddətli strateji tərəfdaşlığın möhkəmlənməsi üçün əlverişli zəmin formalaşdırır.