Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-Türkmənistan əməkdaşlığı: Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq 

Azərbaycan-Türkmənistan əməkdaşlığı: Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq 

SİYASƏT

57

08.10.2026, 12:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.

Qeyd olunan tədbirlər çərçivəsində bir sıra vacib sənədlərin, o cümlədən Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyannamənin imzalanması planlaşdırılır. Səfər çərçivəsində Prezident İlham Əliyev həmçinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə ikitərəfli görüş keçirəcək.

Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Bu əlaqələrin genişləndirilməsi də Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. Türkmənistan ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi də bu siyasətin tərkib hissəsidir.

Prezident İlham Əliyev oktyabrın 8-də Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı da deyib ki, Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir".

Prezident Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb. "Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur", - deyə dövlət başçısı əlavə edib.

Qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlıq

Xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu əlaqələr təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlarda (BMT, İƏT, Qoşulmama Hərəkatı, TDT) qarşılıqlı dəstək və koordinasiya ilə müşayiət olunur. Türkmənistan Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəkləyərək regional və qlobal səviyyədə həmrəylik nümayiş etdirir.

Ölkələrimiz arasında münasibətlərin inkişafı həm tarixi-mədəni yaxınlıq, həm Xəzər dənizində əməkdaşlıq, həm də enerji, nəqliyyat və logistika sahələrində yaranan yeni imkanlar baxımından mühüm istiqamətlərdən biridir.

2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə"yə uyğun olaraq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib.

Azərbaycan Xarici İşlər Nazirliyi də 2026-cı ildə iki ölkə arasında siyasi dialoqun davam etdirildiyini və iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, logistika, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğunu bildirib. İki ölkə arasında indiyədək Azərbaycan və Türkmənistan arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 108 sənəd imzalanıb. Son illərdə həyata keçirilən ali və yüksəksəviyyəli səfərlər və görüşlər, o cümlədən imzalanan vacib sənədlər ikitərəfli dialoqu daha da intensivləşdirib, bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Prezident İlham Əliyev Türkmənistana 2 rəsmi, 5 işgüzar səfər edib.

Önəmli hadisələrdən biri də odur ki, 7 oktyabr 2025-ci ildə Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində digər dövlət və hökumət başçılarının iştirakı ilə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub. Hazırda tikinti işləri davam edir və 2027-ci ilin may ayında yekunlaşması gözlənilir.

Prezident İlham Əliyev 2026-cı ilin iyununda Türkmənistanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi qeyd edib və Füzulidə məscidin tikintisi təşəbbüsünü alqışlayıb.

İki ölkə arasında siyasi dialoqun mühüm göstəricilərindən biri kimi, 2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərini göstərmək olar. Səfərin nəticələri göstərdi ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq yalnız siyasi əlaqələrlə məhdudlaşmır. Tərəflər iqtisadi, enerji, nəqliyyat, gömrük, logistika, humanitar və digər sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımlar atırlar.

Qarşılıqlı faydalı tərəfdaşlıq

Azərbaycanla Türkmənistan arasında siyasi dialoqla yanaşı iqtisadi əməkdaşlıq da inkişaf etdirilməkdədir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 209 milyon dollara yaxın olub. Lakin tərəflər əməkdaşlıq potensialının daha geniş olduğunu qeyd edir və iki ölkə arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiya bu göstəricininn artırılması istiqamətində səylər göstərir.

2025-ci ildə Azərbaycanla Türkmənistan arasında tranzit daşımaların həcmi əvvəlki il ilə müqayisədə 15% artaraq, 2,3 milyon tondan artıq olub. 2026-cı ilin ilk 8 ayında isə bu həcm 2 milyon tonu keçib və əvvəlki dövr ilə müqayisədə 38% artıb.

İki ölkə arasında tərəfdaşlığın vacib istiqamətlərindən biri də Xəzər dənizindəki "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsidir. Bu haqda Anlaşma Memorandumunun 2021-ci ildə imzalanıb.

Xəzər ayırmır - birləşdirir

Azərbaycanla Türkmənistanı birləşdirən əsas coğrafi amillərdən biri Xəzər dənizidir. Xəzər hövzəsi iki ölkə arasında nəqliyyat, enerji və ticarət əlaqələrinin inkişafı üçün mühüm imkanlar yaradır. Bakı limanı, Ələt nəqliyyat qovşağı və inkişaf edən logistika infrastrukturu Türkmənistanın Mərkəzi Asiyanın mühüm nəqliyyat və enerji potensialı ilə birləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu əməkdaşlıq Xəzərin iki sahilində yerləşən ölkələrin Avropa və Asiya bazarlarına çıxış imkanlarını genişləndirə bilər.

Türkmənistanın enerji resurslarının dünya bazarlarına daşınması baxımından Azərbaycanın qardaş ölkə üçün strateji əhəmiyyəti var. Ölkəmizin tranzit imkanları və nəqliyyat infrastrukturunun, xüsusilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin bu prosesdə rolu böyükdür.

Cari ilin iyun ayında Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün tikilmiş 8 min tonluq "Dostlug" neftdaşıyan tankerinin Azərbaycan Prezidenti tərəfindən bu ölkəyə hədiyyə edilməsi isə iki ölkənin Xəzər hövzəsində əməkdaşlığa böyük önəm verdiyini göstərən daha bir amildir.

Beynəlxalq platformalar

Azərbaycan-Türkmənistan münasibətləri ikitərəfli formatla yanaşı, üçtərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində də inkişaf edir. Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının formalaşması bu baxımdan diqqət çəkir. 2023-cü ildə Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının ilk üçtərəfli Zirvə Görüşünün keçirilməsi regional əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə olub.

Azərbaycan və Türkmənistan həmçinin BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq və regional platformalarda əməkdaşlıq edirlər. Azərbaycan–Türkmənistan münasibətlərinin hazırkı inkişaf dinamikası göstərir ki, əməkdaşlığın qarşıdakı illərdə daha çox praktiki layihələrlə zənginləşdirilməsi üçün imkanlar mövcuddur.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2026-cı ilin sentyabrında Türkmənistanın müstəqilliyinin 35 illiyi münasibətilə ünvanladığı təbrikdə də iki ölkə arasında münasibətlərin tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə və mehriban qonşuluğa əsaslandığı vurğulanıb. Azərbaycan Prezidenti əməkdaşlığın ticarət, iqtisadiyyat, enerji, nəqliyyat-logistika, mədəniyyət və humanitar sahələrdə daha da dərinləşdirilməsi üçün əlverişli əsasların olduğunu qeyd edib.

Beləliklə, Türkmənistanla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqamətinin mühüm tərkib hissəsi kimi çıxış edir. Bakı-Aşqabad əlaqələrinin siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar ölçülərinin paralel şəkildə inkişaf etdirilməsi iki ölkə arasında tərəfdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Bu baxımdan, Azərbaycan-Türkmənistan münasibətlərinin daha da dərinləşdirilməsi həm ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə, həm Xəzər regionunda əməkdaşlığın güclənməsinə, həm də Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat və iqtisadi bağlantıların inkişafına töhfə verə bilər.